Tikintilərin qanuni əsaslarla aparılmasına nəzarət gücləndirilir
Digər xəbərlər

Tikintilərin qanuni əsaslarla aparılmasına nəzarət gücləndirilir

Son illər ölkədə tikintilərin planlı, qanunauyğun şəkildə aparılmasına nəzarət gücləndirilib. Buna uyğun olaraq Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərlik etdiyi "Tikintiyə icazələrin verilməsi" üzrə işçi qrupunun onlayn iclası baş tutub.

İclasda işçi qrupun 2022-ci il üzrə fəaliyyət planına əsasən "Bir pəncərə" e-sisteminin funksionallığının təkmilləşdirilməsi, tikintiyə və istismara icazələrin verilməsi sahəsində xidmətlərin rəqəmsallaşdırılması, qeyd olunan sahələr və eləcə də tikintidə keyfiyyətə nəzarətlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, aparılan islahatlara dair kommunikasiya əlaqələrinin qurulması və məlumatlandırma işinin təşkilinə dair cari ilin yanvar-iyul ayları ərzində aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilmiş işlər müzakirə edilib. Onlayn görüş çərçivəsində həmçinin, tikinti və istismara icazə prosesi üzrə müraciətlərin icra vəziyyəti barədə ətraflı məlumat verilib, buna dair statistik məlumatları və təhlilləri əks etdirən təqdimatlar nümayiş etdirilib.

İclasda xidmətlərin rəqəmsallaşdırılmasının vacibliyi qeyd edilərək "e-tikinti.gov.az" portalının yaradılmasına, tikinti və istismar üçün icazələrin və məlumatlandırma icraatı üzrə razılaşmaların yalnız elektron sistem vasitəsilə verilməsi tələbinin qanunvericilikdə təsbit edilməsinə, müraciət və icazələrin ümumi sayında "Bir pəncərə" e-sisteminin xüsusi çəkisinin artırılmasına diqqət yetirilib.

Sistem üzərindən edilən ödənişlərin Hökumət Ödəniş Portalı vasitəsilə icrasının təmin edilməsinə, vətəndaşlara təqdim edilmiş elektron ünvan arayışları ilə bağlı məlumatların, habelə Daşınmaz əmlakın kadastrı və reyestrini aparan qurumun sözügedən e-sistemə inteqrasiyasına dair görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Nəriman CAVADOV,

"Respublika".