Qüdrətli, mətin Ordumuz döyüş qabiliyyətini gündən-günə artırır
Siyasət

Qüdrətli, mətin Ordumuz döyüş qabiliyyətini gündən-günə artırır

İkinci Qarabağ müharibəsində xalqımız zəngin dövlətçilik və hərb tariximizdə yeni səhifə açdı. Daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi. İşğal olunmuş torpaqlarımız Müzəffər Ordumuzun şücaəti sayəsində qarış-qarış, kənd-kənd azad olundu. Ali Baş Komandanın qətiyyəti, cəsarəti Şanlı Ordumuzun gücünə güc qatdı, döyüş əzmini artırdı. Azərbaycan əsgəri hərb meydanında düşməni məhv etdi.

Güclü ordu dövlətin müstəqilliyinin qazanılmasında və qorunub saxlanılmasında mühüm rol oynayır. 90-cı illərin əvvəllərində milli ordunun yox səviyyəsində olması ərazilərimizin işğalçı Ermənistan tərəfindən zəbt olunmasına gətirib çıxarmışdı. 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə Azərbaycana rəhbərliyə qayıdışından sonra ölkədə ordu quruculuğunda əsaslı dönüş yaranmış, Azərbaycanın iqtisadi potensialı gücləndikcə orduya ayrılan xərclər də artırılmışdı. Azərbaycanın milli ordusunun formalaşdırılması, nizami silahlı qüvvələrin yaradılması daha vacib məsələ kimi qarşıya qoyulmuşdu. Ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlar nəticəsində orduda hərbi nizam-intizam gücləndirilmiş, ordu sıraları genişlənmiş, illər keçdikcə Azərbaycan Ordusu qüdrətlənmiş, mətinləşmişdi.

Ulu öndərin ordu quruculuğu siyasəti Prezident İlham Əliyevin hakimiyyəti dönəmində nəinki uğurla davam etdirilmiş, həm də miqyas və mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoymuşdu. Müasir ordu quruculuğu istiqamətində dövlət rəhbərinin həyata keçirdiyi kompleks tədbirlər, atdığı mühüm addımlar cəmi bir neçə il ərzində Azərbaycan Ordusunu adi, ordudan dünyanın ən qüdrətli orduları sırasına qaldırdı. Maddi-texniki təchizat, silah-sursat, texnika, döyüş qabiliyyətinin yüksəldilməsi baxımından ordumuz güclü ordular sırasına daxil oldu. Bu, İkinci Qarabağ müharibəsində öz təsdiqini tapdı. Bu gün xarici ölkələrin ekspertləri XXI əsrin müharibəsini aparmış Azərbaycan Ordusunun döyüş taktikasını, təcrübəsini öyrənir. Eyni zamanda, dünyada Azərbaycan Ordusunun texniki təchizatına, milli müdafiə sənayemizin istehsal imkanlarına, yerli hərbi təyinatlı məhsullara böyük maraq göstərilir.

Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Milli ordumuzun müasir, ən yeni texnologiyalarla təmin olunması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Hərbi bilik və təcrübələrin artırılması, döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə ən son model döyüş texnologiyaları ilə gücləndirilən Azərbaycan Ordusu həm də yüksək səviyyəli təlimlərdə iştirak edir. Bu baxımdan, Bakıda keçirilmiş "Mustafa Kamal Atatürk - 2021" birgə döyüş atışlı taktiki təlim, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə hər üç ölkənin hərbi qulluqçularının peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verən "Üç qardaş - 2021" beynəlxalq təlim, Naxçıvan Muxtar Respublikasında "Sarsılmaz qardaşlıq-2021" Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlər, Gürcüstanın Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə "Eternity-2021" kompüter dəstəkli, nəzəri və praktiki hissədən ibarət olan komanda-qərargah təlimi, Türkiyə Respublikasında keçirilən "Doğu Akdeniz-2021" çoxmillətli dəniz təlimi, yenə də Türkiyədə təşkil olunan, əsas hədəfləri terrorçuluqla mübarizə, xilasetmə, silah və sursatlardan istifadə olan "Efes-2022" və s. müştərək və birləşmiş təlimlərdə iştirak edən Azərbaycan Ordusu döyüş qabiliyyətini gündən-günə artırır.

Təlimlərlə yanaşı, beynəlxalq müdafiə sənayesi sərgilərinin təşkili də ölkəmizin ordu quruculuğu istiqamətində həyata keçirdiyi xüsusi əhəmiyyətli tədbirlərdir. 2014-cü ildən ölkəmizdə keçirilən "ADEX" Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi milli müdafiə sənayemizin geniş istehsal imkanlarını nümayiş etdirir. Belə ki, "ADEX 2014" sərgisində ölkəmizin müdafiə sənayesi sahəsində 168 adda yerli istehsalı nümayiş etdirilmiş, "ADEX 2016" sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 260 addan çox müdafiə təyinatlı məmulatlar sərgilənmişdir. 2018-ci ilin sentyabr ayında "ADEX-2018" üçüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində dünyanın 29 ölkəsini təmsil edən 224 şirkət iştirak etmişdir.

Regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından ibarət olan, müasir silah və avadanlıqların, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişi üçün geniş imkanlar açan növbəti sərgi bu il sentyabr ayının 6-da baş tutmuşdur. İkinci Qarabağ müharibəsindən sonra ilk dəfə keçirilən "ADEX-2022" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində tarixi qələbəmizdə mühüm rol oynamış ölkəmizin müdafiə gücünün göstəricisi olan müasir silahlar nümayiş olunmuşdur. 208 şirkətin bir araya gəldiyi sərgidə dünyanın 20-dən çox ölkəsindən ümumilikdə 59 nümayəndə heyəti iştirak etmiş, 1000-dən artıq silah-sursat istehsal edən müdafiə sənayesi nazirliklərinin birlik və müəssisələri 179 adda 2 mindən çox silah-sursat və hərbi texnika nümayiş etdirmişlər.

"ADEX-2022"də ölkəmizin istehsalı olan ən son silah və hərbi texnikanın nümayişi, beynəlxalq şirkətlərin sərgidə iştirakı Azərbaycanın dünya ölkələri tərəfindən mühüm strateji tərəfdaş kimi rolunu bir daha təsdiqləyir. Həmçinin, müdafiə sərgisi xarici mütəxəssislər arasında geniş əməkdaşlıq əlaqələrinin qurulmasına və inkişaf etdirilməsinə də vəsilə olacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "ADEX-2022" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına və qonaqlarına ünvanladığı təbrik məktubunda deyilir: "Azərbaycan Respublikası öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına və maddi-texniki bazasının gücləndirilməsinə daim xüsusi önəm verir. Ölkəmiz hərbi-texniki sahədə dünyanın qabaqcıl dövlətləri ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, milli müdafiə sənayesi sahəsində də imkanlarını genişləndirir. Hazırda Azərbaycan aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın 50-dən çox ölkəsinin aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir, ölkəmizin müdafiə sənayesi müəssisələrində istehsal olunan məmulatların həcmi ildən-ilə artır".

İki yüzdən çox şirkətin qatıldığı müasir silah və texnika sərgisində təyyarə və aviasiya sistemləri, dəniz gəmiləri və hərbi dəniz sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, radioelektron sistemləri, C4ISR, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, hərbi geyim və ləvazimatlar, silah və sursat, simulyatorlar və təlim sistemləri, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr təmsil olunmuşdur. Sərginin açıq sahəsində isə hərbi maşınlar, pilotsuz uçuş aparatları, hava hücumuna qarşı sistemlər təqdim edilmişdir. Sentyabrın 6-8-də keçirilən "ADEX-2022" sərgisinin işgüzar proqramında işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi mövzusunda, pilotsuz sistemlərin inkişaf perspektivləri və tətbiq sahələri üzrə, müasir silah sistemləri, sursatlar və onların təyinatı, zirehli döyüş nəqliyyat vasitələrinin müasir döyüş mühitində rolu və s. aktual mövzular üzrə sessiyalar keçirilmişdir.

İkinci Qarabağ müharibəsi xalqımızın mərd oğullarının qəhrəmanlığı və Azərbaycan Ordusunun strateji üstünlüyü, ən müasir silah-sursatla təmin olunması nəticəsində böyük qələbə ilə nəticələndi. Postmüharibə dövründə də ölkəmizin ordu quruculuğu istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Sentyabr ayının əvvəllərində təşkil olunan "ADEX-2022" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində beynəlxalq təşkilatların üzvləri ilə ölkəmizin bu sahəni təmsil edən nümayəndələri arasında ikitərəfli görüşlər gələcəkdə müdafiə sənayesi üzrə əlaqələrinin genişlənməsinə mühüm töhfə verəcək.

Mehparə ƏLİYEVA,

"Respublika".