Səfirliyimizə hücum üçün Livanın seçilməsi təsadüfi deyil
Digər xəbərlər

Səfirliyimizə hücum üçün Livanın seçilməsi təsadüfi deyil

Döyüş meydanından sonra diplomatik masada da məğlubiyyətə uğrayan ermənilər çarəsizlikdən xarici ölkələrdəki səfirliklərimizi hədəf alıblar. Gürcüstan, Böyük Britaniya və Fransadan sonra indi də Livandakı səfirliyimiz hücuma məruz qalıb. 50-yə yaxın erməni əsilli şəxs səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıb. Hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb. Amma məlum məsələdir ki, diplomatik korpusun yerləşdiyi binaya hücum elə həmin dövlətə, hazırkı vəziyyətdə isə Azərbaycana hücum sayılır.

Proses dünyada Azərbaycanın diplomatik uğurlarına kölgə salmaq üçün birbaşa Ermənistan hökumətinin sifarişi ilə həyata keçirilir. Nəzərə almaq lazımdır ki, ermənilərin ASALA və başqa terror təşkilatları var. Onlar yarandıqları gündən Azərbaycana qarşı fəaliyyət göstərir, diplomatik korpusları hədəf alırlar. Son hücum cəhdinin arxasında da bu birləşmələrin dayanması ehtimalı böyükdür. Üstəlik, müxtəlif erməni terror təşkilatlarının Azərbaycan diplomatik korpusunun nümayəndəliklərinə hücumlar edəcəyi gözlənilirdi. Çünki bununla bağlı bir müddət öncə həmin terror təşkilatlarının bəyanatları olmuşdu və heç təsadüfi deyil ki, bir neçə gün öncə Kaliforniya ştatında Azərbaycan konsulluğuna hücum təşkil edildi. Bunun ardınca Livanda Azərbaycan səfirliyinə edilən hücum da təsadüfi sayıla bilməz, çünki həm Kaliforniya, həm Livan erməni diasporunun ən güclü olduğu ərazilərdən sayılır.

Livan, eyni zamanda erməni faşizminin əsas mərkəzlərindən biri rolunu oynayan erməni kilsəsinin böyük kilikiya kotolikosluğunun yerləşdiyi ərazidir. Məhz həmin kilsənin başçısı 1-ci Aramın Azərbaycana qarşı düşmən mövqeyi və erməni faşizminin əsas ideoloqlarından biri olduğu da unudulmamalıdır. Bu şəxs iki həftə öncə Azərbaycanın əleyhinə ciddi ittihamlar səsləndirib, erməni terrorçularını, həmçinin revanşist qüvvələri Azərbaycana qarşı birləşərək səfərbərliyə çağırıb. Bu baxımdan, növbəti terror aktının təsadüfən baş verdiyini demək olmur. Livanda ermənilər mərkəzi hakimiyyətə qarşı belə mübarizə apara bilirlər. Bundan əlavə, ASALA terror təşkilatının da əsas qalalarından biri məhz Livan sayılırdı. Livan radikal qruplaşmaların da fəaliyyət göstərdiyi bir ölkədir. Təsadüfi deyil ki, İran tərəfindən birbaşa maliyyələşdirilən Hizbullah terror təşkilatının kökləri bu ölkədədir. Odur ki, belə bir ölkədə bu hadisələrin baş verməsi təəccüblü deyil.

Bununla belə, xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizə edilən hücumlar Azərbaycan hökumətinin təcili reaksiyasını zəruri edir. Livanda baş verənlərə də ölkəmizin reaksiyası özünü çox gözlətməyib. Xarici işlər naziri sözügedən ölkənin müvafiq dövlət orqanına nota verib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb. Hadisə barədə diplomatik nümayəndəliklərin mühafizəsinə cavabdeh olan quruma məlumat verilən kimi hüquq-mühafizə orqanları hadisə yerinə gəlsələr də, həmin vaxt təxribatçılar ərazidən uzaqlaşmağa müvəffəq olublar. Səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir.

Baş prokuror Kamran Əliyev də Azərbaycanın Beyrutdakı səfirliyinin binasına hücumla bağlı livanlı həmkarı ilə telefonla danışıb. Baş Prokurorluqdan verilən məlumatda bildirilib ki, danışıq zamanı beynəlxalq norma və prinsiplərə, eyni zamanda daxili qanunvericiliyə uyğun olaraq hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi xahiş olunub. Həmçinin qeyd olunan faktın istintaqı ilə bağlı Azərbaycanın dəstəyi və əməkdaşlığı təklif edilib. Tərəflər məsələ ilə bağlı koordinasiyalı fəaliyyətin aparılacağı barədə razılığa gəlib.

Yekunda onu qeyd etmək lazımdır ki, çarəsiz qalan Paşinyan hökuməti bundan sonra da belə təxribatlara əl ata bilər. Bu baxımdan Ermənistanın növbəti terror aktlarının qarşısının alınması üçün beynəlxalq təzyiq göstərilməsi qaçılmazdır.

Jalə QASIMZADƏ,

"Respublika".