Türkiyə: Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları Türkiyədə etirazlarla qarşılanıb
Diaspora

Türkiyə: Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları Türkiyədə etirazlarla qarşılanıb

İstanbul

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının dəstəyi ilə İstanbulun Taksim meydanında Azərbaycan Ordusuna dəstək və son zamanlar Ermənistan tərəfindən törədilən təxribatlara etiraz məqsədilə aksiya keçirilib. Tədbirdə QHT-lərin əməkdaşları, ictimaiyyət nümayəndələri, jurnalistlər və soydaşlarımız iştirak ediblər. Aksiya çərçivəsində İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Karakoyunlunun imzası ilə mediaya açıqlama verilib. Yayımlanan açıqlamada deyilir: "Son zamanlar Ermənistanın nümayiş etdirdiyi təcavüzkar siyasətin səbəb olduğu hadisələr Azərbaycan Ordusunun 80 əsgərinin şəhid olması ilə nəticələnib. Ermənistan tərəfi də yüzlərlə itki verib. Hücumların Ermənistan tərəfindən başladıldığı bütün dünya ictimaiyyəti tərəfindən açıq şəkildə bilinir və sərhədyanı bölgələrə mina döşəyən erməni əsgərlərinə qarşı dünya səssizliyini qorumağa davam edir. Bundan əvvəl olduğu kimi, bundan sonra da bu təxribatlara lazımi cavab veriləcək. Belə bir dövrdə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistanda səsləndirdiyi fikirləri və birtərəfli mövqeyi qəbuledilməzdir. Azərbaycan torpaqlarını 28 il işğal altında saxlayan Ermənistan tərəfindən çıxış edən, Avropanın ortasında Azərbaycanın diplomatik nümayəndəliklərinə edilən hücumlara göz yuman, türk millətinə qarşı ikili standart nümayiş etdirənləri şiddətlə qınayırıq. Bölgədə sülh və sabitliyin yeganə yolu Ermənistanın təcavüzkar siyasətindən əl çəkərək əldə olunmuş razılaşmanın şərtlərinə əməl etməsidir".

Aksiyada "Ermənistan, torpaqlarımızı minalamaqdan əl çək!", "Xocalını unutmadıq, unutmayacağıq!", "Azərbaycan sülh, Ermənistan isə müharibə istəyir", "Xocalının qanı qurumadı" kimi plakatlar qaldırılıb, Ordumuza dəstək şüarları səsləndirilib.

Antalya

Antalyada fəaliyyət göstərən Azərbaycan Xalqlar Dostluğu Dərnəyinin təşkilatçılığı ilə Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən təxribatlara etiraz əlaməti olaraq tədbir keçirilib. Mərasimdə mediaya açıqlama verilib.

Dərnəyin İdarə Heyətinin sədri Lalə Həsənovanın imzası ilə yayımlanan açıqlamada deyilir: "2022-ci il sentyabrın 12-də erməni silahlı birləşmələri Azərbaycan-Ermənistan sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatlar törədiblər. Ermənistan silahlı qüvvələri Azərbaycanın nəzarətində olan boş ərazilərə tələ-minalar yerləşdirərək sərhəddəki Azərbaycan əsgərlərinə atəş açıblar.

Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşması üçün irəli sürülən sülh təklifi rəsmi Yerevan tərəfindən qəbul edilsə də, onların bu günədək öhdəliklərə əməl etmədiyi açıq şəkildə görünür.

Azərbaycan Xalqlar Dostluğu Dərnəyi olaraq dünya ictimaiyyətinə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixində qəbul etdiyi 822 saylı qərarında erməni işğalçı qüvvələrdən başda Kəlbəcər bölgəsi olmaqla Dağlıq Qarabağdan dərhal geri çəkilmələrinin tələb olunduğunu xatırladır, 44 günlük müharibədən sonra Ermənistanın törətdiyi təxribatların normallaşma və sülh prosesinə tamamilə zidd olduğunu vurğulayırıq.

Bir daha bütün beynəlxalq qurumlara səslənərək dünya ictimaiyyətindən bu cür vəziyyətlərin yenidən təkrarlanmaması üçün beynəlxalq hüquq normalarına uyğun, təsirli addımlar atılmasını və eyni zamanda, Ermənistan tərəfini sülhə dəvət etmək səylərini artırmasını, Ermənistanı bu cür təxribatlara son verməyə çağırmasını tələb edirik".

Tədbirə siyasi partiyaların Antalyadakı təşkilatlarının sədrləri, təmsilçiləri, bölgənin icra hakimiyyətinin əməkdaşları, yerli və xarici QHT-lərin təmsilçiləri qatılıblar.

Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı mərasimdə "Qarabağ Azərbaycandır", "Dönməz geri türkün əsgəri", "Dövlətimin yanındayam" və s. şüarlar, eləcə də milli ruhda musiqilər səsləndirilib.

Eskişəhər

Eskişəhər vilayətində yaşayan soydaşlarımız Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatları pisləyərək işğalçı ölkəni sülh sazişinə çağırış ilə əlaqədar aksiya keçirib. Soydaşlarımız "Ulus Anıtı" meydanında toplaşaraq dövlətimizlə həmrəylik və birlik nümayiş etdirib, dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı haqlı etirazlarını bildiriblər.

Aksiyanın sonunda Eskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın mətbuata açıqlama verib. Açıqlamada Ermənistanın işğalçılıq siyasətinə etiraz bildirilib, bölgədə davamlı sülh və əmin-amanlıq üçün Ermənistanın imzalanan sazişin şərtlərinə əməl etməsi istiqamətində çağırış səsləndirilib. Bildirilib ki, Eskişehir Azərbaycanlılar Dərnəyi hər zaman başda Azərbaycan dövləti olmaqla, Prezident İlham Əliyev və Azərbaycan əsgərinin yanındadır. Vətən uğrunda canlarından keçən əsgərlərimizi ehtiramla yad edir, türk millətinə başsağlığı veririk.

İğdır

Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası və İğdır Azərbaycan Evi Dərnəyinin birgə təşkilatçılığı ilə Azərbaycan Ordusuna qarşı hərbi təxribatlara etiraz olaraq aksiya keçirilib. Etiraz aksiyasında şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal və başqaları çıxışlarında işğalçı Ermənistanın bölgədə sülhü və sabitliyi təhdid edən əməllərini pisləyiblər. Qeyd olunub ki, təcavüzkar tərəf 44 günlük Vətən müharibəsinin nəticələrini unutmamalıdır. Ermənistan rəhbərliyi bilməlidir ki, Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq.

Sonda aksiya iştirakçıları adından etiraz bəyanatı oxunub.

Esmira Yazkan ASLANOVA,

"Respublika" qəzetinin Türkiyə üzrə müxbiri.