Xaçmaz şəhərində “Zəfər parkı”
Sosial həyat

Xaçmaz şəhərində “Zəfər parkı”

Vətən müharibəsində ordumuzun möhtəşəm qələbəsi xalqımızın işləmək, qurub-yaratmaq əzmini birə-ikiqat artırmışdır. Hər yerdə geniş abadlıq-quruculuq işləri gedir. Şəhər və kəndlərimiz geniş tikinti meydançasını xatırladır.

Xaçmaz şəhərində də son vaxtlar abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Vaxtilə baxımsız qalmış, şəhərin mərkəzində geniş bir ərazini əhatə edən keçmiş park yenidən qurulur. Yaxın gələcəkdə xaçmazlıların sevimli istirahət yeri olacaq bu park şəhər sakinlərinin təşəbbüsü və arzusu ilə “Zəfər parkı” adlanacaq. Hazırda parkda son tamamlama işləri gedir.

Bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi Emin Ağayev deyir: Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, eləcə də sakinlərin mənalı istirahətini təmin etmək məqsədilə şəhərimizdə “Zəfər parkı” inşa edilir.

Şəhərimizdəki Heydər Əliyev prospektində inşa edilən “Zəfər parkı” 4 hektar ərazini əhatə edir. İstirahət mərkəzi müasir layihə əsasında inşa edilir. Parkda şanlı qələbəmizi özündə əks etdirən Zəfər muzeyi və internet kitabxana yaradılır. Bundan başqa, ərazidə süni göl, fontan, müxtəlif ictimai iaşə obyektləri fəaliyyət göstərəcək. Parkda müxtəlif idman qurğuları, velosiped zolağı, uşaqların əyləncəsi üçün açıq havada müxtəlif tədbirlərin təşkili məqsədi ilə səhnə də yaradılacaq. İşıq dirəkləri basdırılır, yerə tamet döşənir, ətraf ərazilər yaşıllaşdırılır. Ümumilikdə istirahət məkanında 11 min kvadratmetr ərazi tamet, 15 min kvadratmetr sahə isə yaşıllıq zonası olacaq.

Onu da qeyd edim ki, rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev tikinti meydançasında tez-tez olur, parkın müasir tələblər səviyyəsində inşası istiqamətində müvafiq tapşırıqlarını verir. Sakinlər yeni parkın istifadəyə veriləcəyi günü səbirsizliklə gözləyirlər.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.