“Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın təsdiqi və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Fərman

“Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın təsdiqi və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 685; 2012, № 3, maddə 197, № 4, maddə 289, № 6, maddə 532; 2016, № 1, maddə 76, № 11, maddələr 1804, 1828, № 12, maddə 2086; 2017, № 7, maddə 1360, № 10, maddə 1800, № 12 (I kitab), maddə 2313; 2018, № 2, maddə 216, № 12 (I kitab), maddə 2545; 2019, № 5, maddə 848, № 7, maddə 1229, № 8, maddə 1398; 2020, № 5, maddə 549, № 7, maddə 868, № 11, maddə 1362, № 12 (I kitab), maddə 1469; 2021, № 6 (I kitab), maddə 571, № 11, maddə 1218, № 12, maddə 1364; 2023, № 2, maddə 244; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2235 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bəndə “26.5-3-cü,” sözlərindən sonra “27.4-cü,” sözləri, “44.2-ci maddəsinin” sözlərindən sonra “birinci cümləsində (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və” sözləri əlavə edilsin;

2.2. 2.2-ci bənddən “27.4-cü,” sözləri çıxarılsın və həmin bəndə “44.2-ci maddəsinin birinci cümləsində” sözlərindən sonra “(Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydalarının müəyyən olunması üzrə)” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 18 avqust 2023-cü il.

 

 

Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması

QAYDALARI

Azərbaycan Respublikası Prezidentinin
2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir.

1.2. Tanınma xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının sahiblərinə Azərbaycan Respublikasında təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu verir.

1.3. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir.

1.4. Tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, bu Qaydalar, Azərbaycan Respublikası Prezidentinin digər fərmanları, həmçinin sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir.

1.5. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.5.1. Avropa Kredit Transferi və Toplanması Sistemi (bundan sonra – AKTTS) – Avropa İttifaqı və digər tərəfdaş Avropa ölkələrində ali təhsilli məzunların təhsil nailiyyətlərinin və fəaliyyətinin müqayisəsi məqsədilə istifadə olunan standart;

1.5.2. alternativ tanınma – xarici dövlətin ali təhsilə aid Azərbaycan Respublikasında mövcud olmayan kvalifikasiyanın həmin xarici dövlətdə aid olduğu təhsil pilləsindən (səviyyəsindən) daha aşağı pillə (səviyyə) üzrə və ya eyni pillə (səviyyə) üzrə, lakin fərqli kvalifikasiyaya uyğun olaraq həyata keçirilən akademik tanınma növü;

1.5.3. əhəmiyyətli fərq – xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və (və ya) yekun attestasiyanın nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə Azərbaycan Respublikasındakı uyğun kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin Azərbaycan Respublikasında təhsilini növbəti səviyyədə davam etdirməsi və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq;

1.5.4. ərizəçi – xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınması üçün müraciət edən şəxs;

1.5.5. kvalifikasiyanın akademik tanınması (bundan sonra – akademik tanınma) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasında təhsilin növbəti pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququnun verilməsi;

1.5.6. kvalifikasiyanın peşə tanınması (bundan sonra – peşə tanınması) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən onun əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təqdim edilən təhsil sənədində qeyd edilən müvafiq peşə fəaliyyəti göstərmək hüququnun verilməsi;

1.5.7. qismən tanınma – xarici dövlətin ali təhsil müəssisəsində təhsil alan şəxsin natamam ali təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirə bilməsi üçün həyata keçirilən akademik tanınma növü;

1.5.8. tanınma şəhadətnaməsi – “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (bundan sonra – TMİS) elektron sənəd formasında yaradılan və elektron formada verilən tanınmaya dair sənəd;

1.5.9. tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi;

1.5.10. xarici dövlətin səlahiyyətli keyfiyyət təminatı qurumu – müvafiq xarici dövlətdə təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirən ixtisaslaşmış səlahiyyətli qurum;

1.5.11. xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsil pilləsinə qəbul olunmaq hüququ verən kvalifikasiya (bundan sonra – ali təhsil pilləsinə qəbul olunmaq hüququ verən kvalifikasiya) – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq hüququ verən, habelə şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd;

1.5.12. xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsil pilləsi üzrə kvalifikasiya (bundan sonra – ali təhsil üzrə kvalifikasiya) – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin ali təhsil pilləsinin bakalavriat (o cümlədən əsas (baza) ali tibb təhsili) və magistratura səviyyələri üzrə şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd;

1.5.13. şərti tanınma – ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsilinə) və magistratura səviyyələri üçün müəyyən edilmiş minimal kredit sayından az toplayan ərizəçiyə ixtisasına uyğun Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində mühazirələrdə (praktik məşğələlərdə) iştirak etməklə mövcud əhəmiyyətli fərqi aradan qaldırmaq hüququ verən akademik tanınma növü.

1.6. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

1.7. Bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir.

1.8. Tanınmaya görə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir.

2. Tanınmaya dair müraciətin edilməsi

2.1. Tanınma ərizəçinin müraciəti əsasında həyata keçirilir.

2.2. Tanınmaya dair müraciət elektron qaydada edilir, TMİS-də qeydiyyata alınır və hər bir ərizəçiyə sistemdə şəxsi kabinet yaradılır. Müraciət Agentliyə daxil olduqdan sonra ərizəçinin müraciətində göstərdiyi əlaqə telefonuna və ya elektron poçt ünvanına qeydiyyat şifrəsi göndərilir. Ərizəçi qeydiyyat şifrəsi vasitəsilə onun üçün yaradılmış şəxsi kabinetdə olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər.

2.3. Ərizəçinin ərizəsində tanınmanın məqsədi qeyd edilir. Ərizəçi TMİS-ə müraciət edərkən aşağıdakıları təsdiq edir:

2.3.1. təqdim edilmiş sənədlərin və məlumatların doğruluğunu;

2.3.2. onun barəsində məlumatların alınması üçün aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinə və ehtiyatlarına, aidiyyəti orqanlara (qurumlara) və ya təhsil müəssisəsinə sorğuların göndərilməsinə razılığını.

2.4. Ərizəçinin elektron müraciətinə aşağıdakı sənədlərin surətləri əlavə edilir:

2.4.1. ərizəçinin şəxsiyyət vəsiqəsi, pasportu və ya şəxsiyyətini təsdiq edən digər sənədlər;

2.4.2. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası və onun əlavəsi;

2.4.3. tanınma üçün müraciət edilən təhsil səviyyəsinə (pilləsinə) qəbul üçün istifadə olunan təhsil sənədi;

2.4.4. ərizəçi tədris müddətində bir təhsil müəssisəsindən digərinə və ya təhsil müəssisəsi daxilində bir ixtisasdan digərinə köçürüldüyü halda, onun təhsil aldığı müddətdə digər təhsil müəssisəsində və ya digər təhsil proqramında tədris olunmuş fənlərə (toplanılmış kreditlərə) dair arayış;

2.4.5. akademik transkript və ya akademik arayış (qismən tanınma üçün müraciət olunduqda);

2.4.6. tanınmaya görə xidmət haqqının ödənilməsini təsdiq edən sənəd.

2.5. Bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlər (türk, rus və ingilis dillərində verilmiş sənədlər istisna olmaqla) Azərbaycan dilinə tərcümə edilməli və notariat qaydasında təsdiq olunmalıdır.

2.6. Bu Qaydaların 2.4.2 – 2.4.5-ci yarımbəndlərində qeyd olunan sənədlər Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi” ilə müəyyən edilmiş qaydada və ya “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın tələblərinə uyğun olaraq leqallaşdırılmalıdır.

2.7. Bu Qaydaların 2.6-cı bəndinin tələbləri aşağıdakı kvalifikasiyalara münasibətdə tətbiq edilmir:

2.7.1. Azərbaycan gənclərinin dövlət proqramları çərçivəsində xarici ölkələrdə əldə etdikləri ali təhsil üzrə kvalifikasiyalar;

2.7.2. Nazirliklə xarici dövlətlərin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində əldə edilmiş kvalifikasiyalar;

2.7.3. beynəlxalq müqavilələr çərçivəsində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilmiş kvalifikasiyalar;

2.7.4. dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramları və hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alacaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərin xarici ölkələrdə əldə etdikləri ali təhsil üzrə kvalifikasiyalar.

2.8. Ərizəçinin bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlərlə yanaşı, akademik və peşə hazırlıq səviyyəsini və təcrübəsini təsdiq edən əlavə sənədlər təqdim etmək hüququ vardır.

3. Tanınmaya dair müraciətə baxılması

3.1. Ərizəçinin müraciətinə bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlər TMİS-ə bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun olaraq daxil edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində baxılır.

3.2. İlk növbədə ərizəçinin təqdim etdiyi sənədlərin rəsmi məlumat mənbələri (Azərbaycan Respublikasının və xarici ölkələrin aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri, təhsil sənədlərinin tanınması üzrə beynəlxalq şəbəkə, xarici ölkələrin aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri, xarici ölkələrin ali təhsil müəssisələrinin ali təhsilə dair məlumat bazaları və s.) vasitəsilə doğruluğu müəyyən edilir. Apostil reyestri mövcud olan ölkələr tərəfindən verilmiş apostil şəhadətnaməsinin (möhürünün) həqiqiliyi həmin reyestr vasitəsilə yoxlanılır.

3.3. Ərizəçinin müraciətinə baxılması üçün Agentlik aşağıdakı məlumatların yoxlanılmasını həyata keçirir:

3.3.1. ərizəçinin fərdi məlumatlarındakı (soyadı, adı, atasının adı, yaşayış ünvanı, qeydiyyat ünvanı, vətəndaşlığı və s.) dəyişiklik;

3.3.2. ərizəçinin təhsilalma tarixi;

3.3.3. ərizəçinin hərbi mükəlləfiyyəti;

3.3.4. ərizəçinin əmək fəaliyyəti;

3.3.5. ərizəçinin sərhədkeçmə qeydiyyatı.

3.4. Bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlərin və 3.3-cü bəndində qeyd edilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda, onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) və ya təhsil müəssisəsindən tələb olunur və ya ərizəçi tərəfindən kağız daşıyıcıda (elektron sənəd formasında) 20 (iyirmi) gün müddətində təqdim edilir.

3.5. Aşağıdakı hallar barədə ərizəçinin müraciəti Agentliyə daxil olduğu gündən 10 (on) gün müddətində ərizəçinin şəxsi kabinetinə məlumat göndərilir:

3.5.1. təqdim olunmuş sənədlərdə (məlumatlarda) çatışmazlıq və ya ziddiyyət aşkar olunduqda;

3.5.2. sənədlər bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun təqdim olunmadıqda;

3.5.3. bu Qaydaların 3.4-cü bəndinin ikinci cümləsində qeyd olunan halda.

3.6. Agentlik tanınma üçün yerli və xarici müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edə bilər.

3.7. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qaçqın və məcburi köçkün statusu olan ərizəçi tərəfindən bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlərdən birinin və ya bir neçəsinin təqdim edilməsi mümkün olmadıqda, Agentlik həmin sənədə (və ya sənədlərə) dair ərizəçinin ərizədə qeyd etdiyi məlumatlar əsasında qiymətləndirməni aparır.

3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir:

3.8.1. ali təhsilə aid kvalifikasiyanın akademik və peşə tanınması;

3.8.2. ali təhsilə aid kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması);

3.8.3. ali təhsilə aid kvalifikasiyanın peşə tanınması;

3.8.4. ali təhsilə aid kvalifikasiyanın tanınmasından imtina edilməsi.

3.9. Bu Qaydaların 3.8.1 – 3.8.3-cü yarımbəndlərində nəzərdə tutulan qərarlar tanınma şəhadətnaməsi ilə rəsmiləşdirilir və həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir.

3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir:

3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda;

3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda;

3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda.

3.11. Tanınmadan imtina edildiyi halda bu barədə qərar səbəbləri göstərilməklə həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir.

4. Tanınmaya dair tələblər

4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır:

4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması;

4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması;

4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi;

4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması);

4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması).

4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir:

4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi;

4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi;

4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi;

4.2.4. kvalifikasiyanın istiqaməti (profili);

4.2.5. təlimin nəticələri.

4.3. Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır.

4.4. Tanınma zamanı bu Qaydaların 4.1.4-cü yarımbəndinin tələbi əcnəbilərə şamil edilmir.

5. Akademik tanınma

5.1. Akademik tanınma ərizəçiyə Azərbaycan Respublikasında ali təhsil pilləsində təhsilini davam etdirmək hüququnun verilməsi məqsədilə aparılır.

5.2. Akademik tanınma üzrə ümumi tələblər nəzərə alınmaqla, kvalifikasiyanın Milli Kvalifikasiyalar Çərçivəsinə uyğunluğu aşağıdakı qaydada müəyyən edilir:

5.2.1. müvafiq kvalifikasiya üzrə təlimin nəticələrinin Azərbaycan Respublikasındakı uyğun kvalifikasiyalar (təhsil proqramları) üzrə nəzərdə tutulmuş təlimin nəticələrinə uyğunluğu;

5.2.2. kvalifikasiyaların Milli Kvalifikasiyalar Çərçivəsindəki səviyyə deskriptorları ilə uyğunluğu.

5.3. Akademik tanınma nəticəsində kvalifikasiya Milli Kvalifikasiyalar Çərçivəsi üzrə 4-cü və 5-ci səviyyələrə uyğun olarsa, həmin ərizəçiyə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində (əsas (baza ali) tibb təhsilinə) təhsilini davam etdirmək hüququ verilir.

5.4. Akademik tanınma nəticəsində kvalifikasiya Milli Kvalifikasiyalar Çərçivəsi üzrə 6-cı və 7-ci səviyyələrə uyğun olarsa, həmin ərizəçiyə Azərbaycan Respublikasında ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək hüququ verilir.

5.5. Akademik tanınma zamanı ərizəçinin təhsil müddətində əldə etdiyi kreditlərin ümumi sayının AKTTS üzrə təhsilin orta ixtisas təhsil pilləsi, bakalavriat (əsas (baza ali tibb təhsili) və magistratura səviyyələri üçün müəyyənləşdirilmiş minimal kredit sayına uyğunluğu müəyyən edilir.

5.6. Kvalifikasiyanın istiqamətinin (profilinin) qiymətləndirilməsi təlimin istiqamətinin (nəzəri və ya praktiki olmasının) və ixtisas xüsusiyyətlərinin kvalifikasiyanın istiqamətinə (profilinə) uyğunluğunun müəyyən edilməsini nəzərdə tutur və tanınma zamanı ərizəçiyə təhsilini növbəti səviyyədə davam etdirmək hüququ verən ixtisas istiqamətlərinə təsir edir. Kvalifikasiyanın istiqaməti (profili) Agentlik tərəfindən təsdiq edilir.

5.7. Ərizəçinin akademik tanınma üçün müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiyanın təlim nəticələri arasında əhəmiyyətli fərq aşkar olunmadıqda və bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan tələblər ödənildikdə, ərizəçinin kvalifikasiyası tam tanınır və tanınma şəhadətnaməsində ərizəçiyə növbəti təhsil pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququ verilir.

5.8. Ərizəçinin tanınma üçün müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda, qismən, şərti və alternativ tanınma barədə qərar qəbul oluna bilər.

5.9. Xaricdə natamam ali təhsil alanlar təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün ilkin olaraq kvalifikasiyalarının qismən tanınması üçün müraciət etməlidirlər. Ərizəçinin kvalifikasiyası qismən tanındıqda, o, Azərbaycan Respublikasının ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət etmək hüququnu əldə edir.

5.10. AKTTS üzrə ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üçün müəyyən edilmiş minimal kredit sayından az toplayan ərizəçinin kvalifikasiyası şərti tanınır və həmin ərizəçiyə ixtisaslarına uyğun Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində mühazirələrdə (praktik məşğələlərdə) iştirak etməklə əhəmiyyətli fərqi aradan qaldırmaq hüququ verilir. Ərizəçi kvalifikasiyanın tanınmayan hissəsi üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində qiymətləndirmədə (sınaq imtahanında iştirak etməklə və ya eksternat qaydada imtahan verməklə) müvəffəqiyyət əldə etdikdən sonra əvvəlki müraciətinin yenilənməsi barədə müraciət edir və müraciətinə xidmət haqqı ödənilmədən yalnız əvvəl kvalifikasiyanın tanınmayan hissəsinin sonrakı mərhələdə əldə edilməsi üçün müvafiq sənədləri əlavə edir və onun kvalifikasiyası akademik tanınır.

5.11. Xarici dövlətin ali təhsilə aid kvalifikasiyası Azərbaycan Respublikasında mövcud olmadıqda, kvalifikasiyanın xarici dövlətdə aid olduğu təhsil pilləsindən (səviyyəsindən) daha aşağı pillə (səviyyə) üzrə və ya eyni pillə (səviyyə) üzrə, lakin fərqli kvalifikasiyaya uyğun olaraq alternativ tanınması həyata keçirilir və ərizəçiyə təhsilini növbəti pillədə (səviyyədə) davam etdirmək hüququ verilir.

6. Peşə tanınması

6.1. Peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir.

6.2. Bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (bundan sonra – DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Sınaq imtahanının məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. Ərizəçinin bu Qaydaların əlavəsində nəzərdə tutulan tibb və səhiyyə ixtisasları üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi tələblərə uyğunluğu isə bu sahədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq qaydaya əsasən müəyyən edilir.

6.3. Bu Qaydaların 6.2-ci bəndinin tələbi aşağıdakı kvalifikasiyalara şamil edilmir:

6.3.1. bu Qaydaların 2.7.1–2.7.4-cü yarımbəndləri üzrə əldə olunmuş kvalifikasiyalar;

6.3.2. “Times Higher Education World University Rankings”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai Ranking)” beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların azı birində ərizəçinin qəbul olunduğu ildə ilk 500 pillədə yer alan təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar.

6.4. Bu Qaydaların 6.3.2-ci yarımbəndində qeyd edilən beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamalara istinadən təhsil müəssisələrinin siyahısı Agentliyin rəsmi internet səhifəsində yerləşdirilir və mütəmadi olaraq yenilənir.

6.5. Bu Qaydaların 4.2-ci bəndinə (4.2.4-cü yarımbənd istisna olmaqla) uyğun olaraq ərizəçinin kvalifikasiyası ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar edilmədikdə və bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulan peşələr üzrə ərizəçi sınaq imtahanlarında müvəffəqiyyət qazanması və kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğunun təmin olunması barədə DİM-in və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq məlumatı əsasında, ərizəçinin kvalifikasiyasının peşə tanınması barədə qərar qəbul edilir.

7. Tanınma şəhadətnaməsi

7.1. Ərizəçinin ali təhsilə aid kvalifikasiyasının tanınmasına dair qərar qəbul edildikdə, tanınma şəhadətnaməsi qərarın qəbul edildiyi tarixdən etibarən 5 (beş) gün müddətində hazırlanır.

7.2. Tanınma şəhadətnaməsi elektron sənəddir və TMİS-də elektron sənəd formasında “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq yaradılır.

7.3. Tanınma şəhadətnamələri barədə məlumat Agentliyin rəsmi internet səhifəsində yerləşdirilir.

7.4. Elektron sənəd formasında təqdim edilmiş tanınma şəhadətnaməsinin həqiqiliyi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanıla bilər.

7.5. TMİS vasitəsilə əldə edilmiş tanınma şəhadətnaməsinin kağız daşıyıcıda olan surətinin təsdiqi “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir.

7.6. Tanınma şəhadətnaməsi Agentliyin İdarə Heyəti sədrinin (və ya sədr müvəqqəti olmadıqda, onun səlahiyyətlərini icra edən şəxsin) elektron imzası ilə təsdiq edilir.

7.7. Agentlik tərəfindən təsdiq edilmiş tanınma şəhadətnaməsi ərizəçi üçün yaradılmış şəxsi kabinetdə yerləşdirilir.

7.8. Tanınma şəhadətnaməsində aşağıdakı məlumatlar əks olunmalıdır:

7.8.1. şəhadətnamənin nömrəsi (sistem tərəfindən verilir);

7.8.2. tanınma üçün müraciət etmiş şəxsin indentifikasiya məlumatları (soyadı, adı, atasının adı və doğum tarixi) və FİN kod;

7.8.3. akademik məlumatlar:

7.8.3.1. təhsil pilləsi;

7.8.3.2. təhsil müəssisəsinin adı;

7.8.3.3. ixtisasın adı;

7.8.3.4. təhsil sənədinin verilmə tarixi;

7.8.4. tanınmanın növü:

7.8.4.1. akademik tanınma (tam, qismən, şərti, alternativ);

7.8.4.2. peşə tanınması;

7.8.5. tanınmanın verdiyi hüquqlar:

7.8.5.1. təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verir;

7.8.5.2. təhsilin növbəti səviyyəsinə qəbul olunmaq hüququ verir;

7.8.5.3. Azərbaycan Respublikasının ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət etmək hüququ verir;

7.8.5.4. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində mühazirələrdə (praktik məşğələlərdə) iştirak etməklə əhəmiyyətli fərqi aradan qaldırmaq hüququ verir;

7.8.5.5. peşə tanınması ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verir;

7.8.6. şəhadətnamənin verildiyi tarix (sistem tərəfindən verilir).

7.9. Tanınma şəhadətnaməsində bütün məlumatlar Azərbaycan dilində yazılır.

8. Yekun müddəalar

8.1. Tanınmanın nəticələrindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilə bilər.

8.2. Tanınmanın nəticələri ilə bağlı şikayətlərə baxılması üçün Nazirlik tərəfindən Apellyasiya Komissiyası yaradılır. Apellyasiya Komissiyasının tərkibini və səlahiyyətlərini Nazirlik müəyyən edir.

8.3. Ərizəçi Apellyasiya Komissiyasına “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə şikayət edə bilər. Müraciətə Apellyasiya Komissiyasında 10 (on) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

8.4. Ərizəçi Apellyasiya Komissiyasının hərəkətlərindən (hərəkətsizliyindən), eləcə də tanınma ilə bağlı qərarlarından inzibati və (və ya) məhkəmə qaydasında şikayət verə bilər.

 

“Xarici dövlətlərin ali təhsilə aid
kvalifikasiyalarının tanınması Qaydaları”na əlavə

Peşə tanınması zamanı sınaq imtahanlarının keçirilməsi tələb olunan ixtisasların

SİYAHISI

Sıra
№-si

 

İxtisasların (proqramların) şifri və adı

1

2

3

1.

050102

Biologiya müəllimliyi

2.

050103

Coğrafiya müəllimliyi

3.

050104

Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)

4.

050105

Fizika müəllimliyi

5.

050107

İbtidai sinif müəllimliyi

6.

050108

İnformatika müəllimliyi

7.

050109

Kimya müəllimliyi

8.

050110

Kimya və biologiya müəllimliyi

9.

050111

Korreksiyaedici təlim

10.

050112

Məktəbəqədər təhsil

11.

050114

Riyaziyyat müəllimliyi

12.

050115

Riyaziyyat və informatika müəllimliyi

13.

050116

Tarix müəllimliyi

14.

050117

Tarix və coğrafiya müəllimliyi

15.

050120

Texnologiya müəllimliyi

16.

050121

Xarici dil müəllimliyi (dillər üzrə)

17.

050206

Hüquqşünaslıq

18.

050601

Aerokosmik mühəndislik

19.

050603

Aviasiya təhlükəsizliyi mühəndisliyi

20.

050605

Dəniz naviqasiyası mühəndisliyi

21.

050606

Ekologiya mühəndisliyi

22.

050613

Hava nəqliyyatının hərəkətinin təşkili

23.

050614

Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi

24.

050617

İnşaat mühəndisliyi

25.

050633

Nəqliyyat tikintisi mühəndisliyi

26.

050635

Qida mühəndisliyi

27.

050639

Uçuş mühəndisliyi

28.

050640

Yanğın təhlükəsizliyi mühəndisliyi

29.

050704

Baytarlıq təbabəti

30.

050802

Əczaçılıq

31.

050803

Fizioterapiya və tibbi reabilitasiya

32.

050808

Tibb bacısı işi

33.

050901

Hərbi tibb

34.

050902

İctimai səhiyyə

35.

050903

Stomatologiya

36.

050904

Tibb

37.

060102

Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)

38.

060103

Xarici dil müəllimliyi (dillər üzrə)

39.

060104

Fizika müəllimliyi

40.

060105

Riyaziyyat müəllimliyi

41.

060107

Texnologiya müəllimliyi

42.

060109

Biologiya müəllimliyi

43.

060110

Kimya müəllimliyi

44.

060111

Tarix müəllimliyi

45.

060112

Coğrafiya müəllimliyi

46.

060113

İnformatika müəllimliyi

47.

060115

İbtidai sinif müəllimliyi

48.

060116

Korreksiyaedici təlim

49.

060117

Məktəbəqədər təlim və tərbiyə

50.

060119

Pedaqogika

51.

060212

Hüquqşünaslıq

52.

060613

Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi

53.

060614

Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi

54.

060615

Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi

55.

060616

Uçuş mühəndisliyi

56.

060617

Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi

57.

060618

Dəniz texnikası və texnologiyası mühəndisliyi

58.

060619

Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi

59.

060620

Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi

60.

060621

Dəmir yolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi

61.

060634

İnşaat mühəndisliyi

62.

060636

Nəqliyyat tikintisi mühəndisliyi

63.

060642

Qida məhsulları mühəndisliyi

64.

060648

Biotibbi texnika mühəndisliyi

65.

060649

Ekologiya mühəndisliyi

66.

060650

Yanğın təhlükəsizliyi mühəndisliyi

67.

060651

Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi

68.

060652

Kosmik texnika və texnologiyalar mühəndisliyi