Ümummilli liderin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir
Digər xəbərlər

Ümummilli liderin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir

Müasir Azərbaycan dövlətinin banisi, dünyaşöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında tədbir keçirilib. Tədbirdə AHİK-in rəhbər işçiləri, həmçinin üzv və tabe təşkilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ulu öndərin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi missiyalarından söz açaraq onu xilaskar lider adlandırıb. Qeyd edib ki, hələ 1969-cu ildə respublika rəhbəri təyin edilən Heydər Əliyev hakimiyyətinin ilk illərindən etibarən daim öz qayğısını xalqdan əsirgəməmiş, Azərbaycan xalqını, onun maraq və mənafeyini bütün maraqlardan üstün tutmuşdur. Heydər Əliyev hər zaman xalqımızın və dövlətimizin əleyhinə qərar qəbul edilməsinə mane olmuş, mötəbər tribunalardan dəyərli, tutarlı və kəskin fikirləri ilə düşmənləri yerində oturtmuşdur.

S.Möhbalıyev bildirmişdir ki, Azərbaycan həmkarlar ittifaqlarının güclü təşkilat kimi möhkəmlənməsində, onun sıralarının genişlənməsində, vətəndaş cəmiyyətində özünə layiq yer tutmasında ulu öndərin əvəzsiz xidmətləri olmuşdur. O, hələ Sovet İttifaqı dövründə həmkarlar ittifaqlarına daim diqqət və qayğı ilə yanaşır, Azərbaycan həmkarlar ittifaqlarının tədbirlərində, o cümlədən qurultaylarında iştirak edirdi. Ulu öndərin Prezident seçilməsindən cəmi bir il sonra - 1994-cü ildə bilavasitə onun təşəbbüsü və nəzarəti altında həmkarlar ittifaqlarının fəaliyyətini müasir tələblər səviyyəsində tənzimləyən və beynəlxalq həmkarlar ittifaqı təcrübəsinə tam əsaslanan "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bütün bunlar Heydər Əliyevin həmkarlar ittifaqlarına göstərdiyi dövlət qayğısının nümunəsidir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi bizi daha böyük qələbələrə doğru aparacaq və Azərbaycan həmkarlar ittifaqları da bu sarsılmaz birlik naminə üzərinə düşən bütün işləri ləyaqətlə yerinə yetirəcək.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi.