QƏRBİ AZƏRBAYCANIN CƏNUB-ŞƏRQ QAPISI
Digər xəbərlər

QƏRBİ AZƏRBAYCANIN CƏNUB-ŞƏRQ QAPISI

NÜVƏDİ

Əzəli və əbədi torpaqlarımız yolumuzu gözləyir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olmuş və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə demişdir: "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar... Yəni bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir. Əminəm ki, Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar". Prezident İlham Əliyevin bu unikal çağırışını biz nüvədililər çoxdan səbirsizliklə gözləyirdik. Bu çağırış bütün nüvədililərin sevinc hissini artırdı. Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması ilə bağlı fikirlərini nüvədililər tam dəstəkləyərək bu sənədin dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə həyata keçiriləcək ikinci Böyük Qayıdış Proqramı olacağına inanırlar.

Konsepsiyanın əsas müddəalarının sülhsevər olması və beynəlxalq hüquqa tam cavab verməsi dövlət başçısının nitqində dəqiq və aydın şəkildə ifadə olunub:

"Konsepsiyanın sülhsevər və beynəlxalq hüquq normalarına uyğun gəlməsi bizim istiqamətlərimizi müəyyən edir. Ermənilər Qərbi Azərbaycanda bizə məxsus maddi-mədəniyyət abidələrini, qəbirləri, kəndlərimizi dağıdıb, yer adlarını dəyişib, özlərinə xas saxtakarlıqla azərbaycanlıların izlərini itirməyə cəhd ediblər və bütün bunların bərpasına elmin dəstəyi lazımdır. Təkcə Yasin Azərtürkün müəllifi olduğu "Azərbaycanın tarixi ərazilərindəki yaşayış məntəqələri adlarının erməniləşdirilməsi" adlı kitabda Qərbi Azərbaycanda Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə saxtalaşdırılan bizə məxsus 738 yer adının siyahısı əksini tapıb. Qərbi Azərbaycanda yer adlarının dəyişdirilməsi, izlərinin silinməsi Ermənistan SSR-in dövlət siyasəti olub və müstəqil dövrdə Ermənistan rəhbərliyi bu siyasəti daha qəddar şəkildə icra ediblər. Biz bu sənədlərin hamısını əldə etməliyik".

Qərbi Azərbaycana qayıdışda Zəngəzur dəhlizinin açılması böyük rol oynayacaqdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində dediyi kimi: Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Əlbəttə, bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu, bizim üçün strateji bir layihədir. Tam əminik ki, bu layihənin reallaşması bizim təbii hüququmuzdur. Ondan əlavə, bu layihənin reallaşması, eyni zamanda, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da öz əksini tapıb. Düzdür, orada "Zəngəzur dəhlizi" sözü yoxdur. Çünki "Zəngəzur dəhlizi" terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. İndi Ermənistan bundan boyun qaçırmaq istəyir. Faktiki olaraq, üzərinə götürdüyü öhdəlikləri iki ildən çoxdur ki, yerinə yetirmir. Ancaq bu, bizi dayandırmayacaq. Yəni bizim üçün bu, strateji layihədir və təkcə bizim üçün yox, bir neçə qonşu ölkə üçün və böyük coğrafiya üçün... Əlbəttə ki, Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir. Ona görə mən dedim ki, Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq. Yəni bunu Ermənistanda yenə növbəti təhdid kimi qəbul edirlər, halbuki belə fikrim yox idi. Sadəcə olaraq, bu, qaçılmazdır. Bu, gec-tez olacaq. Əlbəttə, biz istəyirik ki, tez olsun və daha tez olsun".

Qərbi Zəngəzur mahalının cənubunda yerləşən Mığrı bölgəsi Nüvədi kəndi də daxil olmaqla 1849-cu ildə İrəvan quberniyası yaradılarkən quberniyanın tərkibinə daxil edilən Ordubad qəzasına, mərkəzlə məsafə uzaq olduğuna görə bir neçə ildən sonra isə Zəngəzur qəzasına verilmişdir. 1918-ci ilədək Azərbaycanın Gəncə quberniyasının Zəngəzur qəzası mahal olmuşdur. 1918-ci ildə ermənilər Zəngəzurun bir hissəsini, o sırada Mığrını da işğal edərək soydaşlarımızın bir qismini öldürmüş, sağ qalanlar isə əsasən Ordubada və Zəngilana pənah aparmışlar.

Naxçıvanı Azərbaycandan ayıran Qərbi Zəngəzur dəhlizinin təxminən 45 kilometrlik məsafənin 24 kilometri Nüvədi kəndinin payına düşür. Nüvədi kəndi Mığrı rayonunun ərazisinin 40 faizini təşkil edirdi. Cəmi 15 kəndi, 15 min əhalisi olan rayonun 7 min nəfəri azərbaycanlılardan ibarət idi. Nüvədi kəndi ən qədim azərbaycanlı kəndlərindən biri olub, 1991-ci il avqust ayının 8-də ermənilər tərəfindən deportasiya olunan sonuncu kənddir. Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən həmin görüşdəki giriş nitqində demişdir: "Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı. O da azmış kimi, Qarabağda da xalqımıza qarşı cinayət törədildi".

Ulu öndər Heydər Əliyev isə nüvədililərin 1988-1991-ci illərdə torpaqlarının qorunması uğrunda göstərdikləri müqaviməti yüksək qiymətləndirərək: "Nüvədi kəndinin camaatı çox dəyanətli insanlardır", - demişdir.

1920-ci ildə Ermənistanda Sovet hakimiyyəti elan olunduqdan sonra 1918-1919-cu illərdə daşnakların zəbt etdikləri başqa Azərbaycan torpaqları kimi sahəsi 664 kvadratkilometr olan Mığrı ərazisi də nədənsə "qeyd-şərtsiz" Ermənistan ərazisinə daxil edilmişdir. İndi daha aydın başa düşülür ki, bu həm də digər tərəfdən Azərbaycanı Naxçıvandan və Türkiyəni Azərbaycan da daxil olmaqla Orta Asiya türk dövlətlərindən coğrafi nöqteyi-nəzərdən ayırmağa xidmət edən bir siyasət olmuşdur.

Ümummilli lider Heydər Əliyev demişdir: "... XX əsrin 20-ci illərində yeni sovet hakimiyyəti təzə qurulan zaman Qafqazda respublikanın sərhədləri yaranarkən Azərbaycana qarşı ədalətsizlik edilibdir. Azərbaycanın qədim torpaqları olan Zəngəzur mahalı və başqaları Ermənistana verilibdir. Bununla əlaqədar Zəngəzurun Araz çayı sahilində olan, qədim Azərbaycan torpağı olan Mehri rayonu da Ermənistana verilibdir. Beləliklə, böyük Azərbaycan ilə onun ayrılmaz hissəsi olan Naxçıvan arasında coğrafi nöqteyi-nəzərdən müəyyən çətinliklər yaranıbdır".

Atam Əhmədəli Əliyevin "Azərbaycan dilinin Meğri şivəsi" monoqrafiyasına professor Qəzənfər Kazımov yazdığı giriş sözündə deyir: "Meğri" sözünə gəlincə... ermənilərin də dilinə yatan bu söz xalis türk sözüdür. Zəngəzurun qədim kəndlərindən birinin adıdır".

Gəncə quberniyasının Zəngəzur qəzası 1920-ci ildə Ermənistana veriləndən sonra Zəngilan rayonunun sərhədində yerləşən Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Cəbrayıl qəzasına tabe olmuş, Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası fəhlə, kəndli, qızıl ordu və matros deputatları sovetlərinin Mərkəzi Komitəsi Rəyasət Heyətinin 18 fevral 1929-cu il tarixli iclasının qərarı ilə Nüvədi, Ernəzir və Tuğut kəndləri öz torpaqları ilə Azərbaycan SSR-in Cəbrayıl qəzasından Ermənistan SSR-in Mığrı qəzasının inzibati idarə edilməsinə verilmişdir. Həmin sənədə 26 noyabr 1968-ci ildə Azərbaycan KP MK-nın Bürosunda baxılıb, Azərbaycan SSR Ali Sovetinin 7 may 1969-cu il tarixli fərmanı ilə "qanuniləşdirilib", Zəngilan rayonunun tərkibindən çıxarılmışdır.

Nüvədinin adı haqqında müxtəlif fərziyyələr vardır. Onlardan ikisini açıqlamaq istəyirəm. Kəndin bünövrəsini qoyan Kazımlılar onu "Novdeh" yəni, "Yenikənd" və ya "Təzəkənd" (farsca "nov" yeni, təzə, "deh" isə kənd deməkdir) adlandırmışlar. Əhmədəli müəllim isə kəndin ilk adının Nohvadı ("noh" farsca doqquz deməkdir) doqquz vadinin kəsişdiyi ərazidə olduğu üçün Nohvadi adlandırıldığını yazmışdır. Uzun illər həmin sözlər dildən-dilə dəyişərək "Nügədi", "Nüyədi", "Nüvədi" şəklinə düşmüşdür.

Ömrünün böyük bir hissəsini Ermənistanda yaşamış yazıcı, dövlət və ictimai xadim, Tacikistan Respublikasındakı keçmiş səfirimiz Hidayət Orucov şəxsən özünün gördüyü, eşitdiyi və iştirakçısı olduğu ibrətamiz hadisələri, indi erməni nəfəsi ilə üşüyən qədim-qayım ellərimizi, müdrik el ağsaqqallarımızı, həyatı erməni irticasına qarşı mübarizədə keçmiş qəhrəman oğullarımızı vətəndaşlıq qüruru ilə xatırlayır, təsirli publisistik dillə oxucunu şərəfli tarixi keçmişimizi unutmamağa çağırır.  Hidayət müəllimin yazdığı bu "Buradan min atlı keçdi" kitabı sovet senzura filtrasiyasında bir çox vacib detallardan məhrum edilmiş, 1990-cı il nəşrinin dəqiqləşdirilmiş, tamamlanmış, əlavələr edilmiş yeni variantıdır.

Hidayət Orucov bu gün üçün xüsusi əhəmiyyət daşıyan əsərlərində tarixən əzəli türk torpaqları olmuş Qərbi Azərbaycanda (indiki Ermənistan) azərbaycanlı türklərin yaşadığı ictimai-siyasi şərait, ədəbi-bədii mühit, Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının sənət yolu, görkəmli azərbaycanlı ictimai və dövlət xadimlərinin fəaliyyəti, bütövlükdə soydaşlarımızın on illər boyu məkrli erməni siyasətinə qarşı apardıqları mərd və mətin mübarizə qələmə alınmışdır. "Biz o yerlərə qayıdacağıq" - o əsərlərin baş leytmotividir.

Mən hər kəsi bu əsərləri dəfələrlə  oxumağa çağırıram. Bu əsərlərdən ermənilərin və onların başda duranlarının xəyanətkarlığı bir daha özünün iç üzünü göstərir, gənclərimizi gələcək həyatlarında erməni faşistlərinin təxribatlarına uymamağa, həmişə ayıq-sayıq olmağa çağırır.

Birinci və İkinci Dünya müharibəsində iştirak etmiş bir nəfərdən soruşurlar ki, siz deyə bilərsinizmi hər iki müharibədə ən güclü silah nə olub? O, düşünmədən: "Mənim gördüyüm ən güclü silah insan gücüdür", - demişdir. Bunun bariz nümunəsini biz ölkəmizdə 30 ildən artıq bir dövrdə işğal altında qalmış torpaqlarımızın azad olunması uğrunda aparılan 44 günlük Vətən müharibəsində əyani şəkildə gördük. Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşmiş ordumuz, onun arxasında möhkəm dayanmış xalqımız, müstəqillik dövründə böyüyən qürur duyduğumuz Azərbaycan gəncləri müharibəni apardı və qalib gəldi.

Atam Əhmədəli Əliyevin yazdıqlarından: "...1945-ci ildə İrəvanın Lenin meydanından keçəndə Ermənistanın faneldən düzəldilmiş bir xəritəsi diqqəti cəlb edirdi. Xəritənin aşağısında şərti işarələr yazılan yerdə respublikanın böyük şəhəri, böyük rayonu, böyük kəndi ifadələri yazılmışdır. Böyük şəhər ifadəsinin qarşısında İrəvan, böyük rayon ifadəsinin qarşısında Leninakan, böyük kənd ifadəsinin qarşısında isə Nüvədi yazılmışdır". Nüvədi kəndinin ümumi ərazisi 19 min hektar olub, onun 16 min hektarı yararlı torpaq sahəsidir. Nüvədi kəndi hər il dövlətə 1000 ton nar, 500 ton üzüm, 100 ton əncir, 16 ton yun, 90 ton ət, orta hesabla hər gün 2 ton süd verirdi".

Azərbaycan Respublikasının izləri son vaxtlara kimi kəndin möhür və ştamplarında da mühafizə olunub saxlanılırdı. Məktəbin ilk illərinin möhür və ştampında "Azərbaycan Şura Cümhuriyyəti Cəbrayıl qəzası Zəngilan rayonunun Nüvədi kənd ibtidai məktəbi" ünvanı yazılmışdır.

Sovet dövründə Ermənistanda Nüvədi kəndinin alimlər kəndi adlandırırılması heç də təsadüfi deyildir. Nüvədi kəndində fəaliyyət göstərən ilk mədrəsənin əsası 1875-ci ildə kəndin maarifpərvər sakini MirMahmud ağa tərəfindən qoyulmuşdur. Hələ o dövrdə Nüvədinin qabaqcıl düşüncəli insanları kənddə maarifi yüksəltməklə camaatın savadlanması qayğısına qalır, çox çətinliklə də olsa, öz məqsədlərinə nail olurdular.

Nüvədi kəndi ümummilli lider Heydər Əliyevin təbirincə desək, təkcə dəyanətli insanlarıyla deyil, həm də yetişdirdiyi elm adamları ilə də məşhurdur. Nüvədi kənd məktəbini bitirən məzunlardan iki akademik, 9 nəfər elmlər doktoru, yüz nəfərə yaxın elmlər namizədinin yetişməsinin bünövrəsi məhz Nüvədi kəndinin müəllimlərinin vətənpərvərliyi, ciddiliyi, tələbkarlığı və qayğısı nəticəsində qoyulmuşdur.

İkinci Dünya müharibəsində nüvədililər alman faşist işğalçılarına qarşı fədakarlıqla vuruşmuş, 66 nəfəri şəhid vermişdir. Arxa cəbhədə Nüvədi qocaları, qadınları, yeniyetmələri fəal çalışıb cəbhəyə öz köməklərini əsirgəməmişlər.

Birinci və İkinci Qarabağ döyüşlərində Nüvədinin Xaqani Qurbanov, Orxan Hüseynov, Həzrətəli Tahirov, Yanvar Şahməmmədov, Rauf İbadov, Əvəz Rəhimov, Allahverdi Hacıyev, Nizaməddin Mustafayev, Təyyar Tahirov kimi oğulları şəhid olmuşlar.

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində demişdir: "...o vaxt xalqımıza qarşı ədalətsizlik də edilmişdir, çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermişdilər; bu böyük ədalətsizlik idi. Çünki Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi. Ona görə bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda böyük türk dünyası iki yerə bölünürdü. Bu ədalətsizlikdir, bu sağalmayan yaradır. Ancaq mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq..."

ABŞ-ın keçmiş Prezidenti Nikson çıxışlarının birində demişdir ki, hərbə 900 dollar xərcləməkdənsə, Kütləvi İnformasiya Vasitələrinə 1 dollar xərcləmək daha faydalıdır.

Bunun əyani sübutunu İkinci Qarabağ müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyev göstərdi, bütöv bir jurnalistlər ordusunun gördüyü işi təkbaşına gördü, xarici və yerli jurnalistlərə verdiyi müsahibələrində həm siyasi xadim, həm diplomat, həm sərkərdə, həm psixoloq, həm də xalqının cəfakeşi olduğunu bir daha əyani şəkildə göstərdi. Erməni xalqına hər dəfə Prezident İlham Əliyev müraciət edərək bildirir ki, Azərbaycanda minlərlə erməni yaşayır. Onlar bizim vətəndaşlarımızdır. Erməni xalqı ilə bizim işimiz yoxdur. Mən tam əminəm ki, erməni  və Azərbaycan xalqları barışacaqlar. İşğalçı siyasətə son qoyulandan sonra bu xalqlar birgə yaşayacaqlar.

Türkiyənin Xarici İşlər naziri Mövlud Cavuşoğlu da deyir: "Biz sussaq tarix susmaz, tarix sussa həqiqət susmaz!". Artıq geri çəkilmək kiminsə ağlının ucundan belə, keçmir. Necə deyərlər, artıq ox yaydan çıxıb. Bu gün Azərbaycan xalqı sevinc içindədir. Bütün ölkəni o əzm, o yekdillik, o böyük ideal qovuşdurur:  Ancaq irəli!

İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşmasını biz nüvədililər səbirsizliklə gözləyirik.

İsmayıl ƏLİYEV,

Bakı Dövlət Universitetinin kafedra

müdiri, professor.