GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11- Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

KƏRİM GÜLƏNDAM

1947-ci ildə Güney Azərbaycanın ikinci böyük türk şəhəri olan Urmiyənin (Urmu) yaxınlığındakı Gənəabad kəndində dünyaya göz açıb... Kərim Güləndam orta məktəbi Urmuda, ali təhsilini Tehran Universitetinin hüquq fakültəsində alıb yüksək dərəcəli hüquqşünas ixtisasına yiyələnib...

Orta məktəbdə oxuyarkən fars dilində şeirlər qələmə alıb, ancaq 1975-ci ildən ana dilində yazmağa başlayıb. "Zende bad azadi (Yaşasın özgürlük)", müxtəlif məzmunlu qısa şeirlərdən ibarət "Sözüm var sənə, dünya!" (230 səh.) adlı kitabları çap olunub. 2011-ci ildə 21 hekayəsinin yer aldığı "Yarı şirin, yarı turş" adlı kitabı işıq üzü görüb.

Dahi Məhəmməd Füzuli qəzəllərində olan ağır beytlərin izahına dair "Açarlar" adlı kitabı isə Türkiyədə çapdadır.

Kərim Güləndam fəal tərcüməçilik işi ilə məşğul olur. Urmulu Mir Musa Haşiminin "Bir əsgərin xatirələri" kitabını (600 səh.) fars dilindən Azərbaycan türkcəsinə tərcümə edib kitab İsveçdə çap olunub.

1983-1991-ci illərdə Bakıda yaşayıb AMEA Əlyazmalar İnstitutu ilə əməkdaşlıq edib.

"Vətən" cəmiyyətinin orqanı, ərəb əlifbasında çıxan "Odlar yurdu" qəzetinin məsul şəxslərindən olub. Şair hazırda Urmu şəhərində yaşayır.

 

Zəfər

Bu zəfərin təməl daşı,

Gülüstan, Türkmənçayın həsrətindən yaranmışdı!

Ataların düyünlənmiş nifrətindən,

Anaların tapdalanmış  ismətindən yaranmışdı.

Otuz ilin közməklənmiş yarasının dərmanı var bu zəfərdə

44 günlük qəhrəmanlıq nişanı var bu zəfərdə.

Bir deyən yox sən ey erməni dığası!

Əyər Qarabağ səninmiş,

Bir mahnı da sən qoşaydın,

Bu dağların, bulaqların görkəminə,

Bir bina da sən tikəydin,

Bir ağac da sən əkəydin Qarabağda.

Qəlbində nifrət daşıyan,

Qonşuların torpağına qəsbkarlıq həvəsi ilə yaşayan

Bir millət tək yaşayammaz millətlərin arasında!

Yaşasa da, ancaq yaşar erməni tək zillətlərin arasında!

Yol alıbdır aydınlığa doğru gedən səfərimiz,

Kutlu olsun şəhidlərin al qanından çiçəklənən zəfərimiz!

 

HƏMİD ƏHMƏDZADƏ TELİMXAN

1954- ildə Güney Azərbaycanda doğulub. Tanınmış yazıçı Səməd Bəhrənginin əsərləri sayəsində türk dili ədəbiyyatının aşiqinə çevrilib.

Həmid Əhmədzadə Telimxan müəlliminin yolu ilə gedərək dəyərləri qorumaq üçün çabalayıb. Lakin bu cəhdlərinə milli zülmə, haqsızlıqlara qarşı üsyan etdiyinə görə həbs edilib... Məktəb həyatı boyu mətbəədə çalışıb, ədəbiyyat üzrə bakalavr dərəcəsini bitirib sonra da jurnalistika üzrə magistr dərəcəsi almağa müvəffəq olub.

Həmid Əhmədzadə Telimxan həm poeziya üzrə Şəhriyarın tələbəsi olub. Türk mədəniyyət dastanlarına böyük önəm verən müəllif bu dəyərləri qorumaq üçün ömrünü araşdırmalara, kitablar yazmağa həsr edib. O, şeirlərini Telimxan təxəllüsü ilə yazır.

Şeirlərindən ibarət "Əsli-Kərəm", "Tahir-Zöhrə", "Anam bilən bayatılar" adlı kitabları çap olunub...

 

Qarabağın şəhidləri

Türkə Tanrı ödül verib,

Ölməz şəhit, - "Quran" deyib,

Türkün sözün aləm bilib,

Öncə torpaq, Vətən deyib,

Qarabağın şəhidləri...

 

Türk irqinin əti, qanı,

Sənə quzu, qoç qurbanı,

Səndən aldıq biz fərmanı,

Azərbaycan qəhrəmanı -

Qarabağın şəhidləri...

 

Sağa, sola çiçək düzən,

Yunus kimi göldə üzən,

Qartal kimi  göydə süzən,

Düşmanların bağrın üzən

Qarabağın şəhidləri...

 

Sürfəmizdə bal var, yağ var,

Arxamızda Qaradağ var,

Türk güclüdür, hələ sağ var,

Sən varsan ki, Qarabağ var,

Qarabağın şəhidləri...

 

Folklor xalq həyatının əks-sədasıdır

ATALAR SÖZLƏRİ

Su balığın sultanlığıdır.

Sərçəni bəzəyib bülbül yerinə satar.

Duvarı dibindən  qazmazlar.

Duvarın dalısı qəriblikdi.

Əlişaha getdin, ayaq  götür, Binisə getdin, çörək götür.

Adın nədir Rəşid, birin dedin, birin eşit.

Elə bil Ərdəbil tütəyidir.

Arvad üzlü kişidən, kişi üzlü arvaddan əlhəzər.

Arvadın axır hiyləsi ağlamaqdır.

Arvadın biri əla, ikisi bəla.

Arvadın isməti - ərin izzəti.

Arvadın axrın hərbəsi ağlamaqdır

Arvadsız ev - susuz dəyirman.

Arux axsax gətirir, çubuq dava.

daşanda çömçənin biri yüz tümən olar.

Aşın duruluğu dəmin yoxluğundandı

Ata olmaq asandır, atalıq öyrənmək çətin.

Atalar əkiblər, oğullar onu biçiblər.

Atası ölən yetim qalmaz, anası ölən yetim olar.

Atnan qatur əlləşir, arada eşşəy ölür.

Atı atın yanına bağlasan, ya huyun götürər, ya xasiyyətin

Atun almamış axurun bağlır.

Atını satan qaturun ala bilməz.

Az olsun, yaxşı olsun.

Az ver çox yalvar, çox ver az yalvar

Aza qane ol, çoxu Allahdan istə.

Azın qədrini bilməyən çoxun da qədrini bilməz.

Dəlilər dünyanı əkdilər, ağıllı indi cüt qoşur!

Dəliyə ağıl, qaraya sabun kar eyləməz.

Dəliyə gündə bayramdır.

Dəliyə halva-külçə neyləsinə Dəliyə sorğu olmaz.

Dəliyə yüz öyrət, öz bildiyini eylər.

Dəmirçi bilir qızıl nədirə Dəmirçi yanından keçən qığılcım yeyər.

Dəmirçidə bıçaq tapılmaz.

Dəmir nəmdən, insan qəmdən çürüyər.

 

ƏLİŞAHDA TAPMACALAR

Bizim evdə dörd gəlin var dördü bir boyda - otağın dörd bucağı.

O nədir ki, göydən yerə sallanar - yağış.

O nədir ki, qatarlanar yollanar - ölü.

Bir qırmızı divar üstə otuz iki quş oturub - diş.

O nədir ki, dağda şaqqıldar, suda şappıldar - ildırım.

O nədir ki, yer altında yasa gedər - gavahın (xış).

Kənddə solmayan obada fərman - xoruz, it.

O nədir ki, balalarını dövrəsinə yığar sızlayar - samavar.

Bir otaqda iki ab-hava - yumurta.

Bizim evdə bir quyu var, abi-zəmzəm suyu var, başında cövhər dənəsi - çıraq.

Bir atım var kəhani, gəzər bütün cahanı, ətini yemək olmaz əti var, qanı - yel.

Ağzı dardı əlamət, içi qırmızı qiyamət, yaş vurarsan quru çıxar, səlli əla Məhəmməd - təndir çörək.

Uca dağdan alçaq dama qar yağar - ələk.

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.