Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı ilə görüşüb
SİYASƏT

Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı ilə görüşüb

Noyabrın 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İƏT Xarici İşlər Nazirləri Şurasının Aşqabadda keçirilən iclası çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər cari il BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Nyu-Yorkda baş tutan görüşləri, habelə çoxsaylı telefon danışıqları zamanı əldə olunan razılaşmaların icrası istiqamətində aparılan konstruktiv işləri alqışlayıblar.

Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrlərinin cari il noyabrın 21-də Tehranda keçirilən görüşündən məmnunluq ifadə edilib.

Nazirlər, həmçinin bölgədəki cari vəziyyət, o cümlədən üç ölkə liderinin Soçi görüşü və 26 noyabr tarixində imzalanmış Bəyanat, ümumilikdə üçtərəfli bəyanatların icrası məsələləri, eləcə də bölgədə 3+3 formatında əməkdaşlıq platformasının vacibliyi ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin digər mühüm regional məsələlər, o cümlədən Əfqanıstanda vəziyyət və onun ölkədaxili və ətraf bölgəyə təsiri, eyni zamanda, İranın nüvə proqramı və bu xüsusda Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə Vyanada aparılan danışıqlar ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə nazirlər iki ölkənin beynəlxalq təşkilatları çərçivəsində əməkdaşlığı və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

AZƏRTAC