Yeni Azərbaycan Partiyasının fəaliyyətində beynəlxalq əməkdaşlıq mühüm yer tutur
Digər xəbərlər

Yeni Azərbaycan Partiyasının fəaliyyətində beynəlxalq əməkdaşlıq mühüm yer tutur

Azərbaycanın müasir siyasi tarixində müstəsna yeri olan Yeni Azərbaycan Partiyasının yaradılmasının bu il 30 ili tamam olur. Məlumdur ki, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə partiyamız tarixi zərurətdən yarandı. 1990-cı illərin əvvəllərində Azərbaycanın məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə ulu öndərimiz ziyalılarımızın bir qrupunun müraciətinə cavab olaraq Yeni Azərbaycan Partiyasının yaradılmasına razılıq verdi. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə - 21 noyabr 1992-ci ildə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın müdrik oğlu, ulu öndər Heydər Əliyevin ətrafında birləşdilər. Bu hadisədən bir neçə ay sonra isə xalqın tələbi ilə Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyev hakimiyyətə qayıdaraq dövlətimizi məhv olmaq təhlükəsindən xilas etdi. Belə ki, ulu öndər Heydər Əliyevin xalqın təkidli çağırışı ilə 1993-cü ildə hakimiyyətə qayıdışı onun xilaskarlıq missiyasının davamı demək idi. Bu, həm də onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı qüvvəsinə - iqtidar partiyasına çevrilməsinə zəmin yaratmış oldu. Ulu öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi, "dünənin, bu günün və sabahın partiyası" səviyyəsinə yüksəltdi.

Ümumiyyətlə, sürətlə dəyişən reallıq və müəyyən olunan yeni obyektiv amillər islahatların davamlı olaraq aparılmasını vacib vəzifə kimi müəyyən edir. Son prezident və parlament seçkiləri ilə ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoydu və bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Görülən işlər ölkənin uzunmüddətli dayanıqlı inkişafını təmin etməli və dövlətin milli maraqları daim qorunmalıdır.

Onu da vurğulamaq lazımdır ki, Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlərin ciddi tarixi və siyasi əsasları mövcuddur. YAP ötən müddət ərzində milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə layiqli töhfəsini verib, ölkəmizin qarşısında yeni inkişaf üfüqlərinin açılmasında müstəsna rol oynayıb. Bütün bunlar müasir və qüdrətli Azərbaycanın gələcəyə əmin addımlarla irəliləməsini təmin edib. Öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına misilsiz töhfələr verib.

Bir məqamı da qeyd etməliyik ki, Yeni Azərbaycan Partiyasının fəaliyyətində davamlı islahatlar, siyasi dialoq mühiti önəmli yer tutur. Partiyamızın Sədri İlham Əliyev 2018-ci ildə keçirilən prezident seçkilərində parlaq qələbə qazandıqdan sonra ölkəmizdə genişmiqyaslı islahatlara start verdi. Bu islahatlar bütün sahələri, o cümlədən siyasi sferanı əhatə edir. Cəmiyyətimiz bu islahatların müsbət nəticələrini daim hiss etməkdədir. YAP-ın VII Qurultayında qəbul olunmuş qərarlar siyasi islahatların vacib tərkib hissəsi olmaqla yanaşı, partiyanın həyatında yeni mərhələnin başlanğıcı oldu.

YAP-ın VII Qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilib, yeni tərkibli Gənclər Birliyi formalaşdırılıb. Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi partiyaların təşəbbüsü ilə zənginləşdirilməlidir. Bu baxımdan, YAP-ın təşəbbüsləri ölkəmizin siyasi sisteminin təkmilləşməsi üçün böyük əhəmiyyətə malikdir.

Ölkəmizin qarşısında müəyyən hədəflər dayanır və partiyanın bu prosesdə öz rolunu oynayacağı şübhəsizdir. Ötən dövrdə beynəlxalq müstəvidə bir çox nailiyyətlər əldə etmişik. Belə ki, Azərbaycanın təşəbbüsləri ilə reallaşan bir çox layihələr bölgəyə yeniliklər gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Azərbaycanın uğurlu enerji, nəqliyyat siyasəti bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Ölkəmizin tərəfdaşlarının sayı artdı, beynəlxalq aləmdə mövqeləri gücləndi. İkinci Qarabağ müharibəsinin nəticələri isə bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Müharibənin nəticələri ölkəmizin yeni dövrə qədəm qoyması baxımından yeni imkanlar açıb.

Bu gün YAP nəinki Azərbaycanın, həmçinin Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. VII qurultay Yeni Azərbaycan Partiyasının həyatında dönüş nöqtəsi hesab edilə bilər. Bu isə ölkəmizin Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra yaranan yeni reallıqlardan irəli gəlir.

Onu da qeyd etmək lazımdır ki, dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. Azərbaycanın regional təşəbbüslərinin əhəmiyyəti ildən-ilə artır. Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb. Güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurur. Yeni Azərbaycan Partiyası eyni zamanda, Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində müstəsna rol oynayıb. Bu baxımdan, partiyamızın beynəlxalq əlaqələrinə diqqət yetirmək məqsədəuyğundur. Prezident İlham Əliyevin liderliyi ilə Yeni Azərbaycan Partiyası həm Avropanın, həm də Asiyanın bir çox ölkələrinin aparıcı siyasi partiyaları ilə ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirib, partiyalar səviyyəsində beynəlxalq qurumlarda uğurla təmsil olunub. Eyni zamanda, partiyamızın çoxşaxəli beynəlxalq əlaqələrini uğurla davam etdirməsi nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılıb.

Vacib məqamlardan biri də Yeni Azərbaycan Partiyasının nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyi etməsidir. Bunların sırasında, 2011-ci il dekabrın 21-də "Modernləşmə strategiyası: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfransı qeyd etmək olar. Digər tərəfdən, Yeni Azərbaycan Partiyasının Asiya qitəsində Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ICAPP) ilə münasibətləri ardıcıl olaraq yüksələn xətt üzrə inkişaf edir. Fəal əməkdaşlığın nümunəsi kimi, 2012-ci ilin iyun ayında ICAPP Daimi Komitəsinin 17-ci, noyabrında isə 18-ci iclası keçirilib. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası 2012-ci il noyabrın 22-23-də Bakı şəhərində keçirilməsi də bir daha ölkəmizin beynəlxalq nüfuzundan xəbər verirdi. Hazırda da YAP ICAPP-ın işində fəal iştirak edir.

Bu gün Yeni Azərbaycan Partiyası üçün yeni prioritetlər mövcuddur. Prioritetlər sırasında Azərbaycana dost olan ölkələrin siyasi partiyaları ilə əməkdaşlığın daha da genişləndirilməsi məsələsi xüsusi yer tutur. Buna nümunə kimi, YAP və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında güclənən əlaqələri xüsusi vurğulamaq yerinə düşər. Ötən ilin iyun ayında Ankarada partiyalar arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması bu baxımdan böyük əhəmiyyət kəsb edir. Bundan əlavə, hər iki partiyanın nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və birgə beynəlxalq konfranslar keçirməsi də bütün sahələrdə uğurla inkişaf edən Azərbaycan-Türkiyə qardaşlığının bariz ifadəsidir.

YAP yeni mərhələdə Qazaxıstanın "Nur Otan" Partiyası, Ukraynanın "Xalqın Xidmətçisi" Partiyası və digər siyasi partiyalarla əlaqələrini gücləndirməkdədir.

Bütün bunlar deməyə əsas verir ki, ümumxalq partiyası olan YAP-ın fəaliyyəti qarşıdakı dövrdə də Azərbaycanın milli maraqlarına xidmət edəcək. Dövlətimizin başçısının qeyd etdiyi kimi: "Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Beləliklə, məndə partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var".

Sevinc FƏTƏLİYEVA,

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin

sədr müavini.