Zəlzələ bölgəsində quruculuq işləri davam edir
Digər xəbərlər

Zəlzələ bölgəsində quruculuq işləri davam edir

Bu il fevralın 6-da qardaş ölkədə baş verən təbii fəlakətin fəsadları aradan qaldırılır. Zəlzələ qurbanlarının sayı artıq 46 mini keçib. Hadisə nəticəsində 160 mindən çox bina dağılaraq yararsız vəziyyətə düşüb. Zəlzələdən zərərçəkənlərin müvəqqəti yaşaması üçün 313 min çadır qurulub. Bundan əlavə, 100 min konteyner evinin tikilməsi planlaşdırılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyənin Milli Risk Qalxanı” layihəsinin təqdimat mərasimində qəsəbə planlarının yenidən tərtib edilməsi zamanı şəhərlərin mümkün qədər düzənlikdən dağlara, möhkəm zəminə istiqamətləndirilməsinin nəzərdə tutulduğunu bildirib. O, həmçinin Kahramanmaraşda zəlzələlərdən zərərçəkmiş vilayətlərdə 214 min dağılmış, təcili sökülməli olan və ya ciddi zədələnmiş binaların olduğunu da vurğulayıb. Xatırladaq ki, bundan sonra tikiləcək binaların 4 mərtəbədən yüksək olmaması planlaşdırılır.

Bu bir faktdır ki, zəlzələ baş verdiyi andan etibarən dövlətimiz qardaş ölkəyə hər cür yardım göstərir. Ölkə başçımızın tapşırığına uyğun olaraq Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin humanitar yardımları təyyarə ilə qardaş ölkəyə yola salınmışdır. Heydər Əliyev Fondu tərəfindən də Türkiyəyə yardımlar göndərilmişdir. Fond, həmçinin qardaş ölkədəki təbii fəlakət zamanı həlak olan azərbaycanlıların ailələrinə də maddi yardım göstərir. Baş verən təbii fəlakətin fəsadlarını aradan qaldırmaq məqsədilə bəzi xarici ölkələr də Türkiyəyə gəlmişdir. Zəlzələnin vurduğu ziyan hələ tam aradan qaldırılmamış bu il fevralın 20-də daha iki zəlzələ qeydə alınmışdır. Bundan başqa, Türkiyənin Ədliyyə Nazirliyi Kahramanmaraşdakı təbii fəlakətdən zərərçəkmiş vilayətlərin prokurorluqlarına Zəlzələ Cinayətləri üzrə İstintaq İdarələrinin yaradılması üçün məktub göndərmişdir. Buna əsas səbəb dağılan binalara görə məsuliyyət daşıyan şəxsləri müəyyən etmək və dəlillərin yox edilməməsinə qarşı mübarizə tədbirləri görməkdir. Statistikaya əsasən baş verən təbii fəlakətdən ən çox zərərçəkən, ən çox dağıntı və insan tələfatı yaşayan şəhərlərdən biri məhz Hatay bölgəsidir. Əfsuslar olsun ki, qardaş ölkənin tamamilə bu zəlzələlərdən canını qurtardığını demək mümkün deyil. Çünki təbii fəlakətlər bitsə də, afterşoklar hələ də davam edir. Həmçinin,  fasilələrlə 3-4 ballıq zəlzələlər də qeydə alınır. Bu ağır günlərdə qardaş ölkənin tək olmadığını, ölkəmizin daim Türkiyənin yanında dayandığını xatırlatmaq istəyirik. Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir, Türkiyə.

Nəzrin ELDARQIZI,

“Respublika”.