Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə
Sosial həyat

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə "YAŞAT" Fondu arasında əməkdaşlıq sənədi imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə "YAŞAT" Fondu arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Əməkdaşlıq sənədini Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov və "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov imzalayıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, tədbirdə imzalanan əməkdaşlıq sənədinin Vətən müharibəsində yaralanmış qazilərin reabilitasiya xidmətləri və vasitələri ilə təmin edilməsi, ümumən onların ehtiyaclarına uyğun digər tədbirlərin görülməsi sahəsində iki qurum tərəfindən birgə fəaliyyətin həyata keçirilməsini nəzərdə tutduğu qeyd edilib. Memoranduma əsasən, tərəflər Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, habelə müharibədə yaralanmış və əlilliyi müəyyən edilməmiş şəxslərin aidiyyəti üzrə tibb müəssisələrinə yönləndirilməsi və reabilitasiya xidmətləri ilə təmin olunması istiqamətində əməkdaşlıq edəcək.

"Respublika".