Ağalının xoş növrağı
Sosial həyat

Ağalının xoş növrağı

Azərbaycan Prezidenti və birinci xanım Zəngilana səfərləri çərçivəsində kənd sakinləri ilə görüşüblər

Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işlərinə başlanıldı. Dövlət başçısı İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiqləndi. İşğaldan azad olunmuş ərazilərin bərpası növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair hazırlanmış beş milli prioritetdən biri kimi qəbul olundu. Bu ərazilərdə görülən quruculuq işləri Böyük Qayıdış planının reallaşması prosesinə zəmin yaratdı və 2022-ci il Azərbaycan tarixinə Böyük Qayıdış ili kimi daxil oldu. Belə ki, bu il Zəngilanın Ağalı kəndinin açılışı edildi və kənd sakinlərinin bir hissəsi öz doğma yerlərinə qayıtdılar. Beləliklə, birinci pilot layihə uğurla reallaşdırılmış oldu.

Qeyd edək ki, Ağalı kəndində reallaşdırılan layihənin icrası - yaşayış, istehsal, sosial xidmətlər, "ağıll kənd təsərrüfatı", alternativ enerji sahələri - yəni 5 komponent üzrə aparılıb. İnşa edilmiş 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunub.

Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsində iyulun 25-də Abşeron rayonunun Masazır kəndindəki "Zəngilan şəhərciyi"ndən dördüncü köç karvanı yola salındı. Otuz ilə yaxın yurd həsrətilə yaşayan daha 10 ailə, 58 nəfər yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşdılar. Köçürülən ailələr əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri var.

Ümumilikdə "Ağalı kənd" konsepsiyasına uyğun qurulan Ağalı kəndinə 4 mərhələdə köçürülən 41 ailə, 201 nəfər hər cür şəraitlə təmin olunub. Sakinlər yüksəkkeyfiyyətli, "ağıllı" texnologiyalarla təchiz edilmiş evlərlə təmin edilib, əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri də nəzərə alınıb.

İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

Sentyabrın 7-də isə Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsinə başlanıldı. Böyük Qayıdışa uyğun olaraq Ağalı kəndinə 25 ailə (125 nəfər), sentyabrın 9-da isə 13 ailə köçürüldü.

Ağalı kəndində, həmçinin DOST Agentliyinin "Şərqi Zəngəzur və Qarabağ" proqramı çərçivəsində "Smart DOST" xidmət məntəqəsi də fəaliyyətə başlayıb. Kənddə "Dost Aqropark" fəaliyyət göstərir. Ötən il Prezident layihənin təməlini qoyarkən məlumat vermişdi ki, türk və azərbaycanlı sərmayədarlar tərəfindən həyata keçiriləcək "Dost Aqropark" layihəsi üç mərhələdə icra olunur. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına səfərləri çərçivəsində bir sıra obyektlərin təməlqoyma mərasimində iştirak edib, həyata keçirilən layihələrlə tanış olublar. Belə ki, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun Şükürbəyli-Cəbrayıl hissəsi istifadəyə verilib, Cəbrayılda 35 kilovoltluq yarımstansiyanın və Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyulub. Dövlət başçısı və xanımı Qubadlı şəhərinin Baş Planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Onlar həmin gün, həmçinin Zəngilanın Ağalı kəndində sakinlərlə də görüşüblər. Əvvəlcə onlar kənddəki məktəbdə olub, şagird-müəllim kollektivi ilə söhbət ediblər. Məktəbdəki şəraitlə tanış olan dövlət başçısı uşaqlarla səmimi söhbət edərək demişdir: "...Bax, sizi biz qaytarmışıq, havası da təmizdir, təbiəti də gözəldir, hər tərəf dağlar, meşələr. Burada həyat qaynayacaq. Bir azdan sonra başqa kəndlərdə də evlər tikiləcək. Zəngilan şəhərində də evlər tikiləcək. Ağalı birinci layihədir, siz də azad edilmiş torpaqlara ilk gələn uşaqlarsınız...".

Mehriban xanım Əliyeva məktəbli qızlara: "Azərbaycanın işğaldan azad olunmuş belə bir gözəl yerində belə gözəl qızlarla bir yerdə olmaq mənim də çox böyük arzum idi", - deyib onlarla səmimi söhbət etdi, dərsləri, dərsdən sonrakı fəaliyyətləri ilə maraqlandı: "Çalışacağam tez-tez gəlim sizin yanınıza, İnşallah", - dedi.

Dövlət başçısı və xanımının kənd sakinləri ilə söhbətləri də səmimi keçdi. Yaşlı kişi sakinin: "Qanlı göz yaşları ilə çıxmışdıq, sevinc göz yaşları ilə qayıtdıq. Bu günümüzə min şükür", - sözlərinin cavabında Prezident "Allaha şükür. Əlbəttə, mən deyirdim ki, biz mütləq qayıdacağıq. Deyirdim ki, öz torpaqlarımıza qayıdacağıq və qayıtdıq. İndi burada yaşayırıq... bəziləri hesab edirdilər ki, indi 30 il keçib, heç kim qayıtmaz. Amma baxın, görün siz də qayıtmısınız", - dedi.

Kənd sakinləri adından danışan kişi sakin dövlət başçısına minnətdarlıq edərək dedi: "Hörmətli Prezident, hörmətli Ali Baş Komandan, hörmətli sərkərdə. Siz Azərbaycan xalqının döyüş tarixini yazdınız. Biz Sizin bu işinizlə fəxr edirik. Hörmətli Prezident, birinci növbədə, Sizə təşəkkürümü bildirirəm, Vətən müharibəsi əlilləri adından da minnətdaram".

Bəli, Ağalı kəndində daha bir görüş xatirəyə çevrildi, yəqin ki, keçirdikləri o xoş anlar yeni kəndin sakinlərinin ömürlük yaddaşında qalacaq. 30 ildən sonra doğma yurduna qovuşan insanların əhvali-ruhiyyəsi isə Ağalının xoş növrağının təsdiqi idi...

Zümrüd QURBANQIZI,

"Respublika".