Bakıda keçirilən SPECA həftəsi iştirakçı ölkələr arasında qarşılıqlı iqtisadi əməkdaşlığa güclü təkan verəcək
Digər xəbərlər

Bakıda keçirilən SPECA həftəsi iştirakçı ölkələr arasında qarşılıqlı iqtisadi əməkdaşlığa güclü təkan verəcək

Artıq uzun illərdir Azərbaycan mövzusundan asılı olmayaraq regional və beynəlxalq əhəmiyyətli tədbirlərin, qlobal xarakterli müzakirələrin, dünyanı narahat edən problemlər üzrə danışıqların aparıldığı, eləcə də bəşəriyyətin taleyi ilə bağlı vacib qərarların verildiyi mərkəzə çevrilib. Təbii ki, bu, ölkəmizdə bərqərar olan siyasi sabitlik, Azərbaycanın artan iqtisadi qüdrəti, əlverişli coğrafi mövqeyi, irəli sürdüyü təşəbbüslərin və həyata keçirdiyi layihələrin əhəmiyyəti, güvənli tərəfdaş statusunu qazanması, habelə dövlətimizin başçısı cənab İlham Əliyevin şəxsi nüfuzu, dünyanın gələcəyi ilə bağlı dəyərli fikirləri, sülh və təhlükəsizliyə verdiyi töhfələrlə bağlıdır. Keçirilən bütün tədbirlərə, o cümlədən beynəlxalq idman yarışlarına belə Azərbaycan məharətlə, nümunəvi şəkildə evsahibliyi edir və bu dünya ictimaiyyəti tərəfindən hər zaman təqdir olunur. İnamla deyə bilərik ki, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti Azərbaycanı qlobal prosesləri yönəldən, dünya xalqlarının xoşbəxt gələcəyi naminə ona müsbət istiqamət verən ölkələr sırasına yüksəldib.

Bu günlər daha bir əlamətdar tədbir - BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı - SPECA həftəsi paytaxtımızda təşkil olunub. Həftə çərçivəsində baş tutan Ticarət və Gender və DİM-lər üzrə İşçi Qruplarının iclasında, İqtisadi Forumda, Rəhbər Şuranın sessiyasında aparılan müzakirələr, gəlinən qənaət, qəbul olunan qərarlar və imzalanan sənədlər inanırıq ki, Proqramın əhatə etdiyi ölkələrdə davamlı iqtisadi inkişafı təmin edəcək, qarşılıqlı faydalı əməkdaşlığa güclü təkan verəcək. SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçirildi, üzv ölkələrin prezidentləri və digər yüksəksəviyyəli rəsmiləri tədbirdə iştirak etdilər. Qeyd edim ki, regionun əsas aparıcı ölkəsi olan Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün son dərəcə əhəmiyyətli tərəfdaşdır və bu ölkələrin iqtisadi inkişafına mühüm töhfələr verir. Bildiyimiz kimi, həmin ölkələrin Avropaya çıxışı tranzit imkanları geniş olan Azərbaycansız ümumiyyətlə mümkün deyil. Bu istiqamətdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizini qeyd etmək istərdim. Səmərəli fəaliyyətinə ölkəmizin mühüm töhfələr verdiyi Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən qısa və əlverişli yol olmaqla qlobal ticarətdə kifayət qədər faydalıdır. Azərbaycan Dəhlizin uğurlu fəaliyyəti üçün üzərinə düşən işləri nümunəvi şəkildə yerinə yetirir, yükdaşımaların həcminin artırılması istiqamətində səylə çalışır.

Zirvə görüşündə çıxış edən dövlətimizin başçısı cənab İlham Əliyev ölkəmizin uğurlu iqtisadi göstəricilərini, Cənubi Qafqazda yaratdığı reallıqları və dəyişməz mövqeyini iştirakçıların diqqətinə çatdırdı. Səslənən rəqəmlər bir daha təsdiqləyir ki, ölkəmiz iqtisadi və digər sahələrdə davamlı inkişaf yolu tutub, göstəricilər ildən-ilə yüksəlir. Ötən 20 ildə Ümumi Daxili Məhsulun 4, büdcə gəlirlərinin 30, xarici ticarət dövriyyəsinin 10 dəfədən çox artması dövlətimizin uğurlu iqtisadi siyasətinin təzahürüdür. Həqiqətən də qısa zaman kəsiyində bu qədər nailiyyətlərin əldə olunması dünya ölkələri arasında az təsadüf edilən təcrübədir. Bu illər ərzində dünyada ardıcıl iqtisadi böhranlar baş verib, acı fəsadlara yol açan pandemiya dövrü yaşanıb. Amma düzgün müəyyənləşmiş və həyata keçirilmiş iqtisadi strategiya Azərbaycana bu böhranlardan təsirsiz ötüşməyə imkan verib. Azərbaycanın evsahibliyi etdiyi bu Zirvə görüşü də Proqrama üzv olan ölkələr arasında əməkdaşlığı dərinləşdirəcək, iqtisadi münasibətlərdə yeni imkanlar açacaq.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.