Xankəndi - şərəf və ləyaqət yolu, bayraq əzəməti
Siyasət

Xankəndi - şərəf və ləyaqət yolu, bayraq əzəməti

Çox sınaqlardan keçdik, qoca tarix xalqımızı çox hadisələrlə qarşılaşdırdı, başımız çox ağrılar, müsibətlər çəkdi, kirpiyimizlə od götürdük, ürəklərimizi şam edib enişli-yoxuşlu, duman-çən basmış yolumuza çıraq tutduq. Yolu azmağa haqqımız çatmırdı, keçmiş məcburi köçkünləri paralanmış, qarsalanmış yurd yerləri gözləyirdi. Otuz il boyu gördüyümüz yuxular çin olub, Vətən bütövləşib. Həm də şərəfli tarixin şahidi olduq, rəşadətli və qalib Azərbaycan ordusu üç il bundan əvvəl və bu il sentyabrın 19-da xalqımızın yaralı qəlbinə məlhəm qoydu, yadelliləri torpaqlarımızdan qovdu, sərhədlərimizi, ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdi, üçrəngli bayrağımızı işğaldan azad edilən torpaqlara sancdı.

Bu bizim qəhrəman ordudur, onun haqqında danışanda köksümüz qabarır, hər birimiz fəxr və qürur hissi keçiririk, şanlı qələbəni bizə yaşadanlara indiki və gələcək nəsillər minnətdardır. Fəxr edirik ki, dünyanın 50 ən güclü ordularından biri də qürur duyduğumuz şanlı Silahlı Qüvvələrimizdir. Bu müzəffər, mükəmməl, peşəkar ordu tufan, qasırğa, fırtına kimi işğalçıların başı üzərində ildırım kimi çaxdı, şimşək kimi parladı, dizi və biləyi qatlanmadı, düşmənin başını əzdi, qaçan qaçdı, qalanları isə acı aqibət, qandallar yaxaladı. Sözün əsl mənasında qədim yurd yerimiz olan Xankəndi son otuz il ərzində daşnak hayların, separatçıların, terrorçuların, dünyanın müxtəlif yerlərindən gətirilmiş cinayətkarların, çörəyi dizinin üstündə olan, xəyanətkar ermənilərin bayquş yuvasına çevrilmişdi. O yuva dağıdıldı, havası təmizləndi, haramların kökü kəsildi. Azadlığına qovuşan Xankəndinin tarixi ilə bağlı bəzi məqamlara nəzər salaq.

Xankəndi tarixi bilgilərə görə XVIII əsrin axırlarında Qarabağ xanlarının istirahət etmələri üçün salınan yaşayış məskəni olub. Xanlığın paytaxtı, Şuşa şəhərindən 10 kilometr aralıda, dağların ətəyində, meşələrin əhatəsində, dağ çaylarının keçdiyi səfalı ərazidə salınan yurd yeri əvvəlcə Xanın kəndi adlandırılıb. İlk illərdə yeni yaşayış məskənində xan ailəsi və onların yaxınları yaşayıb. Təbiətinə və havasına görə Xankəndi Qarabağın başqa yerlərindən fərqlənir. Məlumat üçün bildirək ki, Xankəndi Qarqar çayının sahilində, Qarabağ dağ silsiləsinin şərq ətəyində, Bakıdan 385 km aralıda yerləşir. Keçmiş sovetlər birliyi dönəmində inzibati bölgüyə görə Xankəndi şəhərinə azərbaycanlıların sıx yaşadıqları Kərkicahan qəsəbəsi də daxil edilib. Taleyinə və tarixinə ağır zərbələr vurulan Xankəndi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olub. Xankəndi şəhəri şimaldan Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, cənubdan Şuşa, şərqdən Xocavənd, qərbdən Laçın, mərkəzdən isə Xocalı və Əsgəran rayonları ilə əhatə olunub. Əzəldən azərbaycanlıların yaşadığı Xankəndiyə ermənilərin ilk köçü 1800-cü ildə gəlib. Həmin dövr Qarabağ xanı İbrahimxəlil Cavanşirin hakimiyyəti dönəminə təsadüf edir. Çar Rusiyası tərəfindən qovulan ermənilərin Qarabağa köçürülməsi davamlı xarakter alıb. Belə ki, 1804, 1850, 1890, 1915 və keçmiş sovet dönəmində 1937 və 1951-ci illərdə yüzlərlə erməni ailəsi Xankəndiyə köçürülüb. Azərbaycanda sovet hökuməti qurulandan sonra 1923-cü il iyul ayının 7-də respublika mərkəzi icraiyyə komitəsinin dekretinə əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb və vilayətin mərkəzi Xankəndi şəhəri olub. İki ay sonra keçmiş vilayət partiya komitəsinin qərarı ilə Xankəndi şəhərinin adı dəyişdirilərək əlləri xalqımızın qanına bulaşmış, daşnak Stepan Şaumyanın adına Stepanakert adlandırılıb. Daha çox azərbaycanlıların və sonradan buraya köçürülən ermənilərin yaşadığı şəhərdə az da olsa rus və digər millətlərin nümayəndələri də yaşayıb. Azərbaycan hökumətinin maliyyəsi hesabına şəhər respublikamızın yeni sənaye və mədəniyyət mərkəzi kimi inkişaf etməyə başlayıb. Xankəndidə tikilmiş müəssisələr vilayətin sənaye məhsulunun yarısından çoxunu istehsal edib və burada bütün Cənubi Qafqazda tanınan ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikləri, süd kombinatı və şərab zavodu fəaliyyət göstərirdi. Elektrotexniki zavodun, mebel fabrikinin, tikinti materialları kombinatının məhsulları isə Azərbaycanın daxili bazarında özünə layiqli yer tuturdu. Xalqımızın ümummilli lideri Heydər Əliyevin birinci hakimiyyəti dövründə burada yeni yaşayış massivləri tikilir, dövlət pedaqoji institutu yaradılır, sənaye müəssisələri işə salınırdı. Azərbaycan hökumətinin bütün diqqət və qayğısına baxmayaraq haylar hiyləgərliklə, əl altından Moskvanın himayəsinə sığınaraq bütün rəhbər vəzifələri ələ keçirirdilər. Kimin ağlına gələrdi ki, "qardaş olub Azərbaycanla Hayastan" nəğmələri oxunan dövrlərdə  vilayətdə işləyən azərbaycanlı kadrlara qarşı mənəvi terror keçirirlər. Onlar ikinci, üçüncü dərəcəli vəzifələrə təyin edilirdilər. Keçmiş sovet dönəmində gizli şəkildə ermənilər irqi, dini ayrı-seçkilik aparır, məktəblərdə, bağçalarda erməni uşaqlarının qulağına pıçıldayırdılar ki, türk sənin düşmənindir. Amma heç nə edə bilmirdilər, çünki qarşılarında azman bir dağ dayanmışdı, hayların əlləri o dağın heç ətəyinə belə çata bilmirdi. Həmin uca dağ - Heydər Əliyev sovet Azərbaycanına rəhbərliyə gələndən sonra Qarabağda millətçi qüvvələr tamamilə kənara çəkildilər. Düz 18 il. 1969-cu ildən 1982-ci ilə qədər bir nəfər erməni cınqırını çıxara bilmədi, xoşagəlməz hala rast gəlinmədi. Keçmiş SSRİ-nin Nazirlər Soveti sədrinin birinci müavini işləyən Heydər Əliyev azərbaycanlılarla düşmən kimi rəftar edən ermənipərəst M.Qorbaçovun təzyiqi ilə vəzifəsindən istefa verməyə məcbur oldu. Heydər Əliyevin hakimiyyətdən uzaqlaşması erməni daşnakların əl-qolunu açdı və 1987-ci ildə Fransada nəşr olunan "Humanite" qəzetində erməni alim Aqanbekyanın dərc edilən məqaləsində Dağlıq Qarabağ Muxtar Viayətinə iqtisadi müstəqillik verilməsi və ermənilərin öz müqəddəratını təyin etməsi ideyaları irəli sürüldü. Üstündən heç iki ay keçməmiş ermənilər Xankəndidə mitinqlərə başladılar, Ermənistana birləşmək tələbi ilə çıxışlar edilirdi. 1988-ci il fevral ayının əvvəlindən Xankəndidə və ətraf ərazilərdə yaşayan azərbaycanlılara qarşı açıq-aşkar təzyiq edir, hətta terror və sui-qəsd, ağır cinayətlər törədirdilər.

Azğınlaşmış ermənilərin şovinist hərəkətlərinin qarşısını almaq üçün respublika Ali Soveti "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında" 26 noyabr 1991-ci il tarixli qərar qəbul etdi və Azərbaycan Respublikasının Qanununa əsasən şəhərin tarixi adı qaytarılaraq Xankəndi adlandırıldı. Xankəndiyə nəzarəti əldə saxlamaq üçün burada respublika təşkilat komitəsi yaradıldı və V.Polyaniçko həmin quruma rəhbər təyin edildi. Bundan əvvəl isə keçmiş sovetlər birliyinin rəhbəri, xalqımızın qatı düşməni Qorbaçov öz emissarı A.Volskini Xankəndiyə nümayəndə göndərmişdi. Volskinin bölgəyə gəlişindən sonra ermənilər daha da fəallaşdılar, silahlı dəstələr demək olar ki, hər gün azərbaycanlıları qətlə yetirir, evləri yandırır, sərnişin avtobuslarını partladır, əhalini gülləbaran edir, bir sözlə, ağır cinayətlər törədirdilər. Ermənistandan və başqa yerlərdən gətirilən silahlı erməni dəstələri Azərbaycana qarşı müharibəyə başladılar. Otuz il əzab çəkdiyimiz erməni işğalı bir milyona yaxın azərbaycanlını keçmiş vilayətdən və ətraf rayonlardan didərgin saldı.

Tarixi həqiqət baş verdi. Keçmiş sovetlər birliyinin Dağlıq Qarabağ Muxtar Vilayətini yaratdığı gün (7 iyul 1923-cü il) həmin ərazilərdə 88 ildən sonra eyni ayın eyni günündə Azərbaycan Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradıldı. Müzəffər Prezidentimiz tarixin və zamanın haqsızlığını aradan qaldırdı. İndi hər iki bölgədə misli görünməyən quruculuq və bərpa işləri aparılır. Oktyabrın 15-də Qalib Ali Baş Komandan Xankəndi şəhərində, Ağdərədə, Əsgəranda, Xocalıda, Xocavənddə Zəfər bayrağımızı ucaltdı və Xankəndinin mərkəzindəki binanın qarşısından çıxış etdi. Liderimizin həmin çıxışı müasir Azərbaycanın şərəfli tarixi kimi dərsliklərə salınmalı, indiki və gələcək nəsillər bu tarixi öyrənməlidirlər. Prezidentimiz bütün dünyaya, ermənipərəst qüvvələrə, bəzi dövlətlərə mənəviyyat, həqiqət dərsi keçdi və bildirdi ki, Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda bu gün burada olmağım, əlbəttə ki, böyük rəmzi məna daşıyır. Onu da bildirməliyəm ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər...

Azərbaycan xalqı 1993-cü ildə öz müdrikliyini bir daha göstərmişdir, Ulu Öndər Heydər Əliyevə dəstək vermişdir, onu prezident vəzifəsinə seçmişdir və o vaxtdan bu günə qədər inkişaf yolu ilə gedir. Son 20 il ərzində isə bu inkişaf daha da sürətlidir və bütün sahələrdə özünü göstərir.

Xankəndi azaddır, əcdadlarımızın ruhu dinclik tapdı, şəhidlərimizin qisası alındı, şər, şeytan yuvası əbədi dağıdıldı. Zənnimizcə, xoşbəxtliyin bundan başqa rəngi yoxdur. Otuz ildən artıq dünyanı öz uydurma və yalanlarına inandırmağa çalışan erməni separatçılarının "mərkəzi qərargahı", "iş otağı" rolunu oynamış "hökumət binası"nda indi Azərbaycan bayrağı dalğalanır. Xocalı cəlladları Robert Köçəryandan, Serj Sarkisyandan, Vitali Balasanyandan tutmuş Bako Saakyana, Arkadi Qukasyana, Arayik Harutyunyana, Ruben Vardanyana və Samvel Şahramanyana qədər separatçı liderlərin toplaşdığı həmin binada Azərbaycana qarşı çıxarılan hökm və qərarların, azərbaycanlılara verilən işgəncə planlarının sayı-hesabı yoxdur. Həmin cinayətkarlar indi bir-bir haqq divanına çəkilirlər, göz yaşı tökürlər, şərəfsizliklə yalan danışırlar. Uydurduqları nağılları, rəvayətləri, mifləri dağıdan əsgərimizin başı üzərində gəzdirdiyi Azərbaycan bayrağı Xankəndidə qürurla dalğalanır. Əlbəttə, bu üçrəngli, ay-ulduzlu bayraq təkcə Ermənistana yox, həm də Qarabağı münaqişə ocağına, müharibə meydanına, nüfuz savaşına çevirən havadarlarına verilən cavabın təntənəsidir! Millət, Dövlət və Ordu olaraq savaşaraq haqqımızı, şərəfimizi ucaltdıq.

Salman ALIOĞLU,

"Respublika".