Xalqın haqq səsini boğmaq üçün qurulmuş xain planlar
Siyasət

Xalqın haqq səsini boğmaq üçün qurulmuş xain planlar

1990-cı il yanvarın 20-si Azərbaycan tarixində faciəli hadisə kimi yadda qaldı. Həmin gün sovet hərbi qüvvələri müstəqillik tərəfdarlarının haqq səsini boğmaq üçün Bakıya qoşun yeritdi. Sovet ordusunun dinc əhaliyə qarşı hərbi güc tətbiq etməsilə, çoxlu sayda insan həyatına son qoyuldu. 131 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər isə qanunsuz həbs edildi. 1990-cı il 20 Yanvar hadisələri Azərbaycanda “Qara Yanvar” adlandırılır və bu gün ümumxalq hüzn günü kimi qeyd olunur. 20 Yanvar hadisələri Sovet İttifaqının dağılmasından sonra 1991-ci il müstəqilliyə gedən yolun başlanğıcı oldu.

Ötən əsrin sonlarında Azərbaycanda bir sıra hadisələr və siyasi dəyişikliklər baş verdi. İlk olaraq, 1980-ci illərin ortalarında Sovet lideri Mixail Qorbaçov yenidənqurma siyasətini irəli sürdü, onun məqsədi sovet sistemində islahatlar aparmaq və şəffaflığı təşviq etmək kimi görünürdü. Güya bununla aşkarlığın və senzuranın yumşaldılmasını istəyirdi. Lakin bu yalnız üzdə dövlət işlərində şəffaflığın və aşkarlığın artırılması siyasəti idi. Əslində Mixail Qorbaçov azadlığın haqq səsini boğmağa çalışırdı, Bakıya ordu yeridilməsi əmri də buna xidmət edirdi. Qorbaçovun siyasəti sovet sistemində uzun müddət davam edən problemləri həll etmək məqsədi daşıyırdı. Əslində, isə sadəcə, göz boyamaq məqsədli atılmış addım idi.

1980-ci illərin sonlarında müttəffiq respublikalarının bir çoxunda, o cümlədən Azərbaycanda müstəqillik çağırışları geniş vüsət almışdı. Digər tərəfdən Qarabağda yaşayan ermənilər və azərbaycanlılar arasında gərginlik yaranmışdı. 1987-ci ilin oktyabr ayında ermənilərin Azərbaycana qarşı torpaq iddialarının həyata keçirilməsinə mane olan Heydər Əliyev, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz edərək tutduğu vəzifələrdən istefa verdi. Heydər Əliyevin SSRİ rəhbərliyindən kənarlaşmasından dərhal sonra Mixail Qorbaçovun əmri ilə Qarabağ avantürasına başlanıldı. 1988-ci il fevralın 20-də Ermənistanın müdaxiləsi ilə DQMV-n Xalq Deputatları Sovetinin iclası keçirildi. Burada, Sovetin tərkibindəki 140 deputatdan 110-u erməni, qalanları isə azərbaycanlılar idi. Azərbaycanlı deputatlar iclasa buraxılmadılar. İclasda “DQMV”-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət edildi. Georgi Şahnazarovun və Aleksandr Yakovlevin müşayiətilə 1988-ci il fevralın 25-də Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçov Silva Kaputikyanı və Zoriy Balayanı qəbul etdi. Onlar M. Qorbaçova saxta xəritələr və tarixi arayışlar təqdim edərək və onu “DQMV”-nin Azərbaycanın tərkibində qalmasının mümkünsüzlüyünə inandırdılar. Milli düşmənçiliyin ilk qurbanları Ermənistanda yaşayan azərbaycanlılar oldu. 1988-ci ilin yanvarında Qafan və Mehridən ilk qaçqınlar Azərbaycana sığındı.

Artan iğtişaşlara və müstəqillik tələblərinə cavab olaraq Sovet hökuməti 1990-cı ilin yanvarında Bakıda fövqəladə vəziyyət elan etdi. Sovet ordusu asayişi bərpa etmək üçün paytaxta yeridildi. Siyasi, etnik və iqtisadi amillərin birləşməsi Sovet İttifaqının dağılmasının daha geniş konteksti ilə yanaşı, Azərbaycanda 20 Yanvar faciəsinin baş verməsi üçün zəmin yaratdı. 1966-cı il “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Aktın birinci bəndinə görə, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və vaxtı haqqında əhaliyə rəsmi xəbərdarlıq edilməli idi. Ancaq yanvarın 20-də saat 00-da fövqəladə vəziyyətin tətbiq edilməsinə rəğmən, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən Türkan-Qala tərəfdən şəhərə yeridildi. Fövqəladə vəziyyət elan edildikdən sonra yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürüldü. 1990-cı il yanvarın 20-də nümayişçilərə qarşı təzyiqlər göstərilməsi xalqımızın azadlıq istəyini daha da gücləndirdi və nəticədə 1991-ci ildə müstəqillik bərpa olundu.

Nurcan SÜLEYMANOVA,

“Respublika”.