LAÇIN gözəl məkana çevriləcək
Digər xəbərlər

LAÇIN gözəl məkana çevriləcək

Əhəmiyyətli mövqedə yerləşən Laçın rayonunun işğalı yalnız ölkəmizin iqtisadiyyatına deyil,  eyni zamanda, mədəniyyətimizə,  tarixi-mədəni irsimizə də ciddi ziyan vurub.  Erməni işğalı nəticəsində 54 dünya,  200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. 

VI əsrə aid Alban Ağoğlan məbədi,  XIV əsrə aid Məlik Əjdər türbəsi,  Qaraqışlaq kəndində məscid,  Zabux kəndində qədim qəbiristanlıq erməni vəhşiliyi nəticəsində dağıdılıb. Həmçinin Laçın Tarix Muzeyi və onun qızıl,  gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası ermənilər tərəfindən talan edilib.  Rayonun təsərrüfatına, laçınlıların həyat şəraitinə,  əmlaklarına ciddi ziyan vuran düşmən onların Vətən eşqini, yurd məhəbbətini,  torpaq sevdasını, milli-mənəvi dəyərlərini sarsıda bilmədi. Tarixi qələbə ilə başa çatan Vətən müharibəsi keçmiş məcburi köçkünlərin 30 ilə yaxın taleyinə yazılan torpaq nisgilinə, yurd həsrətinə son qoydu. Başımızın üstündə dolaşan qara buludlar dağıldı, səma açıldı, el-oba intizarı yaşayan insanların ümidləri oyandı.  Azərbaycan 44 gün ərzində hərbi yolla, həm də bəzi dövlətlər tərəfindən kələfi dolaşdırılan siyasət müstəvisində qəti mövqeyi sayəsində  öz tarixi ərazilərini qaytardı,  ərazi bütövlüyünü təmin etdi.  Fəxrlə demək lazımdır ki,  əldə edilən qələbə iki yüz ildən bəri davam edən erməni işğalını dayandıran, düşmən ölkəni ağır məğlubiyyətə uğradan qəhrəman ordumuzun Qalib Ali Baş Komandanı İlham Əliyevin milli maraqlara söykənən müstəqil siyasətinin,  beynəlxalq arenada yüksək nüfuzunun,  rəşadətli əsgər və zabitlərimizin igidliyinin,  xalqımızın sarsılmaz birliyinin məntiqi nəticəsidir.

Uzun illərdən bəri Ermənistanın hərbi təcavüzü nəticəsində məcburi köçkün həyatı yaşayan laçınlılar Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra doğma yurd yerlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Ən ağır illərdə belə torpaq və yurd həsrəti ilə yaşayan Laçın camaatı həmişə güclü inam,  dövlətçiliyimizə sədaqət və fəal vətəndaş mövqeyi nümayiş etdirib, birmənalı olaraq iqtidarın müdafiəsində dayanıb. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü,  milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü,  dinamik inkişaf edən,  yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib.  Ölkəmizdə, o cümlədən işğaldan azad edilən torpaqlarda sosial-iqtisadi infrastruktur müasir tələblərə uyğun yenidən qurulur,  sabitlik və təhlükəsizlik təmin edilib.  44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı işğalçılardan azad edən müzəffər Azərbaycan Ordusu 2020-ci il noyabr ayının əvvəlində Laçın rayonunun bir çox yaşayış məntəqələrini azad edərək Ermənistanla Xankəndini birləşdirən Laçın dəhlizinə nəzarəti ələ keçirdi.  Noyabrın 9-da  Laçın rayonunun Güləbird,  Səfiyan və Türklər kəndləri Silahlı Qüvvələrimizin bölmələri tərəfindən nəzarətə götürüldü.  2020-ci il noyabr ayının 10-da Azərbaycan Respublikası,  Rusiya Federasiyası prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən 2020-ci il dekabrın birində Laçın rayonunun qalan əraziləri 28 ildən sonra bir güllə atılmadan işğaldan azad edildi.  2022-ci il avqustun 26-da isə Laçın şəhərində,  Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşan ermənilər bu ərazilərdən qovuldular.  Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması ilə bağlı xalqa müraciətində deyib: "Laçın rayonunun bizə qaytarılması,  əlbəttə ki,  tarixi məsələdir.  Biz müharibə zamanı təqribən 5 min kvadratkilometrə yaxın ərazini döyüş meydanında azad etdik,  müharibə yolu ilə azad etdik.  Eyni zamanda,  təxminən bir o qədər - 5 min kvadratkilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq.  Əlbəttə,  buna sülh yolu ilə qaytarmaq demək olmaz.  Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında idi,  tamamilə məhv olurdu.  Onun başqa yolu yox idi,  ya tamamilə məhv olacaqdı,  ya da ki,  kapitulyasiya aktına imza atacaqdı.  Baxın,  görün bizim həm hərbi,  həm siyasi müstəvidə nə qədər böyük uğurlarımız var.  Uzun illər nə qədər düşünülmüş siyasət aparmışıq.  Bir çox hallarda bu siyasətin əlamətlərini ictimaiyyətə təqdim edə bilmirdik.  Çünki sadəcə olaraq,  bu,  konfidensial məlumat idi və bizim planlarımızın reallaşmasına müdaxilə edə bilərdi.  Amma çox dəqiq,  məqsədyönlü,  ardıcıl siyasət apararaq bir nöqtəyə vururduq,  bir məqsədimiz var idi - torpaqlarımızı düşməndən təmizləmək.  Buna nail olduq,  həm döyüş meydanında,  həm danışıqlar masasında və razılaşma yolu ilə".

Şanlı qələbə ilə başa çatan Vətən müharibəsindən dərhal sonra azad edilmiş ərazilərin bərpasına başlanılması,  bir çox infrastruktur layihələrin həyata keçirilməsi,  o cümlədən elektrik enerjisi ilə təminat və yolların yenidən qurulması onu göstərir ki,  Qarabağ və Şərqi Zəngəzurun bərpası və gələcək  inkişafı üçün dövlət tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir.  Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatı,  yeni xətlər,  transformatorlar,  yarımstansiyalar,  elektrik stansiyaları qurulur.  Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən dağıdılmış 12 su elektrik stansiyası yenidən bərpa olunur.  Artıq onlardan 7-si istifadəyə verilib.  İlk növbədə isə Laçın şəhəri,  Zabux və Sus kəndləri yenidən qurulur. Bərpa və yenidənqurma işləri bu il başa çatdırılacaq, laçınlılar öz doğma yurd yerlərinə, müasir və yaraşıqlı evlərinə qayıdacaqlar.  Şərqi Zəngəzur iqtisadi bölgəsində yerləşən Laçında eyni zamanda yollar çəkilir,  tunellər salınır,  elektrik stansiyaları quraşdırılır,  beynəlxalq hava limanı tikilir.  Dövlət başçısı Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi  ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.  Bu məqsədlə 2022-ci il dövlət büdcəsindən ilkin olaraq 800 min manat vəsait ayrılıb. Qeyd edək ki, Laçın şəhəri,  Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçən kimi,  Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq sözügedən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsi üçün təxirəsalınmaz işlərə başlanılıb.  Belə ki,  "AzərEnerji" Laçın şəhərində ermənilər tərəfindən tamamilə dağıdılmış mövcud yarımstansiyanın ilkin bərpası istiqamətində fasiləsiz işlər görüb,  əraziyə transformatorlar,  lazımi avadanlıq və texnika gətirilərək cəmi 4 sutka ərzində sürətlə iş aparılaraq ölkənin enerji sistemi ilə əlaqələndirilən şəbəkə yaradılıb.  Qeyd edək ki, Laçın şəhərini içməli su ilə təmin edən subartezian quyuları,  nasos stansiyası və digər hidrotexniki qurğular ermənilər tərəfindən məqsədli şəkildə sıradan çıxarılıb,  nasoslar sökülərək aparılıb.  Eyni zamanda magistral kəmər bir neçə nöqtədə qəsdən dağıdılıb. Təxirəsalınmaz tədbirlər çərçivəsində "Azərsu" ASC tərəfindən Laçın rayonu ərazisində müxtəlif diametrli borularla ümumilikdə 13 km uzunluğunda su xətləri çəkilib,  ərazidə fəaliyyət göstərən qurumlar dayanıqlı içməli su ilə təmin olunub.  Eyni zamanda,  zərurət yarandıqda maşınlarla suyun daşınmasını təmin etmək üçün 3 nöqtədə sudoldurucu qüllələr quraşdırılıb. Bir sözlə,  Laçın şəhəri sürətlə yenidən qurulur.  Tezliklə şəhər dağlar qoynunda cənnəti xatırladan məkana çevriləcək. Bəli,  Azərbaycan xalqı əzmi,  gücü,  qətiyyəti sayəsində cəmi 44 günə işğal altında qalan tarixi torpaqlarını azad etdiyi kimi,  indi də eyni qüdrəti nümayiş etdirərək,  həmin yurdlara yenidən şərəfli və ləyaqətli həyat qaytarır. 

Salman ALIOĞLU,

"Respublika".