Naftalanda ilk dəfə olaraq yerli şəraitə uyğunlaşdırılmış adəmalması ağacı əkilib
Region

Naftalanda ilk dəfə olaraq yerli şəraitə uyğunlaşdırılmış adəmalması ağacı əkilib

Dünyada sıxlığına görə ən çox şam ağacları məhz kurort kimi məşhurlaşmış Naftalanda olduğundan ideal hava da məhz buradadır. Şam ağacları havada olan karbondioksiti tez bir zamanda oksigenə çevirərək insanın sağlamlığına böyük fayda verir. Artıq beynəlxalq turizm mərkəzi kimi tanınan möcüzəli Naftalanda yaşıllıqların salınması ənənə halını almışdır. Son üç ayda şəhərin Heydər Əliyev, Nəriman Nərimanov və Qələbə parklarında, eləcə də prospekt və yol kənarlarında 3200-dən çox ağac əkilib. Ağacəkmə aksiyaları çərçivəsində əsasən kedra, zeytun, akasiya, kiparis, çinar və adəmalması ağaclarına üstünlük verilib.

Naftalan buraya gələn on minlərlə turisti təkcə özünün unikal tərkibə malik nefti ilə deyil, həm də quru və sağlam mikroiqlimi ilə də cəlb edir. Unikal zonanın bu cür iqlimini formalaşdıran amil isə ərazinin iqlim xüsusiyyətləri və vaxtilə kurort şəhərində əkilmiş minlərlə şam ağaclarıdır. Dünyada baş verən qlobal iqlim dəyişmələri səbəbilə son vaxtlar Naftalanda əsasən yerli şəraitə uyğunlaşan və bol oksigen hasil edən ağacların əkilməsinə üstünlük verilir.

Bu ağaclardan biri də adəmalması (maklyura) ağacıdır. Qeyd edək ki, Vətəni Avropa qitəsi olan adəmalması tutkimilər fəsiləsinə aiddir. Yaşıl, yumru meyvələri və enli yarpaqları olan adəmalması bol oksigen verməsinə görə ən faydalı ağaclardan biri hesab edilir.

Zabit XƏLİLOV,

"Respublika".