Xoşbəxt ailə tablosu - Böyük Qayıdış
Sosial həyat

Xoşbəxt ailə tablosu - Böyük Qayıdış

Uzun illər boyu düşmən əsarətində olan torpaqlarımız 2020-ci ildə 44 günlük müharibə ilə işğaldan azad edilib. Vətən müharibəsindən qısa müddət sonra azad olunmuş torpaqlarda bərpa-quruculuq işlərinə başlanılıb. Artıq keçmiş məcburi köçkünlər öz torpaqlarına qayıdırlar.

Avqustun 12-də Zəngilanın Ağalı kəndlərinə 22 ailə, daha dəqiq desək 106 nəfər köçürülüb. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridirlər. Bununla da, indiyədək Ağalı kəndində daimi məskunlaşan ailələrin sayı 108-ə (526 nəfərə) çatıb. Kəndə köçürülmə işləri isə sürətlə davam edir.

30 illik həsrətdən sonra Zəngilan sakinlərinin öz torpaqlarına qayıtması əvəzolunmaz hissdir. Onlar bu tarixi anları heç vaxt unuda bilməyəcəklər. Məcburi şəkildə çıxarıldıqları torpaqlara indi böyük fəxarət hisilə qayıdırlar. 30 il boyunca bu yerlərə geri dönmək amalı ilə yaşayan sakinlər bu günləri yaşadıqları üçün çox xoşbəxtdirlər. Artıq ürəkdağlayan kadrları deyil, xoşbəxt ailə tablolarını görürük.

Uzun illər yurd həsrəti ilə yaşasalar da, məcburi köçkünlər daim dövlət qayğısı ilə əhatə olunublar. Onların sosial müdafiəsinin təmin olunması istiqamətində dövlətimiz tərəfindən ardıcıl və genişmiqyaslı tədbirlər həyata keçirilib. Məcburi köçkünlərin problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman diqqət göstərib, təhsil, mədəni inkişaf, sağlamlıq və digər məsələlərdə yaxından iştirak edib.

Bu gün Zəngilan tarixinin ən şərəfli, ən sevincli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu torpaqlarımızı Ermənistanın işğalçı qüvvələrindən azad etdi. Azərbaycan əsgəri doğma torpaqlarının müdafiəsində dayandığını, Vətən uğrunda son damla qanınadək vuruşmağı bacardığını və düşməndən qat-qat üstün olduğunu sübut etdi.

Xalq-dövlət birliyi, dövlətimizin başçısına inam, etimad qələbə ilə nəticələndi.

Mənfur qonşularımız bu torpaqların gerçək sahibləri olmadıqlarını müharibədən sonra bir daha göstərdilər. Ermənilərin bu yerləri tərk edərkən evləri, meşələri yandırmaları onların buralara bir daha qayıtmaq ümidinin olmamasını, eyni zamanda xislətini, barbarlığını göstərir. Çünki ermənilər bölgənin əsl sahiblərinin azərbaycanlılar olduqlarını və tez-gec doğma yurdlarına qayıdacaqlarını bilirdilər.

İngilis səyyahı Vilsonun "ermənilər acgöz və tamahkardırlar. Onlar istənilən bir cəfəngiyatı böyütmək üzrə abırsız dərəcədə mahirdirlər və intriqaları sevirlər" fikirləri indi də reallığı əks etdirir. Ermənilər yalan bəyanatlarla, öz lobbilərinin dəstəyi ilə beynəlxalq aləmə uydurma fikirlərini yeritmək istəyirlər. Görünür, hələ də ayılmayan hayların "dəmir yumruğ"a yenə ehtiyacı var. İşğaldan azad olunan ərazilərdə gedən böyük quruculuq işlərini və Böyük Qayıdışı həzm edə bilməyən ermənilər öz təxribatlarından əl çəkmirlər. Ancaq bunlar heç bir fayda verməyəcək. Azərbaycan öz düşmənini və onun havadarlarını yaxşı tanıyır, nəyi, necə, nə vaxt etməli olduğunu çox yaxşı bilir. Bu gün öz tarixi torpaqlarına ilk dəfə gedən körpələr, azyaşlılar və gənclər bu səfalı yerləri gözü qədər sevəcək, canı və qanı bahasına qoruyacaq və hər zaman səfil düşmənin gözünə məğrurluqla baxacaqlar.

Xalqın mənafeyini hər şeydən üstün tutan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası istiqamətində həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri Azərbaycanın öz gücünə aparılır. Avqustun 12-də Zəngilana növbəti köçün reallaşması, Ağalı kəndinin doğma sakinlərinə qucaq açması görülən işlərin nəticəsidir.

Tacir SADIQOV,

"Respublika".