“Ulusu” - min bir dərdin dərmanı
Region

“Ulusu” - min bir dərdin dərmanı

Kürdəmir rayonunun Mollakənd kəndi ərazisindən tərkibi mineral maddələrlə zəngin su çıxır. Suyun çıxdığı yerdə “Ulusu” adlanan sanatoriya tikilib. Artıq 30 ilə yaxındır ki, insanlar bu sanatoriyaya gəlib mineral maddələrlə zəngin sudan şəfa tapırlar.

Hər şeydən, əvvəl “Ulusu”yun tarixinə ekskurs edək. 1969-cu ildə Carlı Kəşfiyyat Qazma İdarəsinin kollektivi bu əraziyə gəldi. Məqsəd kəşfiyyat aparıb neft yataqları aşkar etmək idi. Qazma işlərinə başlanıldı. Qazma zamanı yatağın 7 min dərinlikdə olması nəzərdə tutulurdu. Lakin quyu 3.500 metr qazıldıqdan sonra burada su fontan vurdu. Qısa analizdən sonra müəyyən olundu ki, su-yer səthində temperaturu 97 istilik dərəcəsində olan müalicə əhəmiyyətli termal sudur. Mollakənd sakinləri suyun çıxdığı ərazini kəşfiyyat quyusunun adı ilə “Yeddi minlik” adlandırdılar. Alimlər tədqiqat işinə başladılar. Aydın oldu ki, suyun tərkibi Truskaves və Kislovodsk şəhərlərindən çıxan suyun tərkibi ilə eynidir.

1993-cü ildə kürdəmirli həkim Heybət Mehdiyev öz vəsaiti ilə burada ikimərtəbəli müalicə ocağı yaratdı. Təxminən bir neçə yüz metr uzaqdan gətirilən suyun istiliyi borularda fəsadlar yaradır, qəzalar və itkilər baş verirdi. Buna baxmayaraq, Heybət Mehdiyev müalicə ocağına həkim və digər tibbi personal cəlb edə bilmişdi. Oynaq, hərəkət orqanları, revmatizm, dəri və digər xəstəliklərdən əziyyət çəkənlər burada müalicə olunub şəfa tapırdılar. Xəstələrə kənd yeməkləri verilir, hələlik primitiv görünüşlü palatalarda təmizliyə, gigiyena qaydalarına riayət olunurdu. 2000-ci illərin əvvəlindən  ölkə iqtisadiyyatında baş verən dinamik inkişaf bu şəfa ocağından da yan keçmədi. Sanatoriyanın adı obrazlı şəkildə “Ulusu” adlandırıldı. Respublika əhəmiyyətli sanatoriya statusu aldı. Bir-birinin yanında müasir görkəmli, abad korpuslar tikildi. Masaj, vanna otaqları, digər müalicə guşələri xəstələrin ixtiyarına verildi. İndi bura göndərişlə respublikamızın müxtəlif guşələrindən insanlar gəlir. Yerin dərinliklərindən isti halda çıxan  su bir sıra xəstəliklərin müalicəsində əvəzedilməz rol oynayır. Bunu 47 yaşlı Sabirabad rayon sakini Şəmil Həsənov da təsdiq edir: “Bu, çox müalicəvi sudur. Əsas qaşınmaya qarşı çox xeyri var".

Şəmil Həsənov 10 gün ərzində bura gələcəyini söyləyir. Deyir ki, həkimə edilən müraciətlərin o qədər də faydası olmur. Amma bu, su ona çox kömək edir.  Su o qədər isti olur ki, ərazidən bir neçə metr kənarda belə, 10 dəqiqədən artıq suda durmaq mümkün deyil. Hacıqabul rayonunun Udulu kənd sakini Əzəmulla Məmmədov artıq bir neçə ildir ki, öz müalicəsini ”Ulusu” sanatoriyasında davam etdirir. Həkim və tibb işçilərindən, sanatoriya korpuslarında sanitariya-gigiyena qaydalarına əməl olunmasından, xəstələrə verilən qidaların keyfiyyətindən razılıq edir.

“Ulusu” sanatoriyasından çıxan müalicə əhəmiyyətli su respublikada “isti yer” adlandırılan Kürdəmir torpağının insanlara bəxş etdiyi əsl möcüzələrdən biridir.

Tofiq HÜSEYN,

“Respublika”.