Zəngilana qürurla, böyük arzularla qayıdırıq
Region

Zəngilana qürurla, böyük arzularla qayıdırıq

Yurdumuzun hər guşəsi gözəl, cazibədar, ecazkardır, Azərbaycan təbiətin bəxş etdiyi bütün sərvətlərlə zəngindir. Torpaqlarımız münbit, bərəkətlidir, yerin altı da, üstü də təbii xəzinədir. Ərazisindən dörd çay keçən Zəngilan çinarlar yurdudur. Qədim tarixi əks etdirən abidələr burada torpaqdan baş qaldırır. Bu yerlərdə əkinçilik ənənələri bölgənin şöhrətini hər zaman artırıb.

Otuz ilə yaxın işğal müddətində dağları saran duman bu yerlərdən uzaq düşüb, göy üzündəki buludlar dolub boşalıb, çiçəkləri solub. Tariximizə şərəflə və qürurla yazılan İkinci Qarabağ müharibəsində ən uğurlu döyüş əməliyyatlarından biri də Zəngilanda aparılıb. Burada hər qarış torpaq naminə şiddətli döyüşlər gedib, qəhrəman oğullarımızın şücaəti, hünəri sayəsində bu qanlı savaş Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. Qürur hissi ilə qeyd edək ki, 2020-ci il oktyabrın 20-də Zəngilan işğalçılardan azad edilib.

Cəmi bir aydan sonra, həmin il dekabrın 23-də Prezidentimiz, Qalib Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Zəngilan rayonunda səfərdə olublar. Erməni separatçılar və şovinistlər tərəfindən Zəngilanda törədilən vandallıq, vəhşilik sərhəd tanımayıb, dini-etnik nifrət zəminində müsəlmanların ibadət yeri olan məsciddə heyvan saxlanılıb. Bütün bu rəzalətlər və düşmənçilik bizim nə qədər təhlükəli, həm də qəddar düşmənlə qarşılaşdığımızı göstərir. 44 gün davam edən Vətən müharibəsi Qarabağda və Şərqi Zəngəzurda erməni işğalına son qoydu.

İşğaldan azad edilən ərazilərdə bərpa və yenidənqurma işləri ilk dəfə Zəngilan rayonundan başlanılıb. Dövlətimizin başçısının müəyyən etdiyi quruculuq strategiyası uğurla və dəqiq plan əsasında həyata keçirilir. Diqqətə çatdıraq ki, Zəngilanın davamlı gələcəyinə birbaşa töhfə verəcək beş əsas inkişaf istiqaməti müəyyən edilib: kənd təsərrüfatı, mədən sənayesi, nəqliyyat və logistika, turizm və yaşıl enerji. Bu istiqamət üzrə genişmiqyaslı işlər həyata keçirilir, quruculuğa və mədən sənayesinin yüksəlməsinə investorlar cəlb edilir. Ağalı kənd sakinlərinin Şərqi Zəngəzura, doğma yurd yerlərinə, dədə-baba ocaqlarına qayıdışı davam edir. Hazırda 86 ailə - 420 nəfər yaşayan Ağalıda məskunlaşan sakinlər yüksəkkeyfiyyətli, "ağıllı" texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar. Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin edilirlər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində çalışırlar. Böyük Qayıdış Proqramına əsasən Ağalıya köçürülmüş əhali üçün bütün infrastruktur yaradılıb.

2023-cü il iyunun 17-si ağalıların yaddaşından heç zaman silinməyəcək. Həmin gün dövlətimizin başçısı, Qalib Ali Baş Komandan İlham Əliyev və qonağı - Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə birlikdə Ağalı kəndində yaradılan şəraitlə tanış oldular. Ağalı kəndini gəzən Prezidentimizə və onun ali qonağına ağalıların doğma, səmimi münasibəti, şükranlıq ifadə edən sözləri, minnətdarlıqlar yıxılmış bir elin yenidən ayaq üstə qalxmasından, gələcək xoşbəxt günlərindən xəbər verirdi. Artıq iki ildir ki, ağalılar öz dədə-baba yurdlarında yaşayır, təsərrüfatla, əkin-biçinlə, bostançılıqla məşğul olurlar.

Xatırladaq ki, kəndin təməli 2021-ci ilin aprel ayında dövlət başçısı İlham Əliyev tərəfindən qoyulub. Layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılıb. "Ağıllı kənd" rayonun 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Burada 200 fərdi ekoloji evin, iki mərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi başa çatdırılıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin tikintisi nəzərdə tutulur. "Ağıllı kənd"də məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər - "ASAN", "DOST", kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur.

Qeyd edək ki, işğaldan azad edilən bütün ərazilərdə ən yüksək səviyyədə quruculuq işləri aparılır, bu ərazilərin əzəli sakinlərini öz doğma yurdlarına qaytarmaq istiqamətində sürətli addımlar atılır. İndiyədək 8 şəhər və 92 kəndin Baş planı təsdiqlənib, müxtəlif rayonlarda 30 kəndin təməli qoyulub. Böyük Qayıdış Proqramının sürətli icrası nəticəsində Laçın və Füzuli şəhərlərinin, Ağalı, Talış və Zabux kəndlərinin sakinlərinin öz yurdlarına qayıdışı başlanıb. Yeri gəlmişkən qeyd edək ki, Şərqi Zəngəzur iqtisadi rayonuna Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları daxildir. İqtisadi rayonun ümumi ərazisi 7,47 min kvadratkilometr, əhalisinin sayı 343,5 min nəfərdir. Həmin rayonlarda iqtisadiyyatın əsas sahələrini kənd təsərrüfatı, sənaye və turizm təşkil edəcək. Şərqi Zəngəzurda zəngin təbii ehtiyatlar mövcuddur və bu bərəkətli torpaqlarda qızıl, civə, mərmər, üzlük tikinti daşları, kopal və digər mineral ehtiyatlar vardır. Bundan başqa, Zəngilanda turizm, kənd təsərrüfatı, nəqliyyat, logistika, ətraf mühitin qorunması, bura qayıdacaq insanlar üçün lazımi şəraitin yaradılması istiqamətində işlər sürətlə aparılır. Artıq "Zəngilan" yarımstansiyası işə salınıb. Həmin elektrik stansiyası rayon ərazisində yerləşən hərbi hissələri, sərhəd xidmətinin obyektlərini, bir sıra infrastruktur layihələri həyata keçirən dövlət və yol-tikinti şirkətlərini elektrik enerjisi ilə təmin edir. Qeyd edək ki, əhalinin artımını və gələcək inkişafı nəzərə alaraq stansiyanın gücü 50 meqavata çatdırılıb. Zəngilan Hava Limanı istifadəyə verilib, yol infrastrukturu tamamilə yenidən qurulur.

Ermənistan tərəfindən 30 il ərzində tamamilə dağıdılan ərazilərdə yeni yaşayış məskənləri salınır. Çünki işğal dövründə Ermənistan torpaqlarımızda heç bir tikinti-quruculuq işi aparmayıb, əksinə olanları tamamilə dağıdıb. Bu səbəbdən də Azərbaycan yoldan tutmuş, kənd təsərrüfatı əkinlərinə qədər bütün sahələrdə işləri sıfırdan başlayıb. Üstəlik, ərazilərin minalardan təmizlənməsi də vaxt və böyük maliyyə tələb edir. Prezidentimiz İlham Əliyevin bərpasına başlanan Zəngilan şəhərində keçirilən "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumundakı çıxışında qeyd etdiyi kimi, Azərbaycan azad olunan ərazilərdəki bütün işləri öz hesabına həyata keçirir: "İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard ABŞ dolları olacaqdır. Biz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almırıq. Burada istisna iki qardaş ölkədir - Özbəkistan və Qazaxıstan prezidentləri çox səxavətli şəkildə bizə biri məktəb, biri isə incəsənət mərkəzini hədiyyə edib".

Şəhərsalma ilə bağlı ikinci forumun keçirildiyi Zəngilan rayonunda müxtəlif istiqamətlərdə fəal işlər həyata keçirilir. Dövlətimizin başçısının verdiyi məlumatdan aydın olur ki, şəhərin Baş planı artıq təsdiq edilib. İnfrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilir. 2025-ci ildə ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri öz evlərinə qayıdacaqlar. Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Gələcəkdə Zəngilanda xarici turistlərin sayı çox olacaqdır. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir.

Beynəlxalq forumdan bir gün əvvəl, Prezidentimiz İlham Əliyev sentyabrın 28-də təməlini qoyduğu Zəngilan kəndində 1631 sakin üçün 306 fərdi evin və 102 mənzildən ibarət 2-3 mərtəbəli bloklaşdırılmış evlərin tikilməsi nəzərdə tutulur.

İşğaldan azad edilən torpaqlar yenidən canlanır, erməni vəhşiliyinin ağır izləri aradan qaldırılır. Yeni şəhərlər və kəndlər tikilir, özü də hər bir iş zərgər dəqiqliyi ilə, yüksək keyfiyyətlə və müasir texnologiyalarla həyata keçirilir. Bu gün qürurla deyə bilərik ki, biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq. Bir sözlə, dostlara güvən, düşmənlərə göz dağı olan Zəngilanı isə xoşbəxt, firavan gələcək gözləyir.

Salman ALIOĞLU,

"Respublika".