Zəngilanda radio və televiziya yayımı təmin olundu
Sosial həyat

Zəngilanda radio və televiziya yayımı təmin olundu

Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmanının icrası ilə əlaqədar işğaldan azad olunmuş ərazilərdə infrastrukturun, o cümlədən radio-televiziya yayım stansiyalarının işinin bərpası istiqamətində işlər davam etdirilir.

İşğaldan azad olunmuş ərazilərdə radio-televiziya yayımlarının bərpası ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (Teleradio İB) tərəfindən Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən Mincivan Radio-Televiziya Yayım Stansiyasının mövcud 30 metrlik qülləsindən istifadə olunmaqla 8 TV və 2 radio proqramının Zəngilan şəhəri və Zəngilan rayonunun 10-dan artıq kəndində yayımı təmin olunub.

Bu günə kimi isə Şuşa Radio-Televiziya Yayım Stansiyasında müvafiq avadanlıqlar quraşdırılaraq 31 dekabr 2020-ci il tarixindən etibarən radio-televiziya yayımı Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrində bərpa edilib. Həmçinin 04.10.2021-ci il tarixində Kəlbəcər şəhərində 17 metrlik yeni metal qüllə və müvafiq yayım avadanlıqları qurularaq istismara verilməklə Kəlbəcər şəhəri və rayonun ətraf 15 kəndində 8 TV və 1 radio proqramının yayımına başlanılıb.

Hazırda işğaldan azad olunan digər ərazilərdə radio və televiziya yayımlarının bərpası istiqamətində işlər davam etdirilir. O cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsinin Şahyeri kəndi ərazisində yerləşən Şahyeri stansiyasında da  işlərin  cari ilin sonunadək yekunlaşması  nəzərdə tutulur. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində rabitə xidmətlərinin təşkilinə dair Fəaliyyət Proqramı”na uyğun olaraq azad olunmuş digər ərazilərdə işlər aparılır.

***                         

“Baktelecom” onlayn xidmət sahəsini genişləndirdi

Bakı Telefon Rabitəsi MMC (Baktelecom) istifadəçilərin rahatlığını təmin etmək məqsədilə internet tariflərinin onlayn dəyişdirilməsi funksiyasını yaradıb. Artıq “Baktelecom”un rəsmi veb-saytı üzərindən “mövcud tarifi dəyiş” bölməsində internet sürətini asanlıqla yeniləmək mümkündür. Sözügedən funksiyadan istər optik, istərsə də ADSL xidməti alan bütün istifadəçilər yararlana bilirlər.Bir müddət öncə “Baktelecom” internet sürətlərini artırıb, bunun müqabilində aylıq ödəniş haqqını endirib. Hazırda mövcud istifadəçilər əlavə vaxt itirmədən və rabitə xidmətləri mərkəzlərinə yaxınlaşmadan yenilənmiş tariflərə qoşulacaqlar.

Bundan öncə “baktelecom.az” saytı üzərindən “onlayn qoşulma” funksiyası da aktivləşdirilib. Sözügedən bölmə vasitəsilə vətəndaşlar optik internet xidmətinə qoşulmanı məsafə qət etmədən seçdikləri tarif əsasında onlayn sifariş etmək imkanına malikdirlər.

Müştəri məmnunluğunun təmin edilməsi məqsədilə “Baktelecom”un müraciətlərin qəbulunu 24/7 həyata keçirən “155 Çağrı Mərkəzi", rəsmi veb-saytında onlayn çat bölməsi və sosial şəbəkələrdə hesabları mövcuddur. Vətəndaşlar telekommunikasiya xidmətləri ilə bağlı sorğularını sözügedən əlaqə vasitələri ilə  ünvanlaya bilərlər.  

                                                  Əli SADIQOV,

                                                  “Respublika”.