Qərbi Azərbaycana dönüş haqqımızdır
MÜSAHİBƏLƏR

Qərbi Azərbaycana dönüş haqqımızdır

Qərbi Azərbaycan tarixinin  öyrənilməsi,  unudulmuş bir tarixin yaddaşlarda bərpası, həqiqət məqamının oyanışı  və gerçək tariximizin təbliği, yeni haqq davamızda milli  oyanışın ən vacib sütunlarından və dayaqlarından birinə çevrilməlidir.

Qısa bir zaman kəsiyində, dörd dəfə deportasiya  və soyqırıma məruz qalan bir cəmiyyətin, tarixi-mədəni, pedaqoji-psixoloji irsinin öyrənilməsi, tədqiqi, təbliği və tədrisi, tarixi yaddaşla möhkəmləndirilmiş genetik qanunauyğunluğu və milli varlığımızın acı gerçəkliyinə həkk olunmuş, şüuraltı faciənin keçmiş gerçəkliyini gələcək nəsillərə çatdırmaqla, bu yolda usanmadan çalışmalıyıq.

Bu gün tarixi faciələrlə dolu olan xalqımızın öz əzəli yurdlarına dönüşü üçün ziyalılarımızın alim və söz sahiblərimizin  üzərinə, çox müqəddəs və vacib bir yük düşür.

Belə ki, böyük elm-maarif, mədəniyyət mərkəzlərində, elm-təhsil ocaqlarında, özəl sektorda özünü təstiq edən Qərbi azərbaycanlılar,  deportasiya həyatının canlı şahidi olan insanlarımız və onların varisləri, ata-babalarımızın yaratdıqları tarixi abidələrin, zəngin ədəbi-mədəni mühitin, milli-mənəvi dəyərlərin formalaşmasına xidmət edən təhsil ocaqlarımızı, adət-ənənələrin və bədii-estetik gözəlliyin öyrənilməsini və gələcək nəsillərə çatdırılmasını təşviq etməklə, xalqımızın tarixi yaddaşının zənginləşməsinə xidmət edib, ulu öndər Heydər Əliyevin dediyi kimi,  "Biz nadir mənəvi irsin varisləriyik" prinsipini əldə əsas tutmaqla, Azərbaycan gerçəkliyi uğrunda canından və qanından keçməyə hazır olmalıdırlar.  

 Hər bir vətəndaşımız bu ənənəvi irsə layiq olmağa  çalışmaqla, böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti və yüksək mənəviyyatı olan əcdadlarımızın, həm dünəninə, həm bu gününə, həm də sabahına dərin bir məsuliyyət hissi ilə yanaşmalıdırlar.

Tarix elə  bir şahiddir ki, onun gördüklərini nə qədər gizlətməyə çalışsalar da, məqam çatanda özünü göstərir və öz sözünü deyir. Azərbaycan xalqının şərəfli tarixinə və keçmişinə,  erməni vandalları və havadarları zaman-zaman nə qədər kölgə salıb unutdurmağa çalışsalar da, ancaq ilahi ədalət və haqq bizimlə olduğundan, qurtuluşumuz və nicatımız üçün, tarixi şəxsiyyətləri və sərkərdəlik fəhmi olan milli düşüncə sahiblərini genefondumuza bəxş etməklə, xalqımızı və tariximizi yox olmaqdan qorumuşdur. Zaman-zaman gizli və ya aşkar olaraq, bu haqsızlıqlara qarşı milli  dirəniş  göstərməklə, faciələrimizin unutdurulmasına imkan verilməmişdir.

Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə soyqırımı və deportasiya aktı öz hüquqi qiymətini aldıqdan sonra, tarixi yurdlarımıza qayıdış uğrunda mübarizə yeni mərhələyə qədəm qoymuşdur. Qərbi Azərbaycan türkləri, qayıdış hərəkatına start verməklə, müxtəlif ictimai təşkilatlarda birləşərək, yeni və qətiyyətli mübarizə yoluna qədəm qoymaqla, tarixi yurdlarımıza dönüşün axtarışındadır. Təbii ki, bu hərəkat müxtəlif təşkilatlarda cərəyan etsə də, məqsəd, amal və şüar eyni idi: YURDA DÖNÜŞ, VƏTƏNDƏ GÖRÜŞ!

Qeyd edim ki, Azərbaycanın indiki hüquqi və siyasi sərhədlərindən kənarda qalan, İrəvanda, Göyçədə, Zəngəzurda, Dərələyəzdə, Ağbaba və digər tarixi yurdlarımızda əsrlər  boyu yaşayan ata-babalarımız, bizlərə zəngin maddi və mənəvi mədəniyyət nümunələri, qəhrəmanlıq ənənələri qoyub getmişlər.

Azərbaycan Türklərinin ən sıx şəkildə məskunlaşdığı İrəvan quberniyası tarixən  soydaşlarımızın yaşadığı və yaratdığı böyük milli-mənəvi  maddi dəyərlərə, məişət, ədəbiyyat, incəsənət, dini etiqad, mətbuat,  maarifçilik və çoxşaxəli sənətşünaslıq irsinə, öz mətbəx ənənələrinə və zəngin kulinariya mədəniyyətinə, Azərbaycan tarixinin və milli məfkurəsinin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, həm də siyasi-fəlsəfi bu məkan xanlıqlar dövründə Azərbaycan dövlətçilik tarixinin  ayrılmaz bir hissəsi idi.

Çox təəssüflər olsun ki, mədəniyyət və mənəviyyət paytaxtımız  olan İrəvan şəhəri və ətraf bölgələri, müxtəlif imperiya güclərinin təzyiqi ilə heç bir ədalətə və hüquqi normalara uyğun gəlməyən əsaslarla, 1918-ci ildə  Azərbaycan torpaqlarında yaradılan bic  Ermənistan Respublikasına, paytaxt olaraq güzəştə gedilmişdir.

Bu barədə çox haqlı  irad bildirən möhtərəm Prezident İlham Əliyev İrəvan şəhərinin ermənilərə paytaxt olaraq verilməsini tarixi ədalətsizlik kimi dəyərləndirməklə bunu  Azərbaycan Xalq Cümhuriyyətinin tarixi səhvi və əzəli yurdlarımızda yaşayan azərbaycanlılara qarşı xəyanət  aktı kimi  dəyərləndirmişdir.

Çox qürurverici bir tarixə şahidlik etdik ki, Azərbaycan tarixinə zəfər imzası atmış Ali  Baş Komandan, dövlətimizin və dövlətçiliyimizin ləyaqətli qarantı olan  Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında etdiyi tarixi çıxışı milli  mücadilə yolumuza elmi-fəlsəfi baxışı, yurda  qayıdış konsepsiyasının hazırlanması tapşırığı və Böyük Azərbaycan məfkurəsinin mübarizə taktikası, bütün xalqımız kimi, çoxsaylı Qərbi Azərbaycan toplumunda da böyük ruh yüksəkliyi yaratmışdır.

Prezidentimiz İlham Əliyevi əmin edirik ki, Qərbi Azərbaycan torpaqlarının və  tarixi ərazi bütövlüyümüzün  bərpası üçün həmişə öndə olmağa hazırıq, bu haqq savaşında ön sıralarda olanlardan və həmişə  bir çağırışınızla, səsinizə səs verənlərdən olacağıq.

Namiq ASLANOV.