Dövlət sərhədindən narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb
Digər xəbərlər

Dövlət sərhədindən narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb

Azərbaycan Respublikasının dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, avqustun 1-də DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulması əlamətləri aşkarlanıb, sərhəd zastavası “Silaha” komandasına qaldırılaraq ərazi qapadılıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Füzuli rayonunun Araz-Zərgər kəndi ərazisində gizlədilmiş yerdən iki bağlamanı götürərək “Toyota Camry” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən iki nəfər şübhəli şəxs saxlanılıb.

Avtomobil sürücüsünün Moskva şəhər sakini 1977-ci il təvəllüdlü Vəliyev Hüseyn Vəlixan oğlu və sərnişinin Hacıqabul şəhər sakini 1976-cı il təvəllüdlü Məmiyev Teymur Adil oğlu olmaları müəyyənləşdirilib. Onların götürdükləri bağlamalara baxış zamanı ümumi çəkisi 14 kiloqram 500 qram narkotikə (8200 qram marixuana, 4200 qram heroin, 2100 qram metamfetamin) və  psixotrop tərkibli 690 ədəd metadon-40 həbinə bənzər maddə aşkarlanıb.  

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AZƏRTAC