Yeni hədəflərə doğru uğurlu inkişaf
Digər xəbərlər

Yeni hədəflərə doğru uğurlu inkişaf

Azərbaycan bu gün həm regionda, həm də beynəlxalq müstəvidə öz yeri, rolu olan ölkədir. Respublikamızın beynəlxalq təşkilatlarda da nüfuzu çox yüksəkdir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin mühüm diplomatik nailiyyətidir. 2018-ci ilin aprelində prezident seçkilərində yenidən xalqın etimadını qazanan dövlətimizin başçısı İlham Əliyev andiçmə mərasimində ölkə həyatının bütün sahələrini əhatə edəcək dərin islahatların, yeni siyasi konfiqurasiyanın anonsunu vermişdi.

Ötən dövr onun "Bizim sözümüz imzamız qədər keçərlidir" fikrinin həyatda əyani təsdiqini tapdığını göstərdi. Azərbaycanın beynəlxalq müstəvidə əməkdaşlığa və təhlükəsizliyə verdiyi fundamental töhfələrdən bəhs edərkən ölkəmizin iqtisadi baxımdan bölgədə həlledici rola malik olduğunu xüsusi vurğulamaq lazımdır.

Azərbaycan Prezidenti İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanması son 20 ildə bütün sahələrdə özünü dəfələrlə isbatlayıb. 44 gün ərzində tariximizin Zəfər salnaməsi yazıldı, Qarabağ Azərbaycanımıza qovuşdu. Vətən müharibəsi Azərbaycanın mədəni-tarixi abidələrinin dağıdılmasına, milli-mənəvi dəyərlərimizin məhvinə, zəngin təbii ehtiyatlarımızın qanunsuz talan edilməsinə və azərbaycanlıların öz torpaqlarından didərgin düşməsinə səbəb olan Ermənistanın işğalçılıq siyasətinə ağır zərbə vurdu. Bunun arxasında Azərbaycanın son 20 il ərzində regionda və beynəlxalq münasibətlərdə həyata keçirdiyi xarici siyasət, ordu quruculuğu, sosial-iqtisadi inkişaf, vətəndaş-iqtidar həmrəyliyi və Azərbaycanın regional güc mərkəzinə çevrilməsi kimi amillər dayanırdı.

Müstəqilliyini günbəgün, ilbəil möhkəml

əndirən Azərbaycan dövlətinin tarixində Prezident İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. Dövlətimizin başçısı yurdumuzun işğaldan tam azad edilməsi, ölkəmizin iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışdı, nəhayət, Azərbaycan bayrağı 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalandı. Hazırda isə Böyük Qayıdışın reallaşması üçün eyni qətiyyəti və əzmkarlığı göstərir. Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının sabahını daha gözəl və xoşbəxt etmək məqsədi daşıyır.

"İlin əvvəlində verdiyim tapşırıqların yerinə yetirilməsi ilə bağlı bir çox addımlar atılmışdır. İlin altı ayı arxada qalır. Müəyyən dərəcədə yekunlar haqqında danışmaq olar. Halbuki, əminəm ki, ilin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcəkdir. Bu ilin altı ayında isə əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi". Bu fikirləri iyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.

Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malikdir və etibarlı tərəfdaş imici qazanıb. Həm Vətən müharibəsi, həm də ondan sonrakı dövrdə ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu müsbət nəticələrini göstərdi. Bunun nəticəsidir ki, bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir.

Müstəqil siyasət yürüdən Azərbaycan üçün iki istiqamət mühüm əhəmiyyət daşıyır. Bunlardan biri işğaldan azad olunmuş torpaqlarımızda tikinti-quruculuq, bərpa işlərinin sürətlə aparılması, digəri Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra yaratdığı yeni reallıqları beynəlxalq müstəvidə qəbul etdirməkdir. Müharibədən sonra Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri, əməkdaşlığı uğurla davam etdirildi. İşğaldan azad olunmuş ərazilərdə möhtəşəm işlər görülür. Bununla bağlı xaricdən heç bir maddi dəstək yoxdur, Azərbaycan öz imkanları hesabına bu uğurlara imza atır. Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar postmüharibə dövründə bütün region ölkələri və qonşu dövlətlər üçün yeni perspektivlər vəd edir. Azərbaycanı Naxçıvanla birləşdirən dəmir və avtomobil yollarının 30 ildən sonra bərpa edilməsi və istismara verilməsi təkcə Azərbaycanın deyil, qardaş Türkiyənin, eyni zamanda, digər qonşu ölkələrin də iqtisadi maraqlarının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu reallıqlar zəminində Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin daha etibarlı formada həyata keçirilməsinə də imkanlar yaranıb.

Bu gün Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional layihələrdə fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilir. Ölkəmizin istər Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olması, istərsə də Avropa ölkələrinin enerji təhlükəsizliyinin gücləndirilməsi işinə verdiyi töhfələr yüksək qiymətləndirilir. Aİ Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanatlar Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə nəticəsində yaranan yeni reallıqların Avropa Birliyi tərəfindən qəbul olunduğunun bariz göstəricisidir.

Günümüzün reallığı, əsas hədəf Qarabağın bərpası və Böyük Qayıdış strategiyasının reallaşdırılmasıdır. Azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması əsas məsələlərdəndir. Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan ərazilərə etdiyi səfərlər zamanı açılan obyektlər, yaradılan infrastruktur layihələri deməyə əsas verir ki, böyük quruculuq işləri nəticəsində bu ərazilərdə tezliklə yeni həyat başlanacaq. Yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir.

Mustafa KAMAL,

"Respublika".