Yaz əkini və qayğılar
İQTİSADİYYAT

Yaz əkini və qayğılar

Artıq Aran rayonlarında yaz əkininə başlanıb və kənd əməkçilərinin qayğıları artıb. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Sabirabadda əkin sahələrinin suvarılması rayonun suvarma sistemləri idarəsi tərəfindən həyata keçirilir.

67210 hektardan artıq suvarılan əkin sahəsinə xidmət edən idarə fermerlərin suya olan tələbatını vaxtında təmin etmək üçün müvafiq tədbirlər görür. Hazırda əkin suvarma mövsümü olmasını nəzərə alan melioratorlar tarlalara vaxtında su verilməsinə çalışır. Artıq idarənin balansında olan 40 min hektardan çox əkin sahəsinin suvarılması təmin edilib. Bura həm taxıl, həm də yonca sahələri daxildir. Eləcə də pambıq və bostan bitkilərinin əkiləcəyi sahələrin də arata qoyulması vaxtında təmin olunur.

Bundan başqa, Sabirabad Suvarma Sistemləri İdarəsi tərəfindən mövcud su qıtlığı dövründə itkinin qarşısını almaq və suvarma suyunu istifadəçilərə çatdırmaq üçün torpaq kanalların beton kanallarla əvəz edilməsi istiqamətində xeyli işlər görülüb. Bu istiqamətdə həm ötən, həm də bu il bir neçə layihə icra olunub. Bu işlər gələcəkdə də davam etdiriləcək. Sabirabad rayonunda əsas su mənbələrindən birincisi Kür çayıdır. Kür çayından sahələrə su mexaniki üsul ilə ötürülür. Hazırda Kürdə suyun səviyyəsinin aşağı olması nəzərə alınaraq əlavə suötürücü nasos stansiyaları quraşdırılır. Həmin nasos stansiyaları vasitəsilə əkin sahələrinin su təminatı daha da yaxşılaşdırılacaq.

Qeyd edək ki, Sabirabad ölkənin ən böyük kənd təsərrüfatı rayonlarından biridir və rayon suvarma sistemləri idarəsinin balansında 2 min 310 km-dən artıq uzunluğunda suvarma kanalı, 3 min 45 km uzunluğunda kollektor-drenaj şəbəkəsi mövcuddur. 2021-ci ildə idarə tərəfindən 1161 km suvarma kanalı, 434 km kollektor-drenaj şəbəkəsi lildən təmizlənilib.

***

Füzuli rayonunda əkin sahələrininin suvarma suyu ilə təminatı, o cümlədən su itkisinin minimuma endirilməsi istiqamətində mütəmadi işlər davam edir. Bu məqsədlə Füzuli Suvarma Sistemləri İdarəsi tərəfindən kanallar lildən təmizlənir, beton üzlüyə alınır və yeni nov kanallar çəkilir. Suvarma üçün balansda olan 54 ədəd nasos stansiyadan, 745 kilometr olan suvarma arx və kanallardan istifadə olunur.

Bu il istismar tədbirləri planına uyğun olaraq 324 kilometr kanalın lildən təmizlənməsi planlaşdırılıb, indiyə qədər artıq 68 kilometr hissəsi lildən təmizlənib. Bundan başqa, 626 kilometr uzunluğunda nasos stansiyaların qapalı şəbəkəsində cari təmirə ehtiyacı olan boru kəmərləri və üzərindəki hidrotexniki qurğular təmir olunaraq işlək vəziyyətə gətirilib. Bu il ümumi uzunluğu 261 kilometr olan kollektor-drenaj şəbəkəsindən 40 kilometr hissəsinin də lildən təmizlənməsi nəzərdə tutulub.

Füzuli Suvarma Sistemləri İdarəsi tərəfindən ötən il əsaslı təmir işləri çərçivəsində torpaq məcralı kanallar beton kanallarla əvəzlənib. Bu kanallardan biri də Qurultaydır ki, həmin kanalın 1000 metri ötən il betonlanıb. Növbəti illərdə də həmin kanalın yerdə qalan hissəsi beton üzlüyə alınacaq. Bunun nəticəsində 600 hektar əkin sahələrinin su təminatı yaxşılaşacaq. Bundan başqa, idarənin balansında olan stansiya da əsaslı təmir olunub. Nasos stansiya vasitəsilə 118 hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulub. İdarənin balansında olan 181 subartezian quyusundan suvarma mövsümünün təşkili məqsədilə indiyə kimi 3-ündə cari təmir işləri aparılaraq saz vəziyyətə gətirilib.

Qeyd edək ki, Füzuli də ölkənin böyük potensiala malik kənd təsərrüfatı rayonlarındandır və burada suvarma sistemləri idarəsi 27200 hektar əkin sahələrinin suvarma suyu ilə təmin olunmasına xidmət edir.

Nəriman CAVADOV,

"Respublika".