Fransa Cənubi Qafqazda maraqları naminə Ermənistanı qurban verə bilər
Digər xəbərlər

Fransa Cənubi Qafqazda maraqları naminə Ermənistanı qurban verə bilər

Fransanın Ermənistanı silahlandırmasının regionla bağlı planlarından qaynaqlandığı bəllidir. Məlumdur ki, Fransa Cənubi Qafqazda mövqeyini gücləndirmək istəyir və bunu Ermənistan üzərindən həyata keçirmək niyyətindədir. Çünki rəsmi Parisin keçmiş Qarabağ münaqişəsi dövründə regionda müəyyən bir iştirak payı olsa da, sonradan Fransanın, xüsusən də Makron administrasiyasının bölgədə açıq ermənipərəst siyasət yürütməsi Fransanın regionda təsirini zəiflətdi. Bu səbəbdən 44 günlük müharibədə və ondan sonrakı dövrdə də Fransa bölgədən kənarlaşdırılmış vəziyyətə düşdü. İndi isə Fransa yenidən regiona qayıtmaq istəyir və bunu Ermənistan vasitəsilə əldə etməyə çalışır. Bu silahlandırma da məhz Ermənistanda Rusiyanın yerini tutmağa hesablanmış bir addımdır.

Fransa ilk öncə verdiyi silahların müdafiə xarakterli olduğunu bildirdi. Əslində bəlli idi ki, silahlandırma bununla yekunlaşmayacaq və hücum silahları da veriləcək. Artıq "Sezar" tanklarının verilməsi məsələsi Fransa Senatı tərəfindən gündəmə gətirilib. Bununla yanaşı, Ermənistanın Hindistandan silah alması prosesində də əsas dəstəkçisi elə Fransanın özüdür. Hətta bir çox silahların maliyyə ödənişində də Fransanın iştirak etməsi haqqında məlumatlar var. Bu situasiyada Fransanın məqsədi Ermənistanda Rusiyanın yerini əvəzləməkdir. Lakin bunun üçün müəyyən səbəblər olmalıdır.

Ermənistana KTMT-dən çıxmaq və Rusiyadan uzaqlaşmaq üçün ciddi əsas lazımdır. Bu addım həm erməni ictimai rəyində formalaşmalı, həm də İrəvan bunu legitimləşdirməlidir. Yəni İrəvan Rusiyanı və KTMT üzvlərini fakt qarşısında qoymalıdır. Paşinyan hakimiyyətinin apardığı siyasət də sırf bu istiqamətə köklənib. Artıq bir növ siyasi və ictimai rəyi formalaşdırıblar. Fikrimcə, bölgədə yeni eskalasiyanın olması gözləniləndir. Bu, Ermənistana daha asan şəkildə Rusiyadan, KTMT-dən uzaqlaşma imkanı yaradacaq. Faktiki olaraq Azərbaycanla sərhəddə hər hansı bir təxribat törədilərsə, bu, KTMT-nin Ermənistanı müdafiə etməsi öhdəliyini aktuallaşdıracaq, o cümlədən Rusiyanın Ermənistan tərəfindən çıxış etməsini gündəmə gətirəcək. Lakin bu günə kimi olan hadisələrdə təcrübə göstərir ki, KTMT və Rusiya Ermənistan-Azərbaycan münasibətlərində neytral mövqeyini pozmur və bundan sonra da belə qalacaq. Belə olan halda isə Ermənistan hakimiyyəti KTMT və Rusiyanın onları müdafiə etmədiyindən şikayətlənəcək, dərhal da onu təhlükəsizlik müttəfiqi kimi Fransanın əvəzləməsini irəli sürəcək. Əslində, Avropa İttifaqının müşahidə missiyası altında bölgəyə gəlişi də prosesin bir hissəsidir. Ümumi baxdıqda isə belə bir ssenarinin işə düşməsi də ən çox Ermənistana ziyan olacaq. Amma Fransa üçün bu, o qədər də maraqlı görünmür. Çünki Fransa Cənubi Qafqazda maraqları naminə Ermənistanı qurban verə bilər.

Asif NƏRİMANLI,

politoloq.