İşğaldan azad olunmuş ərazilər yenidən qurulur
Digər xəbərlər

İşğaldan azad olunmuş ərazilər yenidən qurulur

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, müasir tələblərə cavab verən infrastruktur layihələri ölkəmizin iqtisadi potensialının  göstəricisidir. Bu gün Qarabağ bölgəsi Xəzər dənizini xatırladır. Estakadalar üzərində salınan şəhər və dənizçilərin rahat həyat şəraitini təmin etmək üçün inşa edilən digər infrastruktur binaları dünyanın səkkizinci möcüzəsi adlanırdısa, Qarabağda aparılan möhtəşəm, mükəmməl və nəhəng tikinti işləri dünyanın doqquzuncu möcüzəsinə bərabərdir. Düşmən istilasından, belə demək mümkünsə tufanından,  qasırğasından son nəfəsində qurtulmuş ərazilər, hər tərəfdə dağılmış, viran qoyulmuş, xarabazara çevrilmiş kəndlər, şəhərlər bu gün dövlətimizin sayəsində gülüstana dönür. Cənnət Qarabağın gözəlliyi, füsunkarlığı özünə qayıdır. İndi bu yerlərdə silah səslərini qurub, yaradan insan səsi, nəfəsi əvəzləyir. Ruhlar şəhəri adlandırılan, xarici müşahidəçiləri belə heyrətə gətirən viranə Ağdamda yenə də möhtəşəm, böyük ağ damlı binalar ucaldılır. Qartallar diyarı Kəlbəcərin, gülü-çiçəyi cənnət qoxuyan Laçının şöhrəti özünə qaytarılır. Artıq Ağalı estafeti Talış kəndinə verib. Bütün Qarabağ ərazisinə mərhələli şəkildə köç başlayıb. Səbirsizliklə Laçına,  Kəlbəcərə, Şuşaya dönüşü gözləyir insanlar. Əlbəttə ki,  bütün bu köç prosesini həyata keçirmək üçün ilk növbədə, ərazilərin yenidən tikilib, qurulması vacibdir. Bu istiqamətdə işlər həm sürətli, həm də keyfiyyətli şəkildə həyata keçirilir.

Qarabağın qala qapısı adlanan Kəlbəcərin və cənnət Laçının bir güllə atılmadan azad edilməsi Azərbaycan dövlətinin düşünülmüş siyasəti və sülh çağırışlarının nəticəsidir. Hərb meydanında qazandığımız böyük qələbələrin diplomatik yolla davamı xalq-iqtidar birliyinin dünyaya sübutu oldu. Hazırda həm Kəlbəcərdə, həm də Laçında sürətli tikinti-abadlıq işləri aparılır. Yaxın gələcəkdə bu ərazilərə də sakinlərin köçü başlayacaq. Qısa zamanda kəlbəcərlilərin, laçınlıların da doğma yurdlarında yeni həyata başlayacaqları, ocaqlarının gur yanacağı gün gələcək. Artıq Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində iki tunelin tikintisi, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kilovoltluq “Qorçu" elektrik yarımstansiyasında işlər davam etdirilir. “Kəlbəcər-1" Kiçik Su Elektrik Stansiyası tikilib işlək vəziyyətə gətirilib. İşğal və Zəfər muzey komplekslərinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu" mineral su zavodunun təməli qoyulub. 34 hektar ərazidə salınacaq “İstisu" istirahət-müalicə kompleksi yenidən tikilib-qurulur. Keçmiş SSRİ-də bənzəri olmayan bu müalicə ocağının şöhrəti özünə qaytarılacaq. Dünya üçün də əhəmiyyətli və olduqca maraqlı olan bu məkan turistik baxımından da çox əlverişli olacaq. Gələcəkdə turistlərinin bölgəyə axınını nəzərə alan dövlətimiz Laçın Beynəlxalq Hava Limanının tikintisini həyata keçirir.

Ağalı və Talış kəndlərindən sonra tezliklə köç karvanı üzü Laçına doğru başlayacaq. İlkin olaraq Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşdirilməsi nəzərdə tutulur. 28 il erməni işğalında dağılıb, talan edilən Laçın öz sakinlərini daha gözəl şəkildə qarşılamaq üçün yenidən qurulur. Aparılan bütün tikinti-quruculuq işləri birbaşa dövlət başçısının nəzarəti altındadır. Yaxın günlərdə Prezident İlham Əliyev Laçın rayonuna xüsusi təyin olunan Məsim Məmmədovu qəbul edərkən görülən işlərdən geniş danışaraq demişdir: “Yaxın gələcəkdə - bu il və gələn il Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkünü yerləşdirəcəyik... Bununla paralel olaraq, Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start vermişik. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək. Zabux kəndinin sakinləri üçün tamamilə yeni kənd salınır".

Dövlət başçısının da qeyd etdiyi kimi, köçürülmə işləri mərhələli şəkildə aparılacaq. Birinci mərhələ üçün Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa və yaxud da bərpa edilir. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, əsaslı təmir olunur. 30-dan artıq ictimai bina inşa edilir. Laçın şəhərinin bütün daxili yolları yenidən çəkilir. Ərazisi 1800 kvadratkilometr olan Laçın rayonu Azərbaycanın ən böyük rayonlarındandır. Rayonun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri də başa çatmaq üzrədir. Ərazidə yaşayış təmin edildikdən sonra qarşıda duran əsas vəzifələrdən biri rayonun təhlükəsizliyinin qorunmasıdır. Bu baxımdan da mühüm işlər həyata keçirilir. Rayon gözəl təbiəti, tarixi abidələri, yeraltı sərvətləri ilə zəngindir. Əgər işğaldan əvvəl rayon əhalisi 50 mindən bir qədər çox idisə,  bu gün artıq 80 mini keçib.

Əlbəttə ki, bölgədə quruculuq işləri aparılarkən ərazilərin təbiəti, coğrafi relyefi də nəzərə alınır. Kəlbəcər şəhərinin Baş Planının hazırlanması zamanı da sadalanan bütün nüanslara diqqət yetirilib. Baş Planın konseptual əsasını sağlamlıq və dağ turizminin inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Həmçinin, Kəlbəcərdə Komando hərbi hissəsinin də yaradılması təqdirəlayiq haldır. İşlər bunlarla bitmir. İşğaldan azad edilmiş Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli və Şuşa şəhərlərində də böyük quruculuq işləri aparılır. İnfrastruktur layihələr, xəstəxanalar, yaşayış binaları, məktəblər, mədəniyyət obyektləri, eləcə də məscidlər bərpa edilir. Muzeylər, hava limanları tikilir,  dəmir yolları çəkilir. Qarabağda ümumilikdə, 2022-2026-cı illərdə 34 min 500 mənzilin tikilməsi nəzərdə tutulur. Ağdam rayonunda isə 9700 mənzilin tikilməsi planlaşdırılıb.  2025-ci ildə Ağdam şəhəri və ilk bərpa olunacaq kəndlərə əhalinin köçürülməsi həyata keçiriləcək. Layihəyə  Cümə məscidi, İşğal muzeyi, Pavilyon, Bayraq meydanı və Pənahəli xanın imarəti daxildir. Şəhər yollarının yenidən salınması məqsədilə  59 kilometr şəhərdaxili yolların və müvafiq kommunikasiya xətlərinin layihələri hazırlanır. Qarabağ İqtisadi rayonunun “yaşıl enerji” zonası elan edilməsi ilə əlaqədar olaraq Ağdam şəhərində mərkəzi istilik sisteminin yaradılması qərara alınıb. Şəhərin Baş Planına əsasən inzibati ərazinin də layihələndirilməsi istiqamətində işlərə başlanılıb.

Bölgədə məktəblərin, mədəniyyət obyektlərinin və digər zəruri iaşə obyektlərinin tikintisi də çox uğurla gedir. İndi Qarabağda öz sahibini gözləyən nə qədər ünvanlar var. Ölkə başçısının da qeyd etdiyi kimi, biz zamanla öz tarixi torpaqlarımıza dönəcəyik. Axı, biz düşməndən fərqli olaraq qurub-yaradan xalqıq.

Ramidə YAQUBQIZI,

“Respublika”.