Dövlət sərhədini saxta sənədlərlə keçməyə çalışan şəxslər barəsində müvafiq tədbirlər görülüb
Digər xəbərlər

Dövlət sərhədini saxta sənədlərlə keçməyə çalışan şəxslər barəsində müvafiq tədbirlər görülüb

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarəti dövlət sərhədindən buraxılış məntəqələrində etibarlı sərhəd nəzarətinin təşkili, qanunsuz miqrasiya ilə mübarizə sahəsində fəaliyyəti davam etdirir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, təkcə son beş gün ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunda Xidmət əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 6 halda 9 əcnəbi və 1 nəfər Azərbaycan Respublikası vətəndaşının saxta sənədlərlə dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.

Martın 11-də İzmir-Bakı reysi ilə ölkəmizə gələn 2 nəfər İran vətəndaşı - 1990-cı il təvəllüdlü Panahkivaj Saeid Hassan və 1980-ci il təvəllüdlü Fallahi Habib Najafın sərhəd naryadına təqdim etdikləri Fransa və Yunanıstana məxsus pasportların həqiqiliyi şübhə doğurduğundan əsaslı yoxlama aparılıb. Yoxlama nəticəsində pasportların saxtalaşdırıldığı müəyyən olunub.

Martın 12-də Türkiyə vətəndaşı 2000-ci il təvəllüdlü Demirkıran Çekdar İzmir-Bakı reysi ilə qanuni sənədlərlə Azərbaycan Respublikasına gəlib tranzitlə Bakı-London istiqamətində uçub gedərkən Türkiyə Respublikasının pasportu ilə yanaşı, təqdim etdiyi Böyük Britaniya yaşayış kartının saxta olduğu aşkarlanıb.

Həmin gün Bakı-London reysinin rəsmiləşdirilməsi zamanı İran vətəndaşı 1996-cı il təvəllüdlü Natoori Saranın pasport nəzarətinə təqdim etdiyi Böyük Britaniya pasportunun həqiqiliyi şübhə doğurub. Səyahət sənədinin əsaslı yoxlanılması zamanı pasportun saxtalaşdırıldığı müəyyənləşdirilib.

Martın 14-də Doha-Bakı reysi ilə ölkəmizə gələn 5 nəfər əslən Yəmən vətəndaşları - 1981-ci il təvəllüdlü Al Baiti Ali Hasan Ali, 1983-cü il təvəllüdlü Al Kumaim Reem Al Şarif Mohammed Ali, 2010-cu il təvəllüdlü Al Baiti Tamer Ahmed Hasan, 2013-cü il təvəllüdlü Al Baiti Yazan Ahmed Hasan və 2016-cı il təvəllüdlü Al Baiti Ravan Ahmed Hasanın Malayziya pasportlarının saxtalaşdırıldığı aşkarlanıb.

Martın 15-də Bakı-İstanbul-Nyu-York reysinin rəsmiləşdirilməsi zamanı Azərbaycan Respublikasının vətəndaşı 1998-ci il təvəllüdlü Səidi Vüqar Nicat oğlunun ABŞ vizasının saxtalaşdırıldığı müəyyənləşdirilib.

Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.

AZƏRTAC