Xalq rəssamı Arif Hüseynovun əsərlərinin sərgisi
Sosial həyat

Xalq rəssamı Arif Hüseynovun əsərlərinin sərgisi

Azərbaycanın Xalq Rəssamı, professor, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü Arif Hüseynovun anadan olmasının 80, yaradıcılıq fəaliyətinin 55 illiyinə həsr olunmuş Şamaxı Yaradıcılıq Mərkəzində sərgisi keçirilib.

“Respublika” xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyəti, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycanın klassik nağılları, klassik şairlərin əsərləri və Azərbaycanın aşıq yaradıcılığına həsr olunmuş rəsm əsərləri nümayiş olunub.

Mədəniyyət, təhsil və ictimaiyyət nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, xalq artisti, professor İlham Namiq Kamal, əməkdar incəsənət xadimi, sənətşünas alim Ziyadxan Əliyev, əməkdar jurnalist, ATV kanalının bədii şura sədri Etibar Babayev və “Letterpress” nəşriyyat evinin direktoru Cabir Əsədov yubilyarı təbrik etdilər və ona yaradıcılıq uğurları arzuladılar.

Bölgələrdə yaşayan yaradıcı gənclərin Azərbaycanın tanınmış yaradıcı simaları ilə tanış olması və işlərindən bəhrələnməsi, onların estetik tərbiyəsinə müsbət təsirin artması məqsədi ilə keçirilən bu tədbir şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

M.QULUYEV,

“Respublika”.