Əbədiyyətə aparan şərəfli ömür
Region

Əbədiyyətə aparan şərəfli ömür

Zabil Fikrət oğlu İbadzadə  İkinci Qarabağ müharibəsində  müqəddəsliyinə tapındığı doğma Azərbaycan qarşısında  layiqli bir övlad kimi son borcunu şərəflə verib.  Qəhrəman şəhidimiz Qubadlının azadlığı uğrunda elə bir tarix yazıb ki, heç zaman unudulmaz. Məhz elə bu igidliyə  görə bütün lənkəranlılar onunla fəxr edir, qürur duyur.

Bu günlər   Lənkəranın  Ürgə kəndində  Zabil İbadzadənin xatirəsinə ucaldılan  bulaq kompleksinin açılış mərasimi olub.  Rayon rəhbərləri, ziyalılar, sadə zəhmət adamları  bulaq kompleksinin  önünə təzə gül dəstələri qoydular, qəhrəmanın ruhuna   hörmət və ehtiramını bildirdilər.

Çıxış edənlər qeyd etdilər ki, 44 günə zəfərlə başa çatan  İkinci  Qarabağ müharibəsində minlərlə qeyrətli Vətən oğlu kimi Zabil də xüsusi qəhrəmanlıq nümunəsi göstəribdir. Ömrünü Vətəni üçün yaşayıb şəhidlik zirvəsinə  ucalan igidimiz cismən aramızdan getsə də, mənən qəlbimizdə yaşayır. Onun şərəfli həyat yolu nəsillərə örnək olacaqdır.  Ağır müharibə meydanında dövlətimiz də igidimiz Zabil İbadzadəni ölümündən sonra layiq gördüyü  “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Qubadlının, Cəbrayılın azadlığına görə medalları ilə bir daha ucalıqda,  yüksəklikdə saxlayır.

 Zəfər ORUCOĞLU.