Fransa regionda sülhə əngəl yaradır
Siyasət

Fransa regionda sülhə əngəl yaradır

Fransanın tarixində cinayətlərlə dolu səhifələr olduqca çoxdur. Beynəlxalq münaqişələrin həllində başlıca hakim rolunu oynamaq istəyən rəsmi Paris ölkə tarixində törədilən silsilə cinayətlərdən nəticə çıxarmır. Fransa haqqa-ədalətə qarşı davranış və çıxışları ilə ölkənin müasir tarixində yeni cinayətlərin müəllifinə çevrilir. Bu ölkə Şimali Afrika üzərində imperialist maraqlarını XVII əsrdən həyata keçirməyə başlayıb. Bu zaman milyonlarla insan qətlə yetirilib, minlərlə kənd və yaşayış məntəqələri xarabalığa çevrilib.

Fransanın Azərbaycan-Ermənistan münasibətlərində vasitəçilik etmək istəyi regiona müdaxilə cəhdindən qaynaqlanır. Fransa 1991-ci ildən sonra Ermənistan və Gürcüstanla bu istiqamətdə müəyyən dərəcədə yaxınlaşdı və eləcə də Azərbaycanla bağlı bir sıra addımlar atıldı. Lakin müəyyən dövrdən sonra Ermənistana daha çox etimad göstərən Fransa bu ölkə vasitəsilə Cənubi Qafqaza daxil olmağı qarşısına məqsəd qoydu. Fransa elə bilir ki, Cənubi Qafqaz da Afrikadır və qərəzli, ədalətsiz mövqe sərgiləsələr belə istəkləri qəbul edilməlidir. Azərbaycan-Fransa münasibətlərində xeyli müddətdir ki, (əsasən də İkinci Qarabağ müharibəsindən sonra) soyuqluq hökm sürür. Münasibətlərin bu həddə gəlməsinin səbəbkarı isə Fransa özüdür. Fransanın ermənipərəst dövlət olduğu hamıya məlumdur. Lakin bu ölkənin Azərbaycana qarşı davranışları, bəyanatları onun həm də öz dəyərlərinə arxa çevirdiyini göstərir. Rəsmi Parisin tutduğu mövqe, yəni Azərbaycan ərazisindəki separatçılara açıq dəstək verməsi, ərazi bütövlüyümüzə və suverenliyimizə kölgə salan bəyanatları bu ölkənin öz dəyərlərini, beynəlxalq hüququn əsas prinsiplərini tapdaladığını nümayiş etdirir. Fransa Cənubi Qafqaz regionunda gedən proseslərə müdaxilə etmək niyyəti güdür. Ümumiyyətlə, biz hər dəfə Brüssel görüşlərindən sonra sözdə sülh deyən Parisin əməldə ermənipərəst addımlarını müşahidə edirik. Fransanın Ermənistanı qızışdıraraq, sülh gündəliyinin irəli getməsinə imkan vermədiyi açıq-aydın bəllidir.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması danılmaz faktdır və bunu həm Avropa, həm də ABŞ etiraf edir. Amma bu fakt bizi ermənipərəst mövqeyi ilə seçilən Fransa kimi ölkələrin Azərbaycan əleyhinə fəaliyyət göstərməsindən sığortalamır. Prezident Emmanuel Makronun timsalında Fransa Respublikasının Cənubi Qafqaz ölkələri ilə bağlı mövqeyi ədalətli olmadığı üçün, təbii olaraq ölkəmizdə ciddi müqavimət və haqlı qınaqla üzləşir.

Qeyd etmək lazımdır ki, Azərbaycanla Ermənistan arasında münaqişənin başa çatması Fransanı və bölgədə marağı olan digər güc mərkəzlərini  bölgəyə müdaxilə etmək imkanından məhrum edir. Fransanın məqsədi Ermənistan hakimiyyətini razı salmaq deyil, öz ölkəsində əsasən radikal erməni icması ilə oynamaq, Cənubi Qafqazda sabitliyin pozulması ilə öz problemlərini həll etməkdir. Ermənistanın hələ də sülh danışıqlarından yayınmaq və müxtəlif çirkin niyyətlərə, təxribatlara əl atmaq cəhdləri Cənubi Qafqazda sabitliyə təhlükə olaraq qiymətləndirilir. İşğalçı ölkənin hələ də pozuculuğa meyilli olması diplomatik müstəvidə səylərindən də aydın şəkildə görünür. Fransa regional maraqları naminə Ermənistanı israrla "geopolitik alətə" çevirib. Bununla da hər dəfə Azərbaycanın "dəmir yumruğu" altında əzilən Ermənistanı fəlakətə sürükləmiş olur. Ona görə də Parisin Qafqaz həmləsində "yananın" Ermənistan, ümumilikdə erməni xalqı olacağını indidən proqnozlaşdırmaq olar. Ümumi nəticəyə gəldikdə isə, Fransa bölgədə sülhə böyük əngəldir.

Nuranə DAXİLQIZI,

"Respublika".