Xankəndimizdən dünyaya mesaj
Siyasət

Xankəndimizdən dünyaya mesaj

Gələcək nəsillər bu qələbələrlə əbədi fəxr edəcəklər

Azərbaycan Prezidenti ötən illər ərzində dəfələrlə bildirmişdi: "Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir".

18 aprel 2018-ci il Lələtəpəyə sancılan bayraq qələbəyə gedən yolun başlanğıcı olan Aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqla ordunun birliyinin, vətənpərvərliyin göstəricisi kimi düşdü. Aprel qələbəsi bir daha sübut etdi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Əks-hücum əməliyyatı aparan hissələrimiz mühüm mövqelərə sahib oldu. Lələtəpə kimi yüksəklik alındı. Nəticədə 1994-cü ildə düşməndən azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində Azərbaycan bayrağı dalğalandı. Hər kəs bu qalibiyyətin sevincini yaşadı.

2020-ci il Azərbaycan Ordusunun sentyab

rın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. 44 gün ərzində həyata keçirilən sürətli döyüş əməliyyatları ilə Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olunub. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. Noyabrın 10-da hərbi əməliyyatlar dayandırıldıqdan sonra Qarabağ ərazisindəki digər şəhər, qəsəbə və kəndlər üzərində də Azərbaycanın suveren hüquqları tanınmış, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocavənd, Ağdərə, Xocalı şəhərlərində, Əsgəran qəsəbəsində  Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Xankəndi şəhərində Dövlət Bayrağını ucaldan ölkə başçısı xalqa müraciət edib: "Xatırlayıram, o vaxt bəziləri sual verirdi: Nə üçün, nə üçün biz o vaxt - noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdik. Bu gün bax, burada durarkən bir daha bildirmək istəyirəm ki, biz hər şeyi vaxtında etməliyik və etmişik. Azərbaycan xalqının böyük əksəriyyəti o vaxt da - noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacağıq. İstədiyimiz isə bax, burada dalğalanan Azərbaycan Bayrağıdır". Dövlət başçısı bildirib ki, bu, böyük xoşbəxtlik və tarixi hadisədir.

Mustafa KAMAL,

"Respublika".