Ədliyyə Nazirliyi məhkəmə ekspertizası fəaliyyətində yeni tendensiyalara dair onlayn brifinq keçirib
Digər xəbərlər

Ədliyyə Nazirliyi məhkəmə ekspertizası fəaliyyətində yeni tendensiyalara dair onlayn brifinq keçirib

Ədliyyə Nazirliyi vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində tədbirləri davam etdirir. Vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması, əhalinin ədliyyə fəaliyyəti barədə məlumatlandırılması məqsədilə vətəndaş cəmiyyəti nümayəndələrinin, KİV-lərin, eləcə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdəki səhifələrinin imkanlarından geniş istifadə olunur. Bu baxımdan nazirliyin rəsmi feysbuk səhifəsində ədliyyənin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə canlı yayımların keçirilməsi də əhalinin hüquqi maarifləndirilməsi işində mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu istiqamətdə görülən tədbirlər çərçivəsində iyulun 7-də Ədliyyə Nazirliyi tərəfindən “Məhkəmə ekspertizası fəaliyyətində yeni tendensiyalar” mövzusunda onlayn brifinq təşkil olunub.

Brifinqdə iştirak edən Məhkəmə Ekspertizası Mərkəzinin Elmi-tədqiqat və metodiki iş şöbəsinin rəisi Hümmət Vəliyev, həmçinin Ballistik və trasoloji ekspertizalar şöbəsinin eksperti Aysel Kişiyeva məhkəmə ekspertizasının tarixi, fəaliyyəti, bu sahədə yeni tendensiyalar barədə ətraflı məlumat veriblər.

Eyni zamanda, Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələr və yeniliklər barədə danışıblar.

Qeyd edilib ki, Fərmandan irəli gələrək bu sahədə xeyli işlər görülüb, ekspertiza müddətləri dəqiqləşdirilib, məhkəmə ekspertizasının keçirilməsi ilə bağlı müraciət edən şəxslərin dairəsi genişləndirilib. Özəl məhkəmə ekspertizası institutunun tətbiqi ilə bağlı yeni normalar müəyyənləşdirilib. Məhkəmə ekspertizası fəaliyyətində yeni tendensiyalar Fərmanda göstərilən tapşırıqların bilavasitə icrasından irəli gəlir. 

Bildirilib ki, Məhkəmə Ekspertizası Mərkəzi Ədliyyə Nazirliyinin ekspertiza və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan baş idarəsidir. Mərkəzin fəaliyyəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertlərin müstəqilliyi, elm və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliyi və tamlığı prinsiplərinə əsaslanır.

Mərkəzin əsas fəaliyyət istiqamətləri məhkəmə ekspertizalarını keçirmək və tədqiqatlar aparmaqdır. Bundan başqa, elmi-tədqiqat işləri aparmaq, ekspert tədqiqatının yeni metod və metodikalarını hazırlamaq və təkmilləşdirməkdir. Həmçinin məhkəmə və hüquq mühafizə orqanlarına elmi-metodik kömək göstərmək, ekspert profilaktikasını həyata keçirmək və qanunvericiliklə müəyyənləşdirilmiş digər istiqamətlərdə fəaliyyət göstərməkdir.

Ekspertiza xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə ədliyyə nazirinin “Məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər barədə” 2012-ci il 22 avqust tarixli əmri ilə Məhkəmə Ekspertizası Mərkəzinin regional bölmələri yaradılıb. Hazırda ekspertizalar Məhkəmə Ekspertizası Mərkəzinin Bakıda yerləşən inzibatı binasında, eləcə də Gəncə, Şəki, Şirvan və Lənkəran bölmələrində aparılır. Mərkəzdə 20 məhkəmə ekspertizası növü və 41 ekspert ixtisası üzrə tədqiqatlar aparılaraq rəy və arayışlar verilir.

Mərkəz məhkəmə ekspertizası sahəsində yeni informasiya və kommunikasiya texnologiyalarını tətbiq edir.

Diqqətə çatdırılıb ki, Ballistik və trasoloji ekspertizalar şöbəsi məhkəmə ekspert ixtisasının verildiyi məhkəmə ekspertizası növü üzrə tədqiqatlar apararaq qanunvericiliklə nəzərdə tutulmuş vəzifələri yerinə yetirir. Şöbə məhkəmə ekspertizası və kriminalistika sahələrində elmi tədqiqat işlərini aparır və alınmış nəticələri ekspert təcrübəsində tətbiq edir. Cinayətlərin baş verməsinə kömək etmiş səbəb və şəraitin aşkar edilib onların aradan qaldırılması sahəsində ekspert profilaktikasını həyata keçirir. Ekspertizanın təyini və tədqiqat obyektlərinin göndərilməsinə dair məhkəmə və hüquq-mühafizə orqanlarına metodiki kömək göstərir. Ekspert təcrübəsinin təhlili əsasında ümumiləşdirmələr aparır, metodik və profilaktik tövsiyələr hazırlayır. Məhkəmə ekspert kadrlarının peşə hazırlığının yüksəldilməsi məqsədilə qanunvericiliyi, məhkəmə ekspertizası və kriminalistikanın yeni nailiyyətlərini daim öyrənir.

Tədbirdə Azərbaycanda özəl məhkəmə ekspertizası institutunun tətbiqi məsələsinə toxunulub.

Onlayn tədbirdə sosial şəbəkə istifadəçilərini maraqlandıran suallar da cavablandırılıb.

AZƏRTAC