Şəhər günlərinin təsis olunması dövlət qayğısının təcəssümüdür
Digər xəbərlər

Şəhər günlərinin təsis olunması dövlət qayğısının təcəssümüdür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması ilə bağlı 31 iyul 2023-cü ildə Sərəncam imzalayıb. Sərəncama əsasən hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq:

26 avqust - Laçın şəhəri günü; 4 oktyabr - Cəbrayıl şəhəri günü; 17 oktyabr - Füzuli şəhəri günü; 20 oktyabr - Zəngilan şəhəri günü; 25 oktyabr - Qubadlı şəhəri günü; 8 noyabr - Şuşa şəhəri günü; 20 noyabr - Ağdam şəhəri günü; 25 noyabr - Kəlbəcər şəhəri günü.

Hər insanın həyatında olduğu kimi, şəhərlərin də əlamətdar tarixləri olur. Bu mənada, işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunmasıda olduqca əlamətdardır. 30 ilə yaxın yolumuzu gözləyən düşmən əsarətindəki ərazilərimizin işğaldan azad edildiyi günlərin təsis edilməsindən daha xoş heç nə ola bilməz. Hər bir şəhər gününün öz tarixçəsi var. Bir güllə atılmadan işğaldan azad edilən Laçın, Ağdam, Kəlbəcər kimi...

1923-cü ildə şəhər statusu alan Laçının ilk adı Abdallar olub. 1926-cı ildə adı dəyişdirilərək Laçın olan bu əzəli şəhərimizin tarixi orta əsrlərə qədər gedib çıxır. XIII əsrin əvvəllərində Türkmənistanın cənubunda yaşayan "Laçın" türk tayfaları sonradan indiki Laçın ərazisinə köç etmiş və bu adın təməlini qoymuşlar. Orta dövrlərdən keçən əsrə qədər başımızın üstünü qara bulud tək alan Rus və İran imperiyasının işğalçılıq siyasətindən Laçın şəhəri də öz nəsibini almışdır. Şəhərin gözəçarpan arxitekturası məhv edilmiş, əhalisi zorla köçürülmüşdür. Birinci Qarabağ müharibəsindən əvvəl kənd və ərazi vahidləri, sonralar isə daha dəqiq desək, 1992-ci ilin mayından erməni quldur birləşmələri tərəfindən şəhər özü işğal altına düşüb. 28 il düşmən əsarətində qalan bu cənnətməkan Prezident İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata uyğun olaraq avqustun 26-da azad edilib.

Təcavüzkar Ermənistanın işğalda saxladığı rayonlarımızdan biri də Cəbrayıl rayonu olmuşdur. 8 avqust 1930-cu ildə əsası qoyulan bu rayon 1963-cü ilə qədər Füzuli rayonuna birləşdirilsə də, bir il sonra yenidən ayrılaraq vahid rayon statusu almışdır. Adı "Allahın qulu" mənasını verən Cəbrayıl rayonunun tarixi eramızdan əvvəl Midiya dövlətinə qədər gedib çıxır. Orta əsrlərdə Səfəvilər dövlətinin tərkibində varlığını qoruyub saxlamağı bacaran Cəbrayıl rayonu daha sonra Qarabağ xanlığının tərkibinə verilmişdir. 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Cəbrayıl 4 oktyabr 2020-ci il tarixində işğaldan azad olunmuşdur.

Cəbrayıl rayonu təbii sərvətlərlə zəngin bölgəmizdir. Mənfur düşmənin işğalına qədər kənd təsərrüfatının bir çox sahələri yaxşı inkişaf etmiş, eyni zamanda bir sıra sənaye müəssisələri də mövcud olmuşdur.

Füzuli rayonunun əsası 8 avqust 1930-cu ildə qoyulmuşdur. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. Orta əsrlərdə burada tikilən bir çox memarlıq abidələri erməni vandalizminə məruz qalaraq 1993-cü ildə işğaldan sonra dağıdılmış, tariximiz təhrif edilmişdir. Horadiz əməliyyatı ilə 1994-cü ildə bir hissəsi, 2020-ci il oktyabrın 17-də isə Füzuli şəhəri işğaldan azad edilib.

29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Zəngilan rayonunda abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilmişdir. Ümumiyyətlə, 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, eyni zamanda həyat üçün zəruri olan sosial-iqtisadi infrastrukturlar dağıdılmış, tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan dəymişdi. Araz çayını keçərək sağ qalmağı bacaran yerli insanlar 30 ildən sonra nəhayət, Zəngilana geri qayıtdılar. Onları dağılmış Zəngilan gözləyirdi. Lakin əl-ələ verən xalq və hakimiyyət qələbədən keçən 3 il ərzində buranı "ağıllı" şəhərə çevirməyi bacardı.

Keçən əsrin 60-cı illərində şəhər tipli qəsəbə, 1990-cı ildə şəhər statusu almış Qubadlı 3 il sonra erməni əsarətinə düşmüşdür. 2020-ci il oktyabrın 25-də Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğalçılardan azad edilib.

Mədəniyyətimizin beşiyi olan Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də Prezidentin Azərbaycan xalqına müraciətində işğaldan azad olunduğu bəyan edilib.

Şuşa şəhərinin əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. Şəhər əvvəlcə onun şərəfinə Pənahabad adlanıb. 1840-cı ildə isə şəhər statusu alıb.

Keçən əsrdə "Kiçik Paris" adlandırılan bu şəhər Parisin də gözəlliyini geridə qoymuş, mədəniyyət mərkəzinə çevrilmişdir.

Dəfələrlə bu şəhəri dağıdıb ələ keçirmək istəyən ermənilər 1992-ci il mayın 8-də şəhəri işğal etməyə müvəffəq olublar. Lakin heç vaxt işğalla barışmayan xalqımız İkinci Qarabağ müharibəsində Prezident, Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşamızı da azadlığına qovuşdurdu.

Ağdam sözü qədim türk dilində "kiçik qala" deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. Ağdam rayonunda tariximizin şahidi olan çoxlu sayda memarlıq abidəsi var. Ağdam şəhərinin şimal-qərbindəki Xındırıstan kəndində yerləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi, Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri, Papravənd kəndindəki Xanoğlu türbəsi və s. memarlıq abidələri bu yurdun qədim Azərbaycan torpağı olduğunu təsdiq edir.

20 noyabr 2020-ci il tarixində üçtərəfli Bəyanatın şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil olub və bununla Ağdam şəhərinin işğalına son qoyulub.

3 avqust 1930-cu ildə əsası qoyulan və Azərbaycanın ən böyük şəhərlərindən biri olan Kəlbəcər 1993-cü ilin aprelin 2-də erməni əsarəti altına düşüb. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verilib. Kəlbəcər rayonu alimlər, şairlər, aşıqlar diyarı kimi də məşhurdur. Elə buna görə də cənab Prezidentin göstərişinə əsasən, burada aşıq mərkəzinin inşa edilməsi də nəzərdə tutulub. Bəli, haqq-ədalət bərpa olunub və Azərbaycanın ən gözəl rayonlarından biri, Kiçik Qafqazın xəzinələr diyarı olan Kəlbəcər azadlığına qovuşub. İndi bu füsunkar bölgənin inkişafı ilə bağlı strateji planlar sürətlə reallığa çevrilir, Böyük Qayıdış üçün mükəmməl layihələr gerçəkləşdirilir. İndi Kəlbəcərin 77000-dən çox əhalisi doğma yurda qayıdış gününü səbirsizliklə gözləyir.

Şəhərlər də insanlar kimidir. Yaranır, böyüyür, yaşayır... Bəzən tarixin sınaqlarına da çəkilir. Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Ağdam kimi... Talelərinə 30 illik işğal acısı yazılmışdı bu şəhərlərin. Nə yaxşı ki, onların bu zülmünə son qoyuldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımız onlara yeni həyat verdilər.

Bundan sonra dövlət başçısının qərarı ilə bu şəhərlərin işğaldan azad olunduqları tarix şəhər günləri kimi qeyd olunacaq.

Tacir SADIQOV,

"Respublika"