Yeni əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edir
Sosial həyat

Yeni əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edir

Prezident İlham Əliyevin imzaladığı yeni iki sərəncam ölkəmizdə təhsil işçilərinin sosial müdafiəsinə diqqət və qayğı göstərilməsinin növbəti təzahürüdür.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, sərəncamlarla 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40 faiz artırılır.

Həmçinin 2022-ci il yanvarın 1-dən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40 faiz, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30 faiz artırılır.

Təhsil müəssisələrində çalışanların əməkhaqqı artımı 165 min təhsil işçisinə şamil olunmaqla, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Artımların edilməsi məqsədlə dövlət büdcəsində 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub.

2022-ci ilin sosial islahatları dövlət başçısının "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" 2021-ci il oktyabrın 16-da imzaladığı Sərəncama əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək həmin islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək.

AZƏRTAC