Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Mingəçevir şəhər sakini şəhid İbişov Nicat Vasif oğlunun doğum günü məzarı başında qeyd edilib. 44 günlük II Vətən müharibəsinin qəhrəmanı, Mingəçevir şəhər 19 nömrəli tam orta məktəbin məzunu idi. Anım mərasimində Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, ehtiyatda olan zabit Seymur Hidayətov, şəhidin yaxınları və oxuduğu Mingəçevir 19 saylı məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Yaşasaydı, Nicatın 21 yaşı olacaqdı. Orta məktəbi bitirdikdən sonra, 2018-2020-ci illərdə hərbi xidmətdə olub…
Əsgərliyini başa vurduqdan sonra yenə evinə, ailəsinə dönüb və bir neçə aydan sonra səfərbərliyə cəlb olunub, 20 yaşının tamamının bir ayında, 2020-ci ilin sentyabr ayının 27-də isə döyüşə, cəbhəyə yollanıb…Vuruşub, igidliklər göstərib… Oktyabrın 10-da Suqovuşan-Ağdərə istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub. Həmin gün nəşini götürmək mümkün olmayıb, yalnız 15 gündən sonra, oktyabrın 25-də nəşini götürmək mümkün olub və Mingəçevirə, Şəhidlər Xiyabanına gətirilərək, torpağa tapşırılıb…
Ölümündən sonra Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Nicat hələ orta məktəbdə oxuyarkən idmana çox böyük həvəsi vardı. Yarışlarda, idman təlimlərində iştirak edib. Hər yarışlarda birinci-ikinci yerlərə çıxırdı. Evin tək oğlu idi, həmişə dosta-yoldaşa görə canından keçməyə hazır idi. Elə müharibənin odlu-alovlu vaxtında da yaralı yoldaşlarına çox kömək edib. Arzuları böyük idi. Amansız müharibə onların arzularını yarım qoydu. Biz bu müharibəni onların qanı bahasına,hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Nicatın anım gününə toplaşanlar onun vətənpərvərliyindən, igid, fədakar, cəsur bir oğul olmasından danışıblar.
Anım mərasimində şagirdlər, tarix yazaraq şəhidlik zirvəsinə ucalmış vətən oğullarının xatirəsini şeirlərlə yad ediblər. Onlar şəhidin keçdiyi qəhrəmanlıq yolundan, gələcəkdə Nicat kimi mərd,vətənpərvər oğul olacaqlarını bildiriblər. Anım mərasimində çıxış edən Seymur Hidayətov bildirib ki, biz ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq: “Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi”.
Sonra, məktəbin direktor əvəzi Ülviyyə Fətəliyeva bildirib ki, hər bir Azərbaycan vətəndaşı vətəninin qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolunu öyrənməlidir, Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək bizim borcumuzdur.
Qarabağ müharibəsində şəhid olanların məzarları ziyarət olunub, ruhlarına Qurandan ayələr oxunub, dualar edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Zabit XƏLİLOV,
“Respublika”.