Sabahın qurucuları
Sosial həyat

Sabahın qurucuları

Uşaqlar bizim gələcəyimizdir. Onların rifah içində yaşaması, təhsil alması hər bir dövlətin prioritet məsələsi olmalıdır. 1954-cü ildə BMT Baş Məclisi bütün dünyada uşaqların həyat şəraitinin yaxşılaşdırılması məqsədilə 20 noyabr gününü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb. 1959-cu il noyabrın 20-də Baş Məclis Uşaq Hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin günündə isə Uşaq hüquqları haqqında Konvensiyanı qəbul edib. Beləliklə, 20 noyabr Ümumdünya Uşaq Hüquqları Günü kimi qeyd olunur.

Uşaq hüquqları haqqında Konvensiya - BMT tərəfindən qəbul edilmiş saziş olaraq dünyanın hər yerində yaşayan uşaqların konvensiya ilə müəyyən edilmiş hüquqlarını təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyənləşdirir. Uşaqlar irqindən, dinindən, dərisinin rəngindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətlərindən asılı olmayaraq öz hüquqlarından istifadə etməlidirlər. Konvensiyada bu hüquqlar müəyyən formada qruplaşdırılmayıb. Lakin şərti olaraq bu hüquqları dörd qrupa bölmək olar. Burada inkişaf, özünümüdafiə, iştirak, yaşamaq hüquqları əhatə olunur. Müdafiə hüquqları, uşaqları müxtəlif zorakılıq, müharibələr və uşaq əməyinin istismarından, narkotik maddələrin istifadəsindən qoruyur. Bunlardan əlavə, Konvensiya azad fikir söyləmək, cəmiyyətdə fəal iştirak etmək, yaşamaq və bunun üçün lazımi tələbatları təmin etmək hüquqlarını da təmin edir. İnkişaf hüquqları isə uşaqların təhsil almaq, oynamaq və istirahət etmək, məlumat almaq və dini hüquqlarını nəzərdə tutur.

Uşaq hüquqları haqqında Konvensiya uşaqların hüquqlarının qorunması sahəsində hazırlanmış ən mükəmməl beynəlxalq sənəddir. Dünyada hələ də minlərlə uşaq dünyaya gəlmədən ana bətnində öldürülür, oxuma haqları əllərindən alınır və ya erkən yaşda evləndirilir. Bunların hər biri uşaqlara qarşı yönəlmiş ən böyük cinayətdir. Konvensiyanın məqsədi də məhz bu kimi halların qarşısını almaq, minimum səviyyəyə çatdırmaqdır. Konvensiya bu işə qoşulmuş ölkələri uşaqlara, öz vətəninin sosial-iqtisadi həyatında daha yaxından iştirak etmək üçün şərait yaratmağa çağırır. Azərbaycan da 1992-ci ildən bu Konvensiyaya qoşulmuş 189 ölkə sırasında yer alır. Ölkəmiz sonralar isə həmin sənədin müvafiq protokollarına qoşulub və bu konvensiyadan irəli gələn hər bir məsələnin həllinə çalışılır. Hər il bu gün münasibətilə ölkəmizdə tədbirlər, sərgilər, uşaqlar arasında müsabiqələr keçirilir.

Ulu Öndərin təşəbbüsü ilə 1998-ci il 19 may tarixində Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu qəbul edilib. Bu qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarının və azadlıqlarının, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir.

2004-cü il 13 yanvar tarixdə "Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair Konvensiyaya qoşulma barəsində", 2005-ci il 24 may tarixdə "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikasının qanunları qəbul edilib. Müvafiq sahədə dövlət uşaq siyasətinin hüquqi əsasları formalaşdırılıb, zəngin qanunvericilik bazası yaradılıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2009-cu ilin "Uşaq İli" elan edilməsi uşaqların vəziyyətinin yaxşılaşdırılması, uşaq hüquqlarının müdafiəsinin gücləndirilməsi baxımından yeni bir mərhələ açıb. Ölkəmizdə uşaqlara verilən dəyər olduqca yüksəkdir. Onların təhsil alması üçün ciddi addımlar atılır, məktəblər ən son texnologiyalarla təmin edilir, xarici ölkələrlə mübadilə proqramları tətbiq edilir. Ölkəmizdə uşaqların sağlamlıqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli Sərəncamı ilə "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib, "Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunub.

Uşaqlar bizim gələcəyimizdir. Uşaqlar gülərsə, dünya gülər!

Töhfə SƏMƏDOVA,

"Respublika".