Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Digər xəbərlər

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

İyulun 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2022-ci il 27 may tarixli iclasının protokolu təsdiq olunub.

Sonra seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın yenidən formalaşdırılması məsələsinə baxılıb. Xatırladılıb ki, 2022-ci ilin daimi seçici siyahılarının tərtib olunması və dəqiqləşdirilməsi prosesi yekunlaşdıqdan sonra bir sıra seçki məntəqələrinin ərazisində seçici sayının Seçki Məcəlləsi ilə müəyyən edilmiş saydan çox olması müəyyən olunmuşdu. Bu səbəbdən də Komissiya seçici sayı qanunvericiliklə müəyyənləşdirilmiş saydan çox olan seçki məntəqələrinin ərazisində təxirə salınmadan əlavə seçki məntəqələrinin yaradılmasını müvafiq dairə seçki komissiyalarına həvalə etmişdi. Qeyd olunub ki, Mərkəzi Seçki Komissiyasının müvafiq qərarından sonra Seçki Məcəlləsinin tələblərinə ciddi əməl edilməklə gerçəkləşdirilən intensiv və genişmiqyaslı fəaliyyət nəticəsində 103 seçki dairəsi üzrə 832 yeni seçki məntəqəsi yaradılıb və beləliklə ölkə üzrə ümumi seçki məntəqələrinin sayı 6274-ə çatdırılıb.

İclasda bildirilib ki, Seçki Məcəlləsinin tələblərinə əsasən seçki dairələrinin yaradılması sxemini, onun qrafik təsvirlərini, habelə seçki dairələrinin hüdudlarına dair təklifləri Mərkəzi Seçki Komissiyası tərəfindən yaradılan və mütəxəssislərdən ibarət olan komissiya hazırlayır. Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə sözügedən komissiyanın işinə Mərkəzi Seçki Komissiyasının sədr müavini rəhbərlik edir və vəzifəsinə görə o, komissiyanın sədri hesab olunur. Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə formalaşması əsas məqsədi seçki dairələrinin qanunvericiliyin tələblərinə uyğun yaradılmasını təmin etmək olan komissiyanın da yeni tərkibdə təsdiq edilməsi zərurətini ortaya çıxarıb. Yuxarıda sadalananlar və Seçki Məcəlləsinin tələbləri əsas götürülərək, seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya Mərkəzi Seçki Komissiyasının sədr müavininin rəhbərliyi ilə müvafiq Komissiya üzvləri və aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət tərkibdə yenidən təsdiq edilib.

Komissiyanın iclasında, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib və cari məsələlərə baxılıb.

AZƏRTAC