Azərbaycan–Özbəkistan: tarixi əlaqələrə və etibarlı tərəfdaşlığa əsaslanan birlik
Siyasət

Azərbaycan–Özbəkistan: tarixi əlaqələrə və etibarlı tərəfdaşlığa əsaslanan birlik

"Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin".

Heydər ƏLİYEV,

Ümummilli lider.

Eyni soykökə, dilə, dinə mənsub olan türk xalqları arasında doğma qardaşlıq, dostluq, qonşuluq münasibətləri qurmaq, bu münasibətləri inkişaf etdirərək etibarlı tərəfdaşlıq səviyyəsinə çatdırmaq müstəqil ölkəmizin müəyyənləşdirdiyi siyasi xəttin əsasını təşkil edir. Türk birliyinə, həmrəyliyinə töhfə verən ölkəmizi dini bir, dili bir olan Özbəkistanla tarixi əlaqələr birləşdirir. Ölkələrimiz arasında əməkdaşlığın inkişafına, mədəni və mənəvi əlaqələrin genişlənməsinə və möhkəmləndirilməsinə 1995-ci il oktyabr ayının 2-də qurulmuş diplomatik əlaqələr daha böyük təsir göstərmişdir. Qədim tarixə söykənən münasibətlər xalqların milli adət-ənənələri, mədəniyyəti əsasında daha da inkişaf etmiş, dövlət başçılarının səfərləri nəticəsində xüsusilə yeni inkişaf mərhələsinə yüksəlmişdir. 1996-cı ilin may ayında Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana ilk səfəri sonralar davamlı xarakter almış, elə həmin ilin oktyabr ayında Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Ölkələrin Dövlət Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olmuşdur.

1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Özbəkistana rəsmi səfər etmiş və Daşkənddə 19 sənəd və o cümlədən Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə imzalanmışdır. Beləliklə, iki ölkə arasında uğurlu əməkdaşlığın fundamenti ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və illər ötdükcə bu əlaqələr daha da möhkəmləndirilmişdir.

2004-cü ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasında dövlət səfərində olmuş, səfər çərçivəsində iki ölkə rəhbərinin təkbətək görüşü keçirilmişdir. Martın 23-də Daşkənd şəhərində "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında" Bəyannamə imzalanmış və həmin ilin may ayında Azərbaycan-Özbəkistan arasında hərtərəfli strateji tərəfdaşlığa təkan verəcək Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir.

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikasının tarixi dostluq münasibətlərinə əsaslanan və bərabərlik, qarşılıqlı etimad, strateji, o cümlədən hərtərəfli əməkdaşlıq və bir-birinin maraqlarına hörmət əsasında çoxtərəfli əlaqələrin inkişafına istiqamətlənmiş qanun iki qardaş ölkənin dostluğunun və strateji tərəfdaşlığının gücləndirilməsinə, regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə xidmət etmişdir.

Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov 2008-ci ildə də Azərbaycanda rəsmi səfərdə olmuş, iki ölkə prezidentinin təkbətək və geniş tərkibdə görüşündən sonra dövlətlər arasında sənədlərin imzalanma mərasimi keçirilmişdir. Səfər zamanı ətraf mühitin qorunması, informasiya və kommunikasiya texnologiyaları, dəmiryol nəqliyyatı sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə və kombinə olunmuş daşımaların inkişafına dair tədbirlər, vergi sahəsində əməkdaşlıq və informasiya mübadiləsi, məxfi informasiyanın qarşılıqlı surətdə qorunması, humanitar sahədə, ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsi tədbirləri haqqında sazişlər imzalanmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il iyunun 21-də Özbəkistan Respublikasına rəsmi səfərində iki ölkə arasında münasibətlərin, əməkdaşlıq əlaqələrinin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi, bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, müştərək layihələrin reallaşdırılması əsas müzakirə mövzusu olmuşdur. Daşkənddə ölkələr arasında mühüm sahələri əhatə edən 20-yə yaxın sənədin imzalanması mərasimi başa çatdıqdan sonra mətbuata bəyanatla çıxış edən dövlət başçıları - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ölkələr arasında uzun illərdən bəri mövcud olan ənənəvi dostluq, etimad və qarşılıqlı anlaşma münasibətlərini yüksək qiymətləndirmişlər.

Özbəkistan Prezidenti ölkələrimiz arasında ənənəvi dostluq və qarşılıqlı hörmətə, Azərbaycan və özbək xalqlarının ortaq mənəvi dəyərlərə, mədəniyyətlərə sahib olduğunu qeyd edərək bunu ölkələrimizin mənəvi sərvəti adlandırmış, xalqlarımız arasında olan mehriban qardaşlıq münasibətlərinin ölkələrin çoxtərəfli əməkdaşlığına zəmin yaratdığını bildirmişdi. Şavkat Mirziyoyev mətbuata bəyanatında Azərbaycan Prezidenti İlham Əliyevlə budəfəki geniş formatda keçirilən görüşdə iki ölkə arasında bütün istiqamətlər üzrə əlaqələrin inkişaf mərhələlərinin nəzərdən keçirildiyini və bundan sonra bu münasibətlərin daha da irəliləyərək strateji səviyyəyə çatdırılması istiqamətində müzakirələr aparıldığını diqqətə çatdırmışdır.

Görüş zamanı imzalanan 20-yə yaxın sənədin arasında strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamənin Azərbaycan-Özbəkistan arasında mövcud olan əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb etdiyi vurğulanmışdır. Azərbaycan Prezidenti İlham Əliyev ölkələrin strateji tərəfdaşlığının dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında Bəyannamənin qlobal xarakter daşıdığını vurğulamış və iki ölkə arasında gələcək fəaliyyətin yol xəritəsi adlandırmışdır. Azərbaycanın dövlət başçısı ikitərəfli görüş zamanı müzakirə olunan məsələlərin reallaşmasının iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsinə, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə etmişdir.

Dövlət başçıları iqtisadi qarşılıqlı fəaliyyət, biznes strukturlarının əlaqələri, təhlükəsizlik, müdafiə sahəsinin inkişafı, xarici siyasətlə bağlı təşəbbüslər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi və s. mövzularda geniş fikir mübadiləsi aparmışlar. İki ölkə arasında mövcud olan tarixi dostluq, qardaşlıq əlaqələrindən, Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı 44 günlük Vətən müharibəsində qardaş Özbəkistanın Azərbaycanın haqq işini dəstəklədiyindən və hər iki ölkədə həyata keçirilən islahatlar nəticəsində əldə olunan nailiyyətlərdən də bəhs olunmuşdur.

Bu gün Azərbaycan ilə Özbəkistan arasında uzun illərdən bəri qurulan dostluq, əməkdaşlıq əlaqələri strateji xarakter alıb. Belə ki, ölkələr arasında iqtisadiyyatın bütün sahələrində genişmiqyaslı layihələr reallaşdırılır, nəqliyyat kommunikasiyalarının inkişafı fonunda Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımaların həcmi get-gedə artır, yeni dəhlizlərin inkişaf etdirilməsi, multimodal daşımaların genişləndirilməsi istiqamətində işlər aparılır. Kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin, aqrosektorun rəqəmsallaşdırılması üzrə qarşılıqlı fəaliyyətin həyata keçirilməsi prioritet istiqamət kimi müəyyənləşdirilir. Hacıqabulda birgə avtomobil istehsalı uğurla həyata keçirilir və genişləndirilməsi nəzərdə tutulur, ipəkçilik sahəsində əməkdaşlıq inkişaf etdirilir, hasilat, neft kimyası, əczaçılıq, tikinti materialları və hazır tekstil malları, qida məhsulları, zərgərlik məmulatları istehsalı və şərabçılıq sahələrində yeni layihələr reallaşdırılır.

Ölkələrimiz arasında gündən-günə inkişaf edən əlaqələr iqtisadi əməkdaşlığı daha da dərinləşdirmiş, münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasına əlverişli şərait yaratmışdır. Dostluq və qarşılıqlı etimad əsasında qurulan Azərbaycan-Özbəkistan münasibətləri ikitərəfli əlaqələrin inkişaf perspektivlərini müəyyən etmişdir. Siyasi, iqtisadi, elmi-texniki, humanitar, mədəni və digər sahələr üzrə inkişaf edən ikitərəfli əməkdaşlıq bu gün qarşılıqlı fəaliyyət, strateji tərəfdaşlıq fonunda özünün inkişaf dövrünü yaşayır. Bu günlərdə Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ölkə başçımız İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində dəvət olunması ölkələrimiz arasında mehriban dostluq münasibətlərinin və işgüzar əlaqələrin inkişafının göstəricisidir.

Mehparə ƏLİYEVA,

"Respublika".