Digər xəbərlər

"Xarıbülbül" - ZƏFƏRİMİZİN RƏMZİ

Şuşa şəhərində 1989-cu ilin mayında keçirilən ilk "Xarıbülbül" festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyinə həsr olunmuşdu. Festivala yerli ifaçılarla yanaşı, Qırğızıstan, Qazaxıstan, Litva və Belarusdan musiqi kollektivləri də qatılmışdı. Konsertlər Cıdır düzü meydanında keçirilmiş, tədbirin ilk günü Qarabağ atları üzərində yarışlar və güləş yarışları ilə də yadda qalmışdı.

1990-cı ildə isə "Xarıbülbül" festivalı beynəlxalq status almışdı. Festivala Hollandiya, Almaniya, İsrail və Türkiyədən folklor qruplarının dəvət olunması ictimaiyyətdə böyük marağa səbəb olmuşdu.

1991-ci ildə keçirilən III "Xarıbülbül" festivalına 25 ölkədən nümayəndələr qatılmışdı. ABŞ və Avstraliyadan rəssamlar da festivalda iştirak etmişdi. Tamaşaçıların çoxluğu səbəbindən festivalın əsas konsertləri Ağdam şəhər stadionunda keçirilmişdi.

Dördüncü festival 1992-ci ilin mayında keçirilməli idi. Dünyanın 30-dan çox ölkəsindən qonaqlar dəvət edilmişdi. Həmin ilin 8 mayında Qarabağın baş tacı Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal ediləndən sonra təşkilat komitəsi festivalı ləğv etdi. Xarıbülbülün yurdu Şuşasız artıq bu festivalın önəmi də qalmamışdı.

Şuşa çal-çağırlı günlərinə qayıtmaq üçün uzun illər hərbi-siyasi əsarət altında gözləməli oldu. 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qalsa da, Şuşa öz milli kimliyini, azərbaycanlı ruhunu itirmədi. Ermənilərin Şuşanın mədəni-siyasi aurasını dəyişdirmək, onu erməni şəhəri kimi təqdim etmək cəhdləri heç bir nəticə vermədi. Şuşa öz əzəmətini, möhtəşəmliyini, tarixi simasını qoruya bildi. İşğaldan azad edildikdən sonra qısa müddətdə şəhərin Baş planı hazırlandı, görkəmli şair Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi öz ilkin görkəminə qaytarıldı, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəyovun heykəlinin açılışları oldu. Eləcə də "Xarıbülbül" festivalı da yenidən təşkil olundu. Azərbaycanın mədəniyyət paytaxtı yenə doğmalarını, qonaqlarını qarşıladı.

12 may 2021-ci il tarixində doğma Şuşada Qarabağ şikəstəsi eşidildi. Bununla da illər sonra "Xarıbülbül" festivalına start verildi. Cənab İlham Əliyevin festivalın açılışındakı çıxışı hər kəsə unudulmaz təsir bağışladı. Dövlətimizin başçısının dediyi kimi, bu, ölkəmizin tarixində çox əlamətdar bir gün idi: "Biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. 30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən "Xarıbülbül" musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra "Xarıbülbül" festivalı Şuşada hər il keçiriləcək".

2021-ci il mayın 12-13-də Şuşanın Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən IV festivalın ilk günündə milli rəqs, muğam sənəti təqdim olundu. Azərbaycanın müxtəlif regionlarını təmsil edən folklor kollektivlərinin konsertləri keçirildi, müxtəlif illərdə Şuşada lentə alınmış Azərbaycan xanəndələrinin ifalarından ibarət videoçarxlar nümayiş etdirildi.

Festivalın birinci günü Azərbaycanda yaşayan azsaylı xalqların musiqisinə böyük yer verildi. Bu, böyük rəmzi məna daşıyırdı. Çünki Vətən müharibəsində Azərbaycandakı bütün xalqların təmsilçiləri misilsiz fədakarlıqlar göstərmişdilər. Festivalın Azərbaycanda yaşayan bütün xalqları əhatə etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev: "Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır", - deyə vurğulamışdı.

Festivalın ikinci günündə Azərbaycan bəstəkarlarının klassik musiqi əsərləri təqdim olundu. Qala-konsertdə Xalq artistləri Rauf Abdullayev, Yalçın Adıgözəlov, Əməkdar artist Fuad İbrahimov və Murtuza Bülbülün dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış etdilər.

Konsertdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik" fikirlərini və Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" sözlərini əks etdirən videoçarx təqdim edildi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsindən sonra ilk dəfə keçirilən "Xarıbülbül" musiqi festivalı incəsənət xadimlərinin "Azərbaycan" mahnısının birgə ifası ilə yekunlaşdı. Konsert bitəndən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalda iştirak edən incəsənət xadimləri ilə görüşdülər. Cıdır düzündə hamı birlikdə "Qarabağ Azərbaycandır!" söylədi.

2022-ci ilin 12-15 may tarixlərində isə Şuşada "Xarıbülbül" V Beynəlxalq Musiqi Festivalı baş tutdu. Üç gün ərzində festivalın səhnəsində təkcə Azərbaycanın deyil, həmçinin dəvət olunmuş ölkələrin ən yaxşı musiqi kollektivləri çıxış etdilər. Festival Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışı ilə başa çatdı. Konsert bitdikdən sonra festivalın bütün iştirakçıları, eləcə də tamaşaçılar Cıdır düzündə Azərbaycanın məşhur "Yallı" rəqsini ifa etdilər. Bu da vaxtilə Şuşada yallı sədaları altında rəqs edən Paşinyan və yandaşlarına ciddi mənəvi zərbə oldu.

Bir neçə gün öncə, mayın 9-da isə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində VI "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı başladı. Builki festival isə xüsusilə əhəmiyyətli oldu. Belə ki, VI "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak etdilər. Üç gün davam edən festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan respublikaları, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu, Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə və Türkmənistan respublikaları təmsil olundu. Buna səbəb isə Şuşa şəhərinin 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsidir.

Digər tərəfdən, builki festival ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etdiyindən burada Gül Festivalı da təşkil edildi. Festivalda maraqlı gül çeşidləri təqdim olundu. O cümlədən festival çərçivəsində Mehmandarovların malikanə kompleksində Ulu Öndər Heydər Əliyevə həsr olunan "Ümummilli Lider Heydər Əliyev - sevimli mahnılar" adlı konsert proqramı oldu. Konsertdə Ümummilli Lider Heydər Əliyevin sevdiyi "Alagöz", "Qaragilə", "Qərənfil", "Küçələrə su səpmişəm", "Haradasan", "Gözəlim sənsən", "Tut ağacı", "Sənə də qalmaz", "Şuşanın dağları", "Sevgili canan", "Dünya sənin, dünya mənim", "Azərbaycan" və digər mahnılar səsləndirildi.

Beynəlxalq statuslu "Xarıbülbül" festivalının hər ötən il miqyasının artması, dünyanın dörd bir yanına genişlənməsi isə ona işarə edir ki, bundan sonra doğma diyarımızda bayram bayrama qarışacaq. Qədim odlar yurdunun növrağı hələ qabaqdadır.

Jalə QASIMZADƏ,

"Respublika".