Zəfər yeni tariximizin ən şərəfli səhifəsidir
Siyasət

Zəfər yeni tariximizin ən şərəfli səhifəsidir

Azərbaycan xalqına şanlı Zəfər bəxş etmiş İkinci Qarabağ müharibəsinin birinci ildönümü tamam olur. Bu möhtəşəm qələbə dövlət müstəqilliyimizin bərpası və müstəqil Azərbaycan dövlətinin qurulması ilə birlikdə son 30 illik tariximizin ən parlaq səhifəsinə, xalqımızın Vətən və torpaq sevgisinin yenilməzliyinin təntənəsinə çevrildi. Vətən müharibəsi dövlətimizin qüdrətinin, xalqımızın mətanətinin, ordumuzun şücaətinin, Prezidentimizin uzaqgörənliyinin nümayişi olaraq tarixə yazıldı.

Azərbaycanı möhtəşəm tarixi qələbəyə aparan yolun əsası əslində 1993-cü ilin iyun ayında, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə qoyulmuşdur. Müstəqil dövlətin qurulması, hərtərəfli iqtisadi və siyasi islahatların həyata keçirilməsi, nizami ordu quruculuğu, dövlətin iqtisadi qüdrətinin artırılması ölkəmizin erməni təcavüzü nəticəsində pozulmuş ərazi bütövlüyünün təmin edilməsi üçün imkanların yaradılması istiqamətində atılan addımlar idi.

Artıq bir ilə yaxındır ki, yeni tarixi reallıqlar içərisində yaşayırıq.30 illik münaqişənin sona çatması, Azərbaycanın ərazi bütövlüyünün bərpası, Qarabağın azad edilməsi daha geniş coğrafiyanın reallıqlarının dəyişməsi ilə müşahidə olunmuşdur.

Ötən ilin 27 sentyabr günü Azərbaycanın haqq yolunda səfərə çıxdığı, haqq uğrunda ayağa qalxdığı gün kimi tarix salnaməmizə silinməz izlərlə həkk olundu.

O gün Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması, səbrimizi daşıran son damla oldu və müharibəni qaçılmaz etdi.

Hələ buna qədərki dövrdə də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdı.İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdu. Həmin vaxt Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək sarsıdıcı zərbələrlə öz yerlərinə otuzdurmuşdu. Amma görünür, o zaman Ermənistan bu acı məğlubiyyətini düzgün dəyərləndirməmişdi ki, sentyabrın 27-də bir daha sərhədlərimizə təcavüz etmək qərarına gəlmişdi.Lakin daha Ermənistanın illər ərzində nümayiş etdirdiyi işğalçılıq siyasətinə dözüm yox idi və həmin andan etibarən Azərbaycan Silahlı Qüvvələri, Rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etmək üçün haqq mübarizəsinəVətən uğrunda ölüm-dirim savaşına qalxdı.

Ötən ilin 27 sentyabrında başlayan Vətən müharibəsi cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatdı. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ uğrunda çıxdığı  müqəddəs yürüşün hər bir günü zəfər gününə çevrildi. Ali Baş Komandanın “İrəli” əmri ilə mənfur düşmən üzərinə yeriyən cəsur döyüşçülərimiz “bu yolda öldü var, döndü yox”, deyərək, çıxmışdılar haqq savaşına. Azərbaycanın mərd oğulları 44 gün ərzində bəşər tarixində misli görülməmiş qəhrəmanlıq, vətənpərvərlik nümayiş etdirdilər, dünya hərb sahəsində yeni döyüş təcrübəsi yaratdılar.

Bu il yanvarın 15-də qəhrəman oğullarımızın açdığı Zəfər yolu ilə Şuşaya səfər edən Müzəffər Ali Baş Komandan bu müharibəni XXI əsrin müharibəsi adlandırdı. İlham Əliyev həmin gün döyüşçülərlə görüşü zamanı səsləndirdi ki, biz bir gün belə geri addım atmadıq. Bu, müharibələrdə çox nadir hallarda müşahidə edilən bir mənzərədir: “Müharibələrdə hücumlar olur, geriyə çəkilmə olur, manevrlər olur, biz isə hər gün qabağa gedirdik. Hər həftə onlarca yaşayış məntəqəsini işğalçılardan azad edirdik”.

Qəhrəman döyüşçülərimiz sentyabrın 27-dən, Vətən müharibəsinin elə ilk günündən ön cəbhə xəttini uğurla yardı, yaşayış məntəqələrimizi, yüksəkliklərimizi işğaldan azad edərək xalqımızın 30 illik Qarabağ yarasına məlhəm çəkdi. Döyüş başlayandan qısa müddət sonra Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Suqovuşan, Hadrut qəsəbələri, Xocalının və Kəlbəcərin bir hissəsi, Murovdağ silsiləsi, Laçının cənub hissəsi, strateji yüksəkliklər düşməndən azad edildi.

Qəhrəman Azərbaycan döyüşçüləri 9 Noyabr--Bayraq Günündə işğal altında olan daha 70 kəndimizi azad edərək xalqımıza bir daha qələbə sevinci yaşatdılar. Ali Baş Komandan İlham Əliyevin ötən illər ərzində qurduğu müasir Azərbaycan Ordusu yüksək peşəkarlığı sayəsində çox qısa zamanda düşmənə sarsıdıcı zərbələr endirərək 300-dən çox yaşayış məntəqəsini və Qarabağın tacı Şuşanı azad etdi. 2020-ci il noyabrın 8-də şanlı ordumuz Azərbaycanın üçrəngli bayrağını Şuşada dalğalandırdı.

Düşmənə qarşı sülhə məcburetmə tədbirləri çərçivəsində Ermənistan kapitulyasiyanı imzalamaqla, Kəlbəcər, Laçın və Ağdam rayonlarını qan tökülmədən qaytarmaq öhdəliyini öz üzərinə götürdü. Bu o deməkdir ki, onlar yalnız döyüş meydanında deyil, diplomatik müstəvidə də məğlub oldular.

Qətiyyətli və prinsipial Azərbaycan Prezidentinin, qüdrətli Azərbaycan Ordusunun daha bir möhtəşəm uğuru isə cəmi 20 gün ərzində Ağdam, Laçın və Kəlbəcər rayonlarından düşməni qoşunlarını çıxarmağa məcbur qoyması idi. Ali Baş Komandan İlham Əliyevin mükəmməl hərbi taktikası sayəsində, düşmən tərəfindən ərazisi ən çox minalanan Ağdam rayonu, çox çətin, mürəkkəb relyefə malik olan Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan, bir itki belə verilmədən mənfur düşməndən geri alındı. İgidlərimiz düşməni qarşılarında diz çökdürərək onun müqavimət istəklərini birdəfəlik sındırdılar.

10 noyabr gecəsi isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük Zəfər xəbəri ilə müjdələdi: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”. 

Azərbaycan xalqı ötən il Zəfər müharibəsinin 44 gününün hər birini Zəfər sevinci ilə yaşadı. Soydaşlarımız gecə-gündüz ekranların qarşısından çəkilməyərək Ali Baş Komandanın qələbə müjdəli xəbərlərini səbirsizliklə, böyük həyəcanla gözləyirdi.

Ümumiyyətlə, sentyabrın 27-dən dekabrın 1-nə qədər olan müddət ərzində yenilməz sərkərdə İlham Əliyev xalqımıza 11 zəfər müjdəli müraciət etdi və qələbə xəbərləri çatdırdı. Prezidentin hər müraciəti bitər-bitməz ölkəmizin bütün bölgələrində, paytaxt Bakıda əhali küçələrə çıxaraq şanlı qələbənin qürurunu bölüşdü. Meydanlara axışaraq, əllərində Azərbaycan bayraqları bu qələbələri bayram etdilər. Müqəddəs and yerlərimiz olan Şəhidlər xiyabanlarına ziyarətə yollanaraq onların əziz ruhu qarşısında baş əydilər.

44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə həm də xalqımızın birliyinin, yenilməz gücünün nümayişi oldu. Müharibə başlayan andan etibarən vəzifəsindən, statusundan, yaşından asılı olmayaraq, hər kəs Vətən uğrunda könüllüyə çevrildi. Ali Baş Komandanın “dəmir yumruğ”una  dönərək düşmənin başını əzdi. Döyüşdə oğlu şəhid olan ana-atalar belini bükmədi, başını dik tutub “Vətən sağ olsun!” dedilər...

Bəli, Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun rəşadəti, Vətən uğrunda canlarını fəda etməyə hazır olan mərd oğullarımızın hünəri, xalqımızın həmrəyliyi nəticəsində 44 günlük haqq savaşımız Zəfərə çevrilərək Azərbaycan tarixinin ən şanlı Qələbəsi kimi qızıl hərflərlə əbədi yazıldı.

Zəfərə gedən bu yolda Azərbaycan Ordusunun yüzlərlə zabit və əsgəri, hətta generalı belə şəhidlik zirvəsinə yüksəldi, minlərlə gənc qazi oldu. Azərbaycan xalqı şəhidlərimizi öz qəlbində əbədi yaşadacaq, qazilərimizə və bu müharibədə iştirak edən hər kəsə böyük ehtiram və hörmət bəsləyəcək.

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin şanlı səhifələrindən birini təşkil edir.Vətən müharibəsi və onun qələbə ilə başa çatması müasir Azərbaycan dövlətinin həyatının ən parlaq anları kimi, tariximizin bundan sonrakı dönəmlərində daim xüsusi qürur və iftixar hissi ilə xatırlanacaq. Bu, ölkəmizin yeni tarixinin başlanğıcı, yeni inkişaf üfüqlərinin açılması məqamıdır.

Tarix həmişə dəyişir və yeni-yeni səhifələri yazılır.Lakin tarixin parlaq səhifələri heç zaman unudulmur.Əslində tarix bəşəriyyətin, xalqların həyatının ən möhtəşəm, ən yaddaqalan və ictimai inkişafın gedişinə dərindən təsir göstərən hadisələrin xronikasıdır.Vətən müharibəsindəki Zəfər də məhz belə hadisələrdəndir. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm şanlı qələbə və onun müəllifi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin adı xalqımızın yeni tarixinin ən şərəfli səhifəsinə əbədi həkk olunubdur.

Kamaləddin MƏNSİMOV,

“Nabucco Architecture and Construction” şirkətinin direktoru.