Vətənpərvərlik zirvəsi
Digər xəbərlər

Vətənpərvərlik zirvəsi

"Musa, arada anaya səs at, oğlum, səndən ötrü narahatam".

- Salamatçılıqdır, ana, yaxşıyam. Heç nədən narahat olma, hər şey yaxşıdır. Ana, sən mənim də, qardaşımın da başımızın tacısan. Özündən muğayat ol". Bu, Vətən müharibəsi şəhidi Musa Əsgərovun anası ilə son səs yazışmasıdır.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər xalqımızın yaddaşında sonsuz fəxarət və qürur hisslərilə əbədi yaşayacaqdır. Doğma Qarabağımızı işğaldan azad edərək otuzillik yurd həsrətinə son qoyan cəsur zabit və əsgərlərimiz canları və qanları bahasına yeni tariximizin şanlı səhifələrini yazdılar. Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizdən, Vətən torpağının işğaldan qurtarılmasında canından keçən minlərlə igidimizdən biri də əfsanəvi Xüsusi Təyinatlı Qüvvələrin leytenantı şəhid Musa Əsgərovdur.

Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsi şəhidi Musa Əlifağa oğlu Əsgərov 1997-ci il fevralın 17-də Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. Musa körpə yaşlarından böyük qardaşı ilə anasının himayəsində böyüyüb. Anası Sevda Əsgərova oğullarının vətənpərvər, təhsilli böyüməsi üçün əlindən gələni əsirgəməyib. 2003-2011-ci illərdə N.Məmmədov adına Sabirabad kənd tam orta məktəbində, 2011-2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali təhsil alıb. 2018-ci ildə akademiyanı fərqlənmə ilə bitirən gənc leytenant XTQ-nin tərkibində hərbi xidmətə düşmənə ən yaxın mövqelərdən - Qazaxdan başlayıb. 2020-ci il sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarında Musa düşmənin kabusuna çevrilib. Murovdağ yüksəkliyi istiqamətində düşmənin 30 il müddətində qurduğu onlarla pusqu və maneələri dağıdaraq hədəfə yaxınlaşıb.

Musa Vətən müharibəsində Murovdağ, həmçinin Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərə qatılıb. "Paşam" ləqəbli baş leytenant Musa Əsgərov sentyabrın 28-də Cəbrayıl rayonu Cəfərabad kəndində kəşfiyyatda olarkən düşmən tərəfindən pusquya düşürülərək şəhid olub, onun nəşi 4 gün düşmənin nəzarət etdiyi ərazidə qalıb. 2 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Cəbrayıl uğrunda apardığı döyüşlər zamanı onun nəşi döyüş meydanından götürülərək ailəsinə təhvil verilib.

Şəhidin anası Sevda Əsgərova: "Müharibə başlayandan hər dəfə qapımızda avtomobil dayananda ürəyim düşürdü, özümdə bir narahatçılıq vardı. Torpaqlarımız işğalçılardan təmizləndi, indi rahatam. Oğlum şəhid olub, mən də şəhid anasıyam. Onunla qürur duyuram".

Hərbi müəllimi Möhübbət Əhmədov: "Yeddinci sinifdən Musaya dərs demişəm. Musa demək olar ki, məktəbin bütün yarışlarında iştirak edirdi. Həm gücünə, həm bacarığına görə bütün yoldaşlarından seçilirdi. Məktəbimizdə gələcəyin poladiradəli, döyüşkən komandiri böyüyürdü. Musa baş leytenant rütbəsinə kimi yüksəldi. Qürur hissi keçirirəm ki, mənim şagirdim bu zirvəyə yüksəldi. Allah rəhmət eləsin". Onun şəhadətə qovuşmasından bir həftə sonra dünyaya göz açan qardaşı oğlu şəhid Musanın adını daşıyır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Musa Əsgərov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", "Kəlbəcərin azad olunmasına görə, "Cəbrayılın azad olunmasına görə"medalları ilə təltif edilib.

Bu gün qəhrəman şəhidimizlə təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur. Odur ki, Azərbaycan xalqı şəhidlərini daim dərin hörmət və ehtiramla yad edir. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, dövlətimizin suverenliyi və xoşbəxt gələcəyi uğrunda canlarını fəda etmiş Musa kimi qəhrəman oğullarımız müasir gənclik üçün ən gözəl vətənpərvərlik nümunəsi hesab edilir.

Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olunub və hər zaman minnətdarlıqla anılacaqdır.

Ömrünü Vətən yolunda qurban verən Musa qələbəni görməsə də, adını heç zaman unudulmayacaq qəhrəmanlar salnaməsinə yazdırdı. Nə qədər ki canını Vətən uğrunda əsirgəməyən igidlərimiz var Azərbaycan daim yaşayacaq, ucalacaq və qalib gələcək!

 M.MİRZƏ,

 "Respublika".