DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

COZEF BAYDEN PENTAQONUN TÖVSIYƏSI ILƏ RAZILAŞIB

ABŞ prezidenti Cozef Bayden Pentaqonun avqustun 31-dək Əfqanıstandan qoşunların tam çəkilməsi tövsiyəsi ilə razılaşıb. “APA” xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Administrasiyasındakı mənbəyə istinadən “Röyters” agentliyi məlumat yayıb.

Məlumata əsasən, prezident Cozef Bayden Pentaqondan zərurət yarandığı təqdirdə qoşunların Əfqanıstandan çıxarılması vaxtının uzadılmasını istəyib. Pentaqon ötən gün Prezident Administrasiyasına ABŞ qoşunlarının üzləşə biləcəyi təhlükəsizlik riskləri ilə bağlı tövsiyəsini təqdim edib.

Qeyd edək ki, “Taliban” sözçüsü Zəbihulla Mücahid keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması razılaşdırılan vaxtda başa çatdırılmalıdır və “Taliban” təxliyə müddətinin uzadılmasına razı olmayacaq.

 

“TALIBAN” ƏFQANISTANI IDARƏ ETMƏK ÜÇÜN ŞURA YARADACAQ

“Taliban” hərakatının rəhbərliyi Əfqanıstanı idarə etmək üçün şura yaratmaq niyyətindədir. Onlar şuraya 12 nəfər, həmçinin ölkənin əvvəlki hökumətinin bəzi üzvlərini də daxil etmək istəyirlər. “Trend” agentliyinin məlumatına görə, bu barədə “Foreign Policy” jurnalı hərəkatın liderlərinə yaxın mənəblərə istinadən xəbər yayıb.

Məlumata əsasən, şurada ən nüfuzlu üç şəxs “Taliban” siyasi qanadının lideri Əbdül Qani Baradar, hərəkatın qurucusu Molla Ömərin oğlu “Taliban” hərbi komissiyasının rəhbəri Moulavi Yaqub və səhra komandiri, eləcə də “Haqqani Şəbəkəsi” təxribat qrupunun lideri Siracuddin Haqqani olmalıdır.

Qeyd edilir ki, “Taliban” Əfqanıstanda prezident və ya hər hansı digər vahid lider postunu bərpa etmək istəmir. Bundan əlavə, əvvəlki hökumət üzvlərindən bəzilərinə onların seçiminə əsasən yeni kabinetdə nazir vəzifələrini təklif etmək niyyətindədirlər.

 

ABŞ KƏŞFIYYATI “COVID-19”UN MƏNŞƏYI BARƏDƏ HESABAT HAZIRLAYIB

Amerikanın kəşfiyyat xidmətlərinin koronavirus infeksiyasının yaranma səbəbləri ilə bağlı apardıqları araşdırmaların nəticələrinə dair hesabatı ABŞ prezidenti Cozef Baydenə təqdim edəcəklər. “Report” xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki bəyan edib.

Ağ Ev nümayəndəsinin sözlərinə görə, hesabat dövlət başçısına təqdim edildikdən bir neçə gün sonra ictimaiyyətə açıqlanacaq.

“Ümumiyyətlə, xüsusi versiyanı ictimaiyyətə təqdim etmək bir neçə gün çəkir. Əlbəttə ki, kəşf edilən hər şey haqqında ilk məlumatı prezident alacaq, buna görə dəqiq bir tarix yoxdur. Lakin düşünürəm ki, bu bir neçə gün sonra olacaq”.

 

YAPONIYA KRIPTOVALYUTA TƏNZIMLƏNMƏSINI SƏRTLƏŞDIRIR

Yaponiyanın Maliyyə Xidmətləri Agentliyi investorları qorumaq məqsədilə rəqəmsal aktivlərə münasibətdə daha sərt qaydaların müzakirəsinə başlayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, agentlik gələn ilin ortasına kimi normativ-hüquqi bazaya düzəliş etmək niyyətindədir.

Məlumata görə, Maliyyə Xidmətləri Agentliyi  kriptovalyutaların tənzimlənməsi üzrə bölmə yaradıb. Belə bir addımın atılması hökumətin özəl pulların yeni formalarının ölkənin maliyyə sisteminə xələl gətirə biləcəyinə dair artan narahatlığı ilə izah edilir.

Qeyd edilir ki, 2022-ci ilin aprelində ölkədə virtual xidmət tədarükçüləri tərəfindən transaksiyalar barədə məlumatların təqdim edilməsini məcburi edəcək qaydalar qüvvəyə minəcək.

 

LAVROV: MƏRKƏZI ASIYADA ABŞ HƏRBÇILƏRINI GÖRMƏK ISTƏMIRIK

Rusiya Mərkəzi Asiyada Amerika hərbçilərini görmək istəmir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

“Səhv etmirəmsə “Wall Street Journal” soruşurdu ki, Rusiya amerika hərbçilərini Mərkəzi Asiyada görmək istəyərdimi? Xeyr. Bizim ümumi təhlükəsizlik məkanımız var və bu məkanın öz öhdəlikləri mövcuddur. Mən xarici silahlı qüvvələrin yerləşdirilməsi ilə bağlı məsələlərdə bütün müttəfiqlərin razılığını nəzərdə tutan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını nəzərdə tuturam”, - deyə Sergey Lavrov vurğulayıb.

Rusiyanın XİN başçısı bildirib ki, amerikalılar Əfqanıstandan çıxarkən infrastruktur və silahların, eləcə də hərbçilərin bir hissəsini qonşu ölkələrin ərazisinə yerləşdirmək istəyib. Lavrov qeyd edib ki, bununla da ABŞ Əfqanıstan “özünü pis aparacağı” təqdirdə ona zərbə endirmə imkanı əldə etmək istəyib.

 

“G7” LIDERLƏRI ƏFQANISTANLA BAĞLI MÜZAKIRƏLƏR APARIBLAR

“G7” liderlərinin virtual görüşündə Əfqanıstanla bağlı müzakirələr aparılıb. “Report”un məlumatına görə, NATO-nun baş katibi Yens Stoltenberq görüşdən sonra bildirib ki, virtual toplantıda Əfqanıstandan təxliyənin koordinasiyası və terrorçuların ölkəyə qayıtmasının qarşısının alınması məsələləri müzakirə edilib.

“G7” liderləri ilə Əfqanıstan mövzusunda mühüm bir müzakirə oldu. NATO təxliyəni təmin etmək üçün koordinasiyasını davam etdirir. Terror qruplarının Əfqanıstanda sərbəst şəkildə fəaliyyətinin qarşısını almalıyıq”, - deyə Yens Stoltenberq vurğulayıb.

Avropa Şurasının rəhbəri isə görüşdə bildirib ki, “G7” koalisiya dövlətlərinin vətəndaşlarının Əfqanıstandan tamamilə çıxarılmasına üstünlük verir və “Taliban”ı hava limanına girişi təmin etməyə çağırır.

 

RUSIYA BÖLGƏYƏ YENI RAKETLƏR GÖNDƏRIB

Rusiya Tacikistandakı hərbi bazasına yeni “Kornet” tank əleyhinə raket sistemləri partiyası göndərib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Rusiyanın Mərkəzi Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Açıqlamada raket sistemlərinin artıq xidmətə cəlb olunduğu vurğulanır.

Bildirilir ki, “Kornet” sistemləri zirehli maşınlar, helikopterlər və dronları məhv etmək üçün hazırlanıb. Raket lazer şüası ilə idarə olunur. Raketin maksimal uçuş məsafəsi 5,5 kilometr, minimumu isə 100 metr təşkil edir.

Məlumdur ki, Tacikistandakı Rusiya hərbi bazasının gücləndirilməsi ilə bağlı qərar Əfqanıstanda vəziyyətin gərginləşməsi fonunda verilib.

 

ƏLCƏZAIR MƏRAKEŞLƏ DIPLOMATIK ƏLAQƏLƏRI DAYANDIRIR

Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra ölkəsinin Mərakeşlə diplomatik əlaqələri kəsmək qərarına gəldiyini açıqlayıb. Bu barədə “Report” agentliyi “Röyters”ə istinadən xəbər verib.

Bununla yanaşı, Ramtan Lamamra əlavə edib ki, Mərakeş Əlcəzairə qarşı “düşmənçilik hərəkətləri” nümayiş etdirir.

Əlcəzair və Mərakeş arasındakı fikir ayrılığı Şimali Afrikada mübahisəli ərazi olan Qərbi Sahara problemi ilə bağlıdır.

XIX əsrin sonunda Afrikanın müstəmləkə bölgüsü zamanı ərazi İspaniyaya keçib. Mərakeş müstəqillik qazandıqdan sonra Qərbi Saharaya iddia irəli sürüb. 1975-ci ildə Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi ərazinin heç bir dövlətə aid olmadığı qənaətinə gəlib.

2020-ci il noyabrın 14-də Mərakeş Qərbi Saharanı birləşdirmək üçün hərbi əməliyyata başlayıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.