Şakir Salahov
Sosial həyat

Şakir Salahov

1987-ci ilin sonlarından Ermənistan Qarabağın dağlıq hissəsini özünə birləşdirmək məqsədilə Azərbaycana qarşı təcavüzkar fəaliyyətlərə başladı. 1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində silahlı əməliyyatlar və Ermənistanın Azərbaycana qarşı hücumları intensivləşdi. Xocalı bu əməliyyatların birinin hədəfinə çevrildi.

1991-ci ilin oktyabr ayından etibarən bu rayon tam olaraq erməni qüvvələri tərəfindən mühasirəyə alınır. Oktyabrın 30-da rayonla yerüstü əlaqə kəsilir və helikopter yeganə nəqliyyat vasitəsinə çevrilir. Şuşa şəhəri üzərində 40 nəfərin ölümü ilə nəticələnən mülki helikopterin vurulması hadisəsindən sonra bu xidmət də öz fəaliyyətini dayandırır. 1992-ci ilin yanvar ayından etibarən şəhərə elektrik təchizatı tamamilə kəsilir. Xocalı ancaq əhalinin cəsurluğu və müdafiəçilərin qəhrəmanlığı sayəsində yaşayırdı. Həmin vaxt xocalılılar Şakir Salahovun qəhrəmanlığını yaxşı xatırlayır.

Şakir Şamil oğlu Salahov 1966-cı ilin iyun ayının 15-də Xocalı rayonunun Cəmilli kəndində anadan olmuşdur. 1981-ci ildə Cəmilli kənd səkkizillik məktəbini bitirdikdən sonra, təhsilini həmin kənddəki qiyabi orta məktəbdə davam etdirmişdir. 1984-cü ildə Ş.Salahov hərbi xidmətə çağırılmışdır. 1986-cı ildə hərbi xidmətini başa vurub Xankəndi Şəhər Daxili İşlər İdarəsinin mühafizə şöbəsinə işə qəbul edilir. 1990-cı ildə Yuxarı Qarabağda yaşayan azərbaycanlıların təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Daxili İşlər Nazirliyi Cəmilli kəndində polis bölməsi yaradır. Şakir ilk gündən bölmədə fəaliyyətə başlayır.

Dağlıq ərazidə yerləşən Cəmilli kəndi bir tərəfdən sıldırım qayalarla, digər tərəflərdən isə meşə zolağı ilə əhatə olunmuşdur. Cəmilli kəndinin əsas yolu ermənilərin yaşadığı Xənəzək kəndindən keçməklə Xankəndi şəhərinə idi. Bu yol düşmənlərin çəmbərində olduğu üçün Cəmilli sakinlərinin yolu sıldırım qayalardan aşaraq Kosalar kəndinə, oradan isə Şuşaya olmuşdur.

Cəmilli kəndində yaradılmış bölmə, əsasən Kosalar və Cəmilli kəndlərini mühafizə edirdi. Bu kənd Xankəndidən cəmi 3 kilometr aralıda idi. Ş.Salahov ermənilər tərəfindən hücumların qarşısının alınmasında hünər göstərirdi. 1991-ci il fevral ayının 26-da ermənilər üç tərəfdən - Ballıca, Xənəzək və Xankəndi istiqamətlərindən Cəmilli kəndinə güclü hücuma keçdilər. Həmin döyüşdə Şikar neçə-neçə erməni quldurunu məhv etdi. 1991-ci il avqust ayının 23-də erməni quldurları Kosalar - Cəmilli kəndləri arasındakı "Darlı" adlanan yerdə, içərisində 21 nəfər sərnişin olan "UAZ" markalı maşını atəşə tutdular. Nəticədə üç nəfər şəhid oldu.

Cəmilli kəndi işğal olunanda Şakir Kosalar kəndinin müdafiəsinə göndərildi. Bu zaman ermənilərlə döyüşdə Şakir düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edir. 1992-ci ilin yanvar ayının 28-də Ağdam - Şuşa marşrutu ilə uçan vertolyotumuz ermənilər tərəfindən raketlə vurulur. Həlak olanlar içərisində Ş.Salahov da vardı. Xocalının Cəmilli kəndinin işğalından sonra ailəsini Ağdama yerləşdirib təkrar Şuşaya döyüş mövqelərinə dönən cəsur polis əməkdaşı - 25 yaşlı döyüşçü Şakir 5 nəfər döyüşçü dostu ilə birgə Şuşaya uçan vertolyota minib. Amma mənzil başına yetişmək heç birinə müyəssər olmayıb. Vertolyot ermənilər tərəfindən vurularaq yerə salınıb. Hətta bu ağır anlarda belə qəhrəman döyüşçü ölümə təslim olmaq istəməyib və döyüşçü yoldaşları ilə birgə yerə atılaraq müqavimət göstərib. Təəssüf ki, o və ümumən 44 sərnişin həmin an, da şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli Fərmanı ilə ölümündən sonra Salahov Şakir Şamil oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Ş.Salahov Bərdə şəhərində, Şəhidlər xiyabanında dəfn edilmişdir.

Qəhrəmanın qardaşı oğlu, həm də onun adını daşıyan Şakir Yaşar oğlu Salahov əmisinin qəhrəmanlıq yolundan danışarkən bildirib ki, o, öncə Cəmilli könüllü özünümüdafiə batalyonunun üzvü olub, daha sonra Xocalı polisinin Cəmilli kənd bölməsində xidmətini və döyüş yolunu davam etdirib: "Dəfələrlə şücaəti və qəhrəmanlığı ilə soydaşlarını ölümün cəngindən qurtarıb, erməni qatillərini məhv edib. Xüsusilə də Xənəcə-Ballıca istiqamətində ermənilərin qorxulu kabusuna çevrilib. Onun qəhrəmanlığı el-obada dillərə dastandır.

Əmimin ölümündən iki il sonra mən dünyaya gəlmişəm və doğmalarım təsəlli və onun xatirəsinə ehtiram əlaməti olaraq adımı Şakir qoyublar. Bu mənə ikiqat qürur verməklə yanaşı, üzərimə böyük məsuliyyət qoyur".

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Azərbaycan əsgəri torpaqlarımızı mənfur düşmənin işğalından azad etdi, ərazi bütövlüyümüz təmin olundu.

M.MİRZƏ,

"Respublika".