Yaddaşlarda qəhrəman gənc kimi yaşayacaq
Sosial həyat

Yaddaşlarda qəhrəman gənc kimi yaşayacaq

Torpaq, Vətən uğrunda gedənləri, döyüşlərdə şəhidlik zirvəsinə ucalanları bu gün ehtiramla xatırlamaq mənəvi borcumuzdur. Bu müharibə Azərbaycana zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi.

Respublikamızın suverenliyi uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə - Şəhidlik məqamına ucalanların xatirəsini hər zaman anmağa borcluyuq. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq! Bu gün qəhrəman şəhidimizlə təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur, ehtiramla anır.

Vətən müharibəsi şəhidi Anar Afət oğlu Vəlizadə 3 iyul 1994- ildə Salyan rayonunun Cəngən kəndində dünyaya gəlib. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. Atası Afət Vəliyevin sözlərinə görə, Anar Vətən müharibəsinin ilk günlərindən xüsusi təyinatlıların qrupunda Qarabağa yollanıb. Cəbrayıl, Füzuli Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Bir neçə dəfə yaralanmasına baxmayaraq, vətən eşqi onu yenidən döyüşlərə qaytarıb.

Şəhidin atası Afət Vəliyev söyləyir ki, sentyabrın 27- müharibə başlayan kimi, Anar da savaşa qatılıb: "Oktyabrın 7- yaralandı. Kürək nahiyəsinə 3 qəlpə girmişdi. İkisini çıxarmışdılar, biri qalmışdı. Özü deməmişdi, 16 oktyabrda xəbər tutdum getdim hospitala, söhbət elədim. Elə axırıncı dəfə onda, 2020-ci ilin oktyabrın 16-da gördüm. Sol qolu tərpənmirdi. Dedim, nəyə ehtiyacın var? Dedi, ata, heç nəyə ehtiyacım yoxdur, ancaq torpaq döyüş yoldaşlarımdan ötrü darıxıram. Dedim, sağal, sonra gedərsən. Geri döndüm, eşitdim ki, 3 gün sonra yaralı halda gedib cəbhənin Füzuli istiqamətinə. Müharibə şəraiti olduğuna görə çox əlaqə saxlamaq olmurdu. İkinci dəfə Qubadlı istiqamətində ayağından güllə yarası alaraq yaralanmışdı. Hadrutda ona yardım göstərilmişdi. Sonra Şuşa uğrunda döyüşlərə qatıldı. Noyabrın 9-u Şuşada şəhid oldu, 12- isə doğulduğu kənddə torpağa tapşırıldı. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan əmisinə həmişə deyirdi ki, torpağı mən alacam, sübut edəcəm ki, torpaq bizimdir".

İndi bu evdə şəhidimizin iki övladı - Fariz adlı oğlu, Fatimə adlı qızı böyüyür.

Anası Zemfira xanımın dediyinə görə, Anar düşmənlə döyüşlərdə qəhrəmanlıq göstərdiyi vaxt onun həyatda heç vaxt üzünü görmədiyi, yalnız şəklini görə bildiyi Fatimə adlı gözəl qızı dünyaya gəlir: "Mənə zəng elədi, sentyabrın 26- olardı. Dedi, ana, müharibə başladı, biz gedirik, övladlarımı sənə əmanət edib gedirəm. Balalarımdan, ailəmdən muğayat ol. Deyirdim, yaralısan, olmaz ki, qayıdasan? Dedi, danışırsan, orada elə qardaşlar şəhid olub ki, mən geri qayıda bilmərəm. İkinci dəfə yaralananda dostu mənə zəng etdi, dedi, ana, narahat olma, Anar yaralanıb. 29 oktyabrda zəng elədi, dedi, ana yaxşıyam. Dedim, axı səni həkim xəstəxanaya yazıb, dedi, yox, yaxşıyam. İnternetdə gördüm ki, onun haqqında bir həkim danışır deyir belə igid oğul görməmişəm. O, döyüş bölgəsindən neçə yaralı çıxarıb. Axırda da Şuşadakı şücaətlərindən danışaraq deyirdilər ki, bircə siz onun Şuşada necə döyüşdüyünü görəydiniz. Şuşada sol qolundan yaralanmışdı, tək qolu ilə döyüşə girmişdi. Allah bütün şəhidlərə rəhmət eləsin!".

Qardaşı Səbuhi: "Biz üç qardaşıq. İçimizdə fərqli, şıltaq bir qardaş olub Anar. Döyüşlərdə dəfələrlə yaralanmasına baxmayaraq, Anar hər dəfə istədi ki, qabaqda olsun. Hətta biz oktyabrın 20- Beyləqanda hospitalda onunla görüşəndə dedim ki, çiynində 3 qəlpə var, niyə müalicə almadan döyüşə gedirsən? "Öldü var, döndü yoxdur" - Anarın son sözü bu oldu. Orada da bizimlə halallaşdı, bizimlə görüşdü. Mən fəxr edirəm ki, şəhid qardaşıyam".

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Anar Vəlizadə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Bəli, şəhidlik elə bir zirvədir ki, ünvanı əbədiyyətdir. Şəhidlik zirvəsinə ucalan vətən övladlarının mübarizliyi həm Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsidir.

M.MİRZƏ,

"Respublika".