YAP nümayəndə heyətinin Çinə səfəri
Siyasət

YAP nümayəndə heyətinin Çinə səfəri

Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir.

YAP Mərkəzi Aparatından verilən məlumata görə, səfər çərçivəsində sentyabrın 11-də nümayəndə heyətinin Sincan-Uyğur Muxtar Vilayətinin (SUAR) Xalq Nümayəndələri Məclisinin Daimi Komistəsinin sədr müavini Mehmet Kadir ilə görüşü olub.

YAP nümayəndə heyətini salamlayan Mehmet Kadir Azərbaycan-Çin münasibətlərinin dostluğa və tərəfdaşlığa əsaslandığını, çoxşaxəli əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib. O qeyd edib ki, iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin inkişaf etməsi məmnunluq doğurur.

Çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdıran Mehmet Kadir Çin və Azərbaycanın beynəlxalq məsələlərdə daim bir-birinə dəstək nümayiş etdirdiklərini söyləyib.

Mehmet Kadir Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında əməkdaşlığın, həmçinin gənclər arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən bəhs edib və səfərin bu baxımdan böyük önəm daşıdığını vurğulayıb.

Dəvətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycan ilə Çinin dost və tərəfdaş ölkə olduqlarını diqqətə çatdırıb, ölkəmizin Çinlə münasibətlərin inkişafına mühüm əhəmiyyət verdiyini söyləyib. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin Çinə səfərini xatırladan Ziyafət Əsgərov bildirib ki, bu gün Azərbaycan-Çin münasibətləri hər iki ölkənin liderlərinin siyasi iradəsi ilə dinamik inkişaf edir. Z.Əsgərov qeyd edib ki, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilən Sammiti çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşü, "Bir Kəmər, Bir Yol" təşəbbüsünün üçüncü Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakı və digər mühüm amillər bu kontekstdə xüsusi vurğulanmalıdır.

Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanaraq ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdıran Z.Əsgərov bildirib ki, Azərbaycan Çinin ərazi bütövlüyünə, eləcə də Vahid Çin prinsipinə dəstəyini daim ifadə edib və hazırda da bu mövqe dəyişməzdir. Azərbaycanın Çinlə nəqliyyat-logistika sahəsində əlaqələrini dərinləşdirdiyini deyən nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, ölkəmiz Çinin "Bir kəmər, bir yol" təşəbbüsünə dəstəyini ifadə edib. Zəngəzur dəhlizinin reallaşdırılması isə qarşılıqlı faydalı işbirliyini daha da gücləndirəcək.

Z.Əsgərov söyləyib ki, qarşılıqlı səfərlər partiyalararası əlaqələrin inkişafına təkan verir. Nümayəndə heyətinin tərkibinin gənclərdən ibarət olduğunu diqqətə çatdıran Ziyafət Əsgərov Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən bəhs edib, Yeni Azərbaycan Partiyasının gənclərin inkişafına xüsusi diqqət və qayğı göstərdiyini bildirib. Səfərin məqsədinin Çin və Azərbaycan gəncləri arasında qarşılıqlı təcrübə və fikir mübadiləsinin, faydalı əməkdaşlığın təmin edilməsi olduğunu vurğulayıb.

Görüş başa çatdıqdan sonra nümayəndə heyəti mədəniyyət və turizm müəssisələrini ziyarət edib.

 

***

 

Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir.

YAP Mərkəzi Aparatından verilən məlumata görə, sentyabrın 12-də nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Çinhay Əyalətinin Partiya Komitəsinin katibi, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü Çen Qanın bu ölkədə səfərdə olan xarici nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündə iştirak edib. Görüşdə Çin Xalq Respublikasının inkişaf yolundan və qazanılan nailiyyətlərdən, həmçinin qarşıda duran hədəflərdən ətraflı bəhs edilib. ÇXR-in Sədri, ÇKP-nin baş katibi Si Cinpinin yeni dövrdə Çin xüsusiyyətli sosializm haqqında ideyalarının mahiyyəti və praktiki əhəmiyyəti barədə geniş məlumat verilib.

Görüşdən sonra nümayəndə heyətlərinin rəhbərləri üçün nahar verilib. Nahara qatılan YAP nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun ÇKP Mərkəzi Komitəsinin üzvü, ÇKP MK-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Liu Ciençao ilə söhbəti zamanı Azərbaycan ilə Çin arasındakı dostluq münasibətlərinin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, ölkə liderlərinin əlaqələrin dərinləşməsində müstəsna rolunun əhəmiyyəti vurğulanıb. Həmçinin Azərbaycan-Çin münasibətlərinin hazırkı durumu və perspektiv imkanlardan danışılıb. Azərbaycanın "Bir kəmər, bir yol" layihəsini dəstəkləyən ilk ölkələrdən biri olduğu xatırladılıb, Zəngəzur dəhlizinin reallaşdırılmasının regional və beynəlxalq önəmi diqqətə çatdırılıb. Söhbət zamanı Çin və Azərbaycanın ölkələrin ərazi bütövlüyü məsələsində sərgilədikləri mövqeyin dəyişməz olduğu vurğulanıb. Eyni zamanda, YAP-ÇKP əlaqələrinin iki ölkə arasındakı münasibətlərin inkişafındakı rolundan söz açılıb.

Daha sonra YAP-ın nümayəndə heyəti "Çin modernləşməsi: cəmiyyət və təbiətin harmoniyası" adlı sərgini ziyarət edib, eyniadlı partiyalararası beynəlxalq konfransda iştirak edib. Konfransda Çin modernizasiyasının səciyyəvi xüsusiyyətləri barədə təqdimat olub. Çıxışlar zamanı vurğulanıb ki, Çin modernləşməsi yeni inkişaf modelidir və xalqların xoşbəxt gələcəyinə hesablanıb. Bundan başqa, Çinin ekologiyanın qorunması sahəsində gerçəkləşdirdiyi layihələr haqqında ətraflı məlumat verilib.

Həmin gün YAP-ın nümayəndə heyəti Sançyanyuan Təbiət Qoruğu və Ekologiya üzrə Böyük Məlumat Mərkəzini də ziyarət edib.

Xaqani KOSAYEV,

“Respublika”.