Xaçınçayın sahilində kənd salınır
Region

Xaçınçayın sahilində kənd salınır

Respublikamızda səmərəli sosial-iqtisadi siyasət və iqtisadi islahatlar ardıcıllıqla həyata keçirilir. Məhz uğurların davamlı və sabit olması xalqımızı 2020-ci ildə ən çətin sınaqdan üzüağ çıxardı. Erməni faşistlərin vurduğu yaraları sağaltmaq üçün uzun illər lazım olacaq. Ermənistanın işğalı nəticəsində təkcə Qarabağda 7 min istehsal müəssisəsi məhv edilib. Halbuki həmin müəssisələr Azərbaycanın taxıl istehsalının 24, spirtli içki istehsalının 41, kartof istehsalının 46, ət istehsalının 18 və süd istehsalının 34 faizini təmin edirdi. Əlbəttə, bu rəqəmlər dağıntı və itkilərin miqyasını tam əhatə etmir. On min kvadratkilometr ərazi ermənilər tərəfindən xarabalığa çevrilib, 300 yaşayış məntəqəsi dağıdılıb, münbit torpaqlar səhralığa çevrilib, təbiətə ölçüyə gəlməyən dərəcədə ziyan vurulub, hər tərəf minalarla çirkləndirilib. İnsanlığa sığmayan vəhşiliyin törədildiyi ərazilər addım-addım bərpa edilir, ermənilərin ölü zonaya çevirdikləri yerlər dirçəlir, doğma yurd yerlərinə yeni həyat qayıdır.

Böyük Qayıdış proqramı erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, yurd yerlərinə əhalinin geri qayıdışının təmin edilməsi, insanların rifah səviyyəsinin yüksəldilməsi və son nəticədə bölgənin dayanıqlı inkişafına nail olunmasını əhatə edir. Dövlət Proqramının əsas qayələrindən biri də işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili və həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası və dayanıqlı məskunlaşmanın təmin edilməsidir.

2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisinə başlanılıb, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu yaradılır. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə enerji təsərrüfatının qurulması, doğma yerlərə qayıdan əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən 2026-cı ilədək azad edilən ərazilərdə 34500 mənzil və fərdi yaşayış evi inşa ediləcək. Həmin evlər Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında inşa olunacaq. Artıq Böyük Qayıdışın ləyaqətli həyatı və xoşbəxt gələcəyi vəsf edən işıqları Laçında, Zabuxda, Füzulidə, Ağalıda, Talışda keçmiş məcburi köçkünlərin həyatını nura qərq edir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, 2024-cü il yanvarın 30-dək işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində indiyədək 1360 ailə, 5354 nəfər doğma yurdlarına köçürülüb. Şəhər və kəndlər üzrə siyahıya uyğun olaraq Füzuli şəhərinə 527 ailə (1969 nəfər), Laçın şəhərinə 431 ailə (1627 nəfər), Ağalı kəndinə 175 ailə (871 nəfər), Talış kəndinə 20 ailə (90 nəfər), Zabux kəndinə isə 207 ailə (797 nəfər) qayıdıb.

Qeyd edək ki, Qarabağ iqtisadi zonasının inkişafı və quruculuq işlərinin aparılması üçün 5 prioritet istiqamət müəyyən edilib və bu layihələrin 2030-cu ilə qədər başa çatdırılması nəzərdə tutulur. İşğaldan azad olunmasından üç ildən artıq vaxt keçməsinə baxmayaraq, düşmənin Ağdamda törətdiyi xarabalıqların yerində müasir binaların ucaldılması firavan və xoşbəxt gələcəkdən xəbər verir, yeni və rahat yollar keçmiş məcburi köçkünlərin Böyük Qayıdışında müstəsna əhəmiyyət daşıyır.

"Qafqazın Xirosiması" kimi tanınan Ağdam şəhərsalmanın yeni modelinin tətbiq edilməsi nəticəsində regionun ən gözəl şəhərlərindən birinə çevriləcək. Bu amalla Ağdamda çox böyük və müasir infrastruktur qurulur, yaşayış binaları inşa olunur, məktəblər, xəstəxanalar və digər xidmət obyektləri tikilir. Düşmənin viran qoyduğu, altını üstünə çevirdiyi Ağdam dünyada sülh, əmin-amanlıq şəhəri kimi tanınacaq. Doğma yurdlarından 30 il ayrı qalmış insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin edilir. Ağdam şəhəri ilə yanaşı, üç kəndin tikintisi də sürətlə aparılır. Onlardan biri də Salahlı Kəngərli kəndidir. Kənd Xaçınçayın sol sahilində, Ağdam şəhərindən 17 km şimalda Qarabağ düzündə yerləşir. Tarixi mənbələrə görə, Salahlı Kəngərli kəndinin əhalisi türk tayfalarının salahlı tirəsindəndir və kəndin adı da bunu ifadə edir. Vaxtilə Ağdam rayonunda beş Kəngərli kəndi olub. Hazırda - Salahlı, Qızıllı və Pirhəsənli Kəngərli adlı üç kənd mövcuddur.

1930-cu ilə qədər Salahlı Kəngərli kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub. Kənd 1993-cü il iyunun 26-da Ermənistan ordusu tərəfindən işğal olunub və 20 noyabr 2020-ci ildə müzəffər silahlı qüvvələrimiz tərəfindən işğaldan azad edilib. Kəndin təməli ötən il dekabr ayının 24-də qoyulub. Salahlı Kəngərli kəndi tarixi ənənələri qorunmaqla müasir üslubda inşa edilir. Ərazisi 178 hektara yaxın olan kənddə ümumilikdə 418 fərdi ev tikiləcək və 1376 nəfərin məskunlaşması nəzərdə tutulub. İlkin mərhələdə 150 fərdi yaşayış evi inşa olunur. 480 yerlik məktəb və 80 yerlik uşaq bağçası da tikiləcək. Yeni salınacaq kənddə iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə müxtəlif layihələr də icra ediləcək. Yaşayış məntəqəsinin elektrik enerjisinə tələbatı isə alternativ enerjidən istifadə olunmaqla ödəniləcək. 66 yaşlı kənd sakini Nofəl Əliyev deyir ki, işğaldan əvvəl kəndimiz yamyaşıl meşə kimi idi, hər tərəf göz oxşayırdı. Qoz bağı vardı, ermənilər doğrayıb aparıblar, heç kötükləri də qalmayıb. Kəndin digər sakini Əbdül Quliyev uzun illər məktəbdə müəllim işləyib. Deyir ki, bir vaxtlar dərs dediyim şagirdlərin çoxu müharibədə şəhid olub. Onların arasında Milli Qəhrəman İxtiyar Qasımov da var. Çox böyük fədakarlıq hesabına, qəhrəman oğullarımızın şücaəti ilə torpaqlarımız azad olundu. Mən hər gün fikirləşirəm və sevinirəm ki, kəndimizə qayıdacağıq. Uzun illərdən sonra kəndimizin sakinləri ilə görüşəcəyik. Qeyd edək ki, Salahlı Kəngərli kəndində məktəb, uşaq bağçası ilə yanaşı, digər sosial obyektlər də inşa olunacaq. Ümumiyyətlə, burada məskunlaşacaq əhalinin rahat yaşaması üçün zəruri olan bütün infrastruktur qurulacaq.

Salman ALIOĞLU,

"Respublika".