Hayastan mina xəritələrini gizlətməklə prosesləri ləngitməyə çalışır
Siyasət

Hayastan mina xəritələrini gizlətməklə prosesləri ləngitməyə çalışır

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) yaxın günlərdə işçi kanallar vasitəsilə Azərbaycan tərəfinə minalanmış sahələr haqqında məlumatların yer aldığı 8 yeni xəritənin veriləcəyini açıqlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan tərəfinin mina xəritələri təqdim etmək niyyəti barədə açıqlamasında bildirilir: "10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra əvvəlcə ümumiyyətlə, mina xəritələrinin olmasını inkar edən Ermənistanın daha sonradan beynəlxalq təzyiq nəticəsində təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığının yalnız 25% təşkil etdiyi məlumdur. Təqdim edilmiş bu xəritələrin yararsız və natamam olduğu, vəziyyəti əks etdirmədiyi dəfələrlə tərəfimizdən bildirilib. Bu xəritələrdə ərazilərimizdə guya 400 min mina basdırıldığı qeyd olunsa da, reallıqda minaların sayının 1 milyondan artıq olduğu faktı mövcuddur".

Minalardan istifadə fundamental humanitar prinsiplərə, o cümlədən müxtəlif beynəlxalq müqavilə və konvensiyalara ziddir. Bu görünməz təhlükə yerləşdirildikdən sonra döyüşçülər, yaxud mülki şəxslər arasında fərq qoymur, həmçinin uzun illər aktiv qala bilir və ərazidəki hər kəs üçün davamlı təhlükə yaradır. Minaların vurduğu xəsarətlər çox vaxt ağır olur və sağ qalanlar üçün uzunmüddətli fiziki və psixoloji nəticələrə gətirib çıxarır.

Minalar həm də ətraf mühitin çirklənməsinə səbəb olur. Onların tərkibindəki partlayıcı maddələr və təhlükəli materiallar torpağı, su mənbələrini və ekosistemləri çirkləndirir, həm insan, həm də heyvan həyatı üçün təhlükə yaradır. Minalar münaqişədən sonra bərpa işlərinə də mane olur. Əhalinin qayıdışı, bərpa-quruculuq işlərini ləngidir. Bildiyimiz kimi, minaların təmizlənməsi olduqca mürəkkəb prosesdir. Buna baxmayaraq, Azərbaycan ən müasir texnikalar vasitəsilə, minaların təmizlənməsi prosesini həyata keçirir, məcburi köçkünlərin qayıdışını təmin edir. Mina probleminin kökündən həlli üçün isə əsas iş onların məhv edilməsidir. Bunun tez bir zamanda olması üçün Ermənistan mina xəritələrini təqdim etməlidir.

Ermənistan tərəfindən vaxtilə işğal altında olan ərazilərdə yerləşdirilmiş minalar hələ də mülki əhali üçün təhlükə olaraq qalır. 2020-ci ildən sonra Ermənistan tərəfindən Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan istehsalı olan yeni minaların yerləşdirildiyi faktı mövcuddur. İkinci Qarabağ müharibəsindən bu yana mina qurbanlarının sayı 342 nəfər təşkil edir. Ermənistan Azərbaycana yeni xəritələrin veriləcəyini deyir. Lakin XİN-in açıqlamasında bildirilir ki, son illərdə mina partlayışlarının 55 faizdən çoxu Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verib. Bu da onların xain xislətini bir daha ortaya qoyur.

Bu gün sülh ən çox Ermənistan üçün vacibdir. Çünki ölkəmiz hazırda bir çox əhəmiyyətli beynəlxalq tədbirlərə evsahibliyi edir. Yəni sülh sazişinin imzalanması və sabitliyin təmin edilməsi üçün daha çox Ermənistan tələsməlidir. İrəvan isə blokadada yaşamağa davam edir, ikibaşlı siyasət yürüdür. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bir tərəfdən deyir ki, bizim üçün vasitəçilər yox, danışıqların məzmunu vacibdir. Digər tərəfdən isə bildirir ki, mina xəritələri Azərbaycana ancaq vasitəçilərin iştirakı ilə verilə bilər. Əgər Ermənistan danışıqların ikitərəfli formatda aparılmasının tərəfdarıdırsa, nə üçün vasitəçiləri bu məsələyə çəkməyə çalışır? Danışanda sülh istəyən İrəvan real addım atmaq lazım olanda müstəqil siyasət yürüdə bilmir, öz böyüklərini masaya dəvət edir. Artıq Ermənistan bölgədə söz sahibi olmaq istəyənlər üçün açıq məkana çevrilib. Qərbdə Amerika, Fransadan tutmuş Şərqdə Hindistana qədər bir çox ölkə İrəvana 2-3 silah verib onu şirnikləşdirməyə nail olur. Lakin Ermənistanın güvəndiyi bu dağlara qar yağacaq. Çünki heç kim onları müdafiə etmək məqsədilə silah vermir. Təbii ki, bu dəstək hansısa maraqların təmin edilməsi naminə atılan addımdır. Aydın şəkildə görünür ki, vasitəçilər olmadan, ikitərəfli danışıqlarla bu prosesin davam etməsi hər iki tərəf üçün daha yaxşıdır. Ermənistan da bu istiqamətdə işlərə dəstək olmalı və artıq real addımlar atmalıdır.

Nurcan SÜLEYMANOVA,

"Respublika".